“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə sadiq qalaraq Bakı sakinləri və şəhərimizin qonaqları üçün rəngarəng festivallar təşkil edir.
   İdarədən bildirilib ki, sentyabrın 1-dən 3-dək İçərişəhərdə “Unudulmuş yeməklər” adlı növbəti yemək festivalı keçiriləcək. 
   Festivalın keçirilməsində məqsəd şəhərimizin tarixi hissəsində Qurban bayramı ab-havası yaradaraq bayram təntənəsini paytaxtın sakinləri və qonaqları ilə birlikdə qeyd etməkdir.
   Hazırlanmasında və təqdimatında festivala gələnlərin də iştirak edə biləcəyi irimiqyaslı yemək festivalı, eyni zamanda, Azərbaycan mətbəxinə olan marağı artırmaq və milli mətbəxin unudulmuş zənginliklərini nümayiş etdirərək xalqımızın süfrəsinə geri qaytarmaq məqsədi daşıyır.
   Arzu edənlər üç gün müddətində İçərişəhərin tarixi küçələrində milli mətbəximizin unudulmuş ləzzətini dada bilər.