Canlı “trio”; məlahətli səs (diksiya), bənzərsiz aktyor, maraqlı rejissor
Çoxşaxəli incəsənətin bu baba-nəvə-nəticə qollarındakı mükəmməlliyi onun adını yüz qırx səkkiz sənət nümunəsinə həkk etdirdi. Yaşından üç dəfə çox! Və... “kontrast”yaratma cəhdi kimi çıxmasın, əgər o, yalnız “uzunömürlü”lüyülə fərqlənənlərdən (yaxud, heç olmasa, “orta ömür” qismətlilərindən) olsaymış, belə bir energetika ilə - öz istək və bacarığından üç-dörd kərə az...
Sənədlərdə görkəmli kino (ilk gəncliyində teatr) aktyoru, istedadlı rejissor, ssenari müəllifi, “film səsləndirən, mətn oxuyan” kimi təqdim edilən, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı Şahmar Zülfüqar oğlu Ələkbərov 1943-cü il avqustun 25-də Gəncədə doğulub. Doqquz yaşında ikən ailəlikcə Bakıya köçüb. Orta məktəbi bitirən Şahmar evdə bildirir ki, sənədlərini Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə verəcək. Amma məlum olduğu kimi...
O, Teatr İnstitutunun Aktyorluq fakültəsini (Rza Təhmasibin kursunda) bitirib. Hələ III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb və ilk dəfə səhnəyə “Lope de Veqa" (Şekspir) tamaşasında çıxıb. Növbəti rolundakı ("Ustalar" tamaşasında) uğur ona səhnə-aktyor imzası qazandırıb və “əsrin fenomeni” kimi tanınan Adil İsgəndərovun “xüsusi diqqət-rəğbət dairəsi”nə düşüb. Sonralar bu əvəzedilməz ustadın “Azərbaycanfilm” kinostudiyası nəzdində yaratdığı "Kino aktyorluğu" studiyasına dəvət alan aktyor həm də rejissor kimi fəaliyyət göstərib.
Ali təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılan Şahmar Ələkbərov burada gələcək həyat yoldaşı Kamilla xanımla tanış... və aşiq olur. Müəlliminin təklifinə müsbət baxmayan Kamilla xanım aktyorla ailə qurmaq fikrində olmadığını açıq şəkildə söyləsə də, ömrü uzunu qəddini şax saxlamış Şahmar bəy düz dörd il bu zərif məxluqun ardınca "sürünməli” olur. Nəhayət, işə Kamilla xanımın nənəsi müdaxilə edir və gözəl bir ailənin bünövrəsi qoyulur.
"Onun mənə ürəyini açıb evlənmək istəyini bildirməsini də qəribə qarşılamışdım... - müsahibələrinin birində Kamilla xanım belə deyir - Ailənin tək (ərköyün!) qızıydım, axı! Ancaq heç atamgil də razı deyildilər aktyorla ailə qurmağıma. Di gəl ki, Şahmar geri çəkilmədi və nəhayət, dörd ildən sonra atamın razılığını aldı və sonralar çox dostlaşdılar. Şahmarın atasının əsli Qarabağdan - Cəbrayıldan idi, mənimsə ana nənəm şuşalı. “Yerlibaz” nənəmin işə qarışmağı məsələni müsbət həll etdi...”
Bu məhəbbət işi düzələndən sonra Şahmarın sənət işi daha da sürətlənir. O, incəsənətin bir çox sahəsində “ən vacib tələbatları ən yüksək səviyyədə ödəyən” sənətkar kimi tanınır. Vaxt-bivaxt teleradio verilişlərinə çağırılır ("Ulduz", “Molla Nəsrəddin” və s. proqramların aparıcısı olur), televiziya tamaşasında yaddaqalan obrazlar yaradır, bir çox filmlərin dublyajında iştirak edir...
Ölüm isə aybaay, ilbəil yaxınlaşmada...
Kamilla xanım sözünə davamda: “Şahmar ömrünün son yeddi ilini səhhətindəki problemlərlə mübarizə apardı. Hər şey "Firəngiz” filminin çəkilişlərindən başladı. Ondan əvvəl stomatoloqda dili zədələnmişdi. Çəkilişlərdə soyuqladığı üçün xoraya çevrildi. Şahmar dözürdü. Çox möhkəm, iradəli adam idi. 92-ci ilin qışında onu Hamburqa apardıq, dedilər ki, təbabət bu işdə gücsüzdü. Bakıya qaytarıb xəstəxanaya yerləşdirdik ki, işin ümidsiz olduğunu hiss etməsin. Mən də, əkiz qızlarımız da gecə-gündüz yanında qaldıq. Onun ölüm proqnozu qızlara o dərəcədə təsir etmişdi ki, hətta mənim sağ qalmağımı da qısqanırdılar. Çünki onlar tək elə atalarını yox, ən yaxın dostlarını itirmişdilər. Amma sonralar mənə dedilər ki, atamızın son yeddi il yaşamasının səbəbkarı sən oldun. Məncə isə, onu yaşadan güclü iradəsi, sənətinə olan sevgisi idi. Bütün o müalicə mərhələlərinə, ağrılara, üzüntülərə ona görə tab gətirirdi ki, hansısa bir yaradıcılıq işini tamamlaya bilsin...”
Və bu da 1992-ci illə bərabər, görkəmli sənətkarımızın da sonu...
Fiziki “son”dan sonra -
Sənət ölməzliyi...
"Dağlarda döyüş" filmindən başlayıb onun kinoaktyorluq karyerası. Kinorejissor Kamil Rüstəmbəyov sərhəd qoşunlarında xidmət edən sıravi əsgər obrazı üçün cəmlədiyi səkkiz aktyor içərisindən məhz 24 yaşlı Şahmarı bəyənmişdi. İlk rol, ilk sınaq və... son çətinlik! Bu maraqlı sərhədçi obrazı Ş.Ələkbərovun geniş yaradıcı-məkan sərhədlərini də manşırladı və sonralar onun maraqlı rejissor işi kimi ortaya qoyacağı "Qəzəlxan" filminə qədər miqyaslandı.
Daha sonra "Mən ki gözəl deyildim" filminin qəhrəmanı - sadə, səmimi gənc Məzahir. Aktyorun bənzərsiz impovizələri bu “adi” sürücünün ssenari və rejissura “büt”ünə biri-birindən diri, gözəl ştrixlər əlavə edib. Ümumiyyətlə, o, 20 illik yaradıcılığı dövründə başqa rejissorlarla müqayisədə çox az (cəmisi iki filmdə) işlədiyi Tofiq Tağızadə ilə, öz sözlərilə desək, “çox xoşbəxt aktyor” olub. Şahmar Ələkbərovun sənət tərcümeyi-halı, bütövlükdə, Azərbaycan kinosunun ayrıca bir canlı salnamə səhifəsidir. Bu salnamədəki (fenomenal kinodialoq hesab ediləsi) Qəzənfər-Qəqəni epizodunu ("Yeddi oğul istərəm"), yaxud, "Axırıncı aşırım" filmindəki İman obrazını unutmaq qeyri-mümkün. Bəs biri-birindən maraqlı, yaxşı mənada fərqli Oğul ("İntizar"), Arif ("Həyat bizi sınayır"), Rizvan ("Qızıl qaz"), oğlanlardan biri ("Bizim küçənin oğlanları"), Azad ("Bakıda küləklər əsir"), Qatır Məmməd ("Gəncəbasarlı qisasçı"), Feyzi ("Firəngiz"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək"), Nuru ("Qəribə adam"), Tahir ("Gözlə məni"), Xaliq ("Qocalar, qocalar..."), Cümşüd ("Avqust gələndə"), İbiş ("Atları yəhərləyin")...
...Çoxdamış ki, Şahmar Ələkbərov kinoda rejissor kimi də söz demək istəyirmiş. Bir olayı isə nəqli yox, şühidi təqdim edim. Bunu özü deyirdi.
“...Bir dəfə Adil İsgəndərovun qəbuluna “qoltuğumda” bir ssenari ilə girdim. Dedim, Ədil müəllim, bəs, film çəkmək istəyirəm. Ustad bir az o yan-bu yana baxındı və... nə cavab versə yaxşıdır: "Qadam, sənin nə gözəl kostyumun var" - dedi. Sonra yaxınlaşıb əlini kostyumun parçasına sürtərək, "Gözəl materialı var. Gəlsənə, bundan birini də mənə tikdirək?.."
Osaatca bildim ki, məsələ nə yerdədi və o gediş bir müddət rejissorluq barədə düşünmədim...”
Lakin sərbəst film çəkmək arzusu onu rahat buraxmayıb. Bir az da xəstəliyindən yana, aktyorluq imkanlarının düşməsi səbəbindən. Həm də axı, bu işin hər detalı ona yaxşı tanış idi; kamera, operator işi, dekorasiya... Aktyorluğun da ki, bütün cikinə-bikinə bələd! Amma xislətindəki məsuliyyət təşviş də yaradırmış.
Nəysə və beləliklə, ilk dəfə Gülbəniz Əzimzadə ilə birgə "İmtahan" filmini çəkir. Ssenari - rejissorluğa da yaxşı bələd olan Anarın (özünün "Şəhərin yay günləri" povesti əsasında), müştərəki də ki, müasir zövqlü Gülbəniz xanım. “Bu duallıqda elə bir rahatlıq vardı ki!” - o günləri belə xatırlayırdı xəstə Şahmar müəllim... Filmin ekranlara çıxması ilə təşvişlərə son qoyulması bir oldu...
Daha sonra, bir çox mübahisə və müzakirələrə (hətta böyük qan qaralığına) səbəb olan “Sahilsiz gecə” və nəhayət, çoxdan bəri qəlbində gəzdirdiyi məlum “Qəzəlxan” filmi. Məşhur qəzəlxan Əliağa Vahidin ekran obrazı. Öz ssenarisi əsasında...
1991-ci ildə film ekranlara çıxdı...
Təəssüf ki, Şahmar Ələkbərov filmin ekran taleyini izləyə bilmədi...
Tahir Abbaslı