Azərbaycanı “Yuğ” teatrı təmsil edir
   
   TÜRKSOY təşkilatının iştirakı ilə 24-28 avqust tarixində Qazaxıstanın Aktau şəhərində “Birinci Xəzər Sahili Ölkələri Beynəlxalq Teatr Festivalı” keçirilir.
   TÜRKSOY və Qazaxıstanın Manqistau Valiliyinin işbirliyi əsasında düzənlənən festivalda Azərbaycanı Dövlət “Yuğ” Teatrı təmsil edir. Tədbirdə həmçinin Noqay Dövlət Dram Teatrı (Dağıstan Respublikası, Rusiya Federasiyası), M.Auezov adına Qazax Dövlət Akademik Teatrı (Almatı, Qazaxıstan), Həştərxan Dövlət Dram Teatrı (RF), “Ayna” teatr qrupu (İran) və N.Janturin adına Manqistau Vilayəti Musiqili Dram Teatrı (Aktau, Qazaxıstan) iştirak edəcək. “Yuğ” teatrı festivalda “Medeya. Sekvensiya 01” tamaşasını göstərəcək.
   Teatrların səhnələşdirdiyi milli və klassik əsərlər professor İsrafil İsrafilov (Azərbaycan), Laşa Çartişvili (Gürcüstan), Talgat Temenov, Azamat Satıbaldı, Esmuhan Obaev və Esenqali Rauşanov (Qazaxıstan) və Erdal Küçükkömürçüdən (Türkiyə) ibarət jüri tərəfindən dəyərləndiriləcək. 
   Xəzəryanı ölkələrin teatrları arasında mədəni əlaqələrin gücləndirilməsi, teatr sənətinin inkişafı, yaradıcı cəhdlərin də dəstəklənməsi və ortaq layihələrə zəmin hazırlayacaq təməlin qurulması məqsədilə təşkil olunan festival Qazaxıstanın tanınmış aktyoru, ssenarist və rejissor Asanali Aşimovun 80 illiyinə həsr edilir. 
   Festival çərçivəsində həmçinin TÜRKSOY-a üzv olan ölkələrin teatr rəhbərlərinin 6-cı toplantısı keçiriləcək. Tədbirə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Xakasiya (RF), Qaqauz Yeri (Moldova) və Şimali Kipr Türk Cümhuriyyəti teatrlarının direktorları qatılacaq. 
   Avqustun 26-da baş tutacaq tədbirdə teatr rəhbərlərinin ötən il Azərbaycanın Şəki şəhərində gerçəkləşən 5-ci toplantısından sonra görülən işlər, TÜRKSOY-a üzv ölkələr arasında teatr sahəsində işbirliyi, ortaya çıxan problemlər və onların həlli yolları, qardaş ölkələr arasında repertuar mübadiləsi və digər mövzular müzakirə ediləcək. 
   
   Mehparə Sultanova
   Ankara