Üzeyir Hacıbəylinin ölməz əsəri “Crocus City Hall”un konsert zalında nümayiş etdiriləcək
   
   Moskvalı tamaşaçılar dahi bəstəkar Üzeyir Hacıbəylinin XVI əsr Azərbaycan poeziyasının klassiki Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazdığı “Leyli və Məcnun” operasına baxmaq imkanı qazanacaqlar. Tədbirin təşkilatçısı qismində Azərbaycan Mədəniyyət Studiyası (AzStudia) çıxış edir.
   Studiyadan bildirilib ki, əsərin premyerası oktyabrın 16-da Rusiya paytaxtındakı “Crocus City Hall”un konsert zalında olacaq. Baş rolları Xalq artisti Mənsum İbrahimov və gənc vokalçı Arzu Əliyeva ifa edəcək. 
   Operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, səhnə tərtibatçısı Xalq rəssamı Rafiz İsmayılov, xormeysteri Sevzixan Serderov, baletmeysteri Yuliana Əlikişizadədir.
   Azərbaycanda ilk dəfə 1908-ci ildə səhnəyə qoyulan “Leyli və Məcnun” həmin vaxtdan etibarən opera sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevrilib. Konsertin afişasında Üzeyir Hacıbəylinin ölməz əsəri “Şərq operası” və “Şərqin ən məşhur sevgi hekayəti” kimi təqdim edilir.