Sentyabrın 16-da Səməd Vurğun adına Rus Dram Teatrı teatr mövsümünü yeni səhnə əsəri ilə açacaq. Kollektiv tamaşaçılara absurd teatrın banilərindən biri, XX əsr teatr avanqardının görkəmli nümayəndəsi, rumın əsilli fransız yazıçısı Ejen İoneskonun 1962-ci ildə qələmə aldığı «Kral ölür» pyesi əsasında hazırlanmış «Mərasim» tamaşasını təqdim edəcək. 
   Əsərin quruluşçu rejissoru Sankt-Peterburqda çalışan soydaşımız Ərşad Ələkbərovdur. Azərbaycan tamaşaçısı onu Akademik Milli Dram Teatrında tamaşaya qoyduğu «Müsyö İbrahim və Quran çiçəyi» əsəri ilə tanıyıb. 
   Tamaşada Xalq artisti Fəxrəddin Manafov, Əməkdar artist Mehriban Zəki, aktyorlar Oleq Əmirbəyov, Həcər Ağayeva, Mariya Dubovitskaya və Natiq Hüseynov çıxış edəcəklər. Kütləvi səhnələrdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri məşğuldur. 
   Tamaşanın musiqi tərtibatı Ərşad Ələkbərovun, bədii həlli isə Əməkdar mədəniyyət işçisi Olqa Abbasovanındır. İşıq üzrə rəssam Nikolay Rudıçovdur.
   
   G.Mirməmməd