Sinan Kaya: “Sizin çox qabiliyyətli sənətçiləriniz var”
  
   Bu günlərdə Türkiyənin Ərzurum Dövlət Teatrının aktyoru, Ərzurum Gənclik Mərkəzinin nəzdində fəaliyyət göstərən teatrın rejissoru və bu mərkəzin təşkil etdiyi “Ərzurum Beynəlxalq Gənclik Mərkəzi Teatr Festivalı”nın koordinatoru Sinan Kaya Bakıda səfərdə olub. Teatrla yanaşı, kinematoqrafiya sahəsində də çalışan S.Kaya səfərinin məqsədi, Azərbaycan və Türkiyə sənətçilərinin yaradıcı əməkdaşlığı ilə bağlı fikirlərini bizimlə bölüşdü.
  
   - Bakıya ilk dəfədir ki, gəlirəm. Azərbaycana çoxdan səfər etmək istəyirdim, nəhayət, Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltanın dəvəti ilə bu səfər gerçəkləşdi. Buraya gəlməkdə ilk məqsədim Azərbaycanı görmək, mədəniyyəti, incəsənəti və teatrı ilə yaxından tanış olmaqdır. Digər məqsədim Türkiyədə çəkilən teleseriallar üçün Azərbaycandan aktyorlar seçməkdir. Mən özüm də seriallara çəkilirəm, həmçinin bu sahədə çalışan yaxın dostumun kino şirkəti var. Bu şirkətlə iki serial çəkəcəyik. Seriallardan birində iki azərbaycanlı xanım obrazı var. Bu səbəbdən də iki azərbaycanlı aktrisaya ehtiyacımız var. Bununla yanaşı, kastinq agentliyi üçün də dörd gənc aktrisa və iki aktyor lazım idi. Həm kastinqlər üçün, həm də teleserial üçün aktyorlarımızı seçdik. Teleserial üçün seçdiyimiz aktrisaların adlarını hələ çəkə bilmərəm. Çünki onlar Türkiyədə təsdiq olunmalıdırlar. Yalnız onu deyə bilərəm ki, onlar Bakı Uşaq Teatrının aktrisalarıdır. Yaxın günlərdə aktrisalar İstanbula gələcək və orada onlarla görüş olacaq. Hər şey yaxşı getsə, həmin aktrisaların iştirakı ilə avqustda teleserialın çəkilişi başlayacaq. Filmə gəlincə, bu serialın Türkiyədə böyük maraq oyadacağına əminəm. Təxminən Türkiyədə çox məşhur olan «Fatmagülün suçu nə» tərzində bir film olacaq. Bu serialı da “Fatmagülün suçu nə” filminin rejissoru - Hilal Saral çəkəcək. Azərbaycanlı aktrisalar Türkiyəyə gələrək kino dünyasına daxil olmaq istəyən azərbaycanlı qızların obrazlarını canlandıracaqlar. Onların başına bir sıra komik hadisələr də gələcək.
   - Ümumiyyətlə, buraya gələnədək Azərbaycan teatrı, bizim sənətçilər haqqında nə qədər məlumatlı idiniz?
   - İki-üç il əvvələ qədər Azərbaycan teatrı haqqında o qədər də məlumatlı deyildim. Amma teatr sənətçilərinizlə əlaqə qurandan sonra müəyyən məlumatlar əldə etdik. Azərbaycan teatrlarında çox gözəl, dünya şöhrətli dramaturqların tamaşalarının oynanıldığını gördük. Hətta burada universitetdə rejissorluq fakültəsində oxumaq arzum da var. Onu deyə bilərəm ki, sizin aktyorlar çox qabiliyyətlidirlər. Konkret olaraq Bakı Uşaq Teatrının kollektivinin Ərzurumdakı beynəlxalq festivalda çıxışı zamanı bunu bir daha gördük. Teatr aktyorları filmlərə də çəkilməlidirlər. Amma bilirəm ki, Azərbaycanda az film çəkilir. Türkiyədəki imkanlar Azərbaycanda olsa, sizin teatr sənətçiləri daha çox çalışa və tanına bilərlər.
   - Azərbaycan teatrlarında gerçəkləşdirmək istədiyiniz planlar var?
   - Əlbəttə, var. Burada «Maska teatrı” yaratmaq istəyirik. Bu, sözsüz teatrdır. Tuncer Cücenoğlunun «Kadıncıqlar» tamaşasını misal göstərə bilərəm. Orada söz deyil, yalnız hərəkətlər var. Birinin üzünün şəkilində maska hazırlayır, bu maskada onun hərəkətlərini edirsən. Tamaşaçılar özləri başa düşürlər maska kimə aiddir. Bakıda belə bir teatrın yaradılmasında məmnuniyyətlə iştirak etməyə hazıram.
   - “Ərzurum Uluslararası III Gənclik Mərkəzi Teatrı Festivalı” türkdilli ölkələrin teatrları arasında əlaqələrdə necə rol oynayır?
   - Türkiyədə teatrın çox önəmli yeri var. Bizim Ərzurumda da bunu qabarıq şəkildə görmək olar. Festivalın əhəmiyyəti böyükdür. Bu il baş tutan festivalı minlərlə seyrçi izlədi. Bu, festivalda iştirak edən teatrların Türkiyədə daha çox tanınması və öz növbəsində inkişafı deməkdir. Türkiyədə 81 vilayət var və hər birinin Gənclik Mərkəzi, teatr klubları var. Ərzurum Gənclik Mərkəzi isə ilk addımı ataraq, bu festivalı keçirdi. Teatrlar öz məharətlərini göstərdilər, bir-birlərini daha yaxşı tanıdılar. Mən özüm də bu festival sayəsində Azərbaycan teatrı haqqında əlavə məlumat aldım. Növbəti festivalı gələn ilin yanvar və ya fevralında keçirməyi düşünürük. Bilirsiniz ki, Ərzurum yüksək dağlıq ərazidə yerləşir. Türkiyədə qış turizmi məhz Ərzurumda inkişaf edir. Bu baxımdan festivalı da həmin vaxt reallaşdırmaq arzusundayıq. Əgər bu tarixdə baş tutmasa, növbəti festivalı may ayında keçirəcəyik. Onu da qeyd edim ki, gələn il festivalın adını dəyişərək, “Şərqə sərhədi olan türk cümhuriyyətləri Festivalı» adlandırmaq niyyətindəyik. İstəyirik ki, festivala daha çox türk cümhuriyyətlərinin teatrları gəlsin.
   - Ərzurum Dövlət Teatrı Türkiyədə geniş tanınan bir teatrdır. Bu teatrın fəaliyyəti barədə nə deyə bilərsiniz?
   - Teatrımızda sənət mövsümü oktyabr ayında başlayır və doqquz ay davam edir. Həftədə üç gün tamaşa oynanılır. Yəni aktyorlar həftənin üç gününü işləyirlər. Bu cür iş prinsipi aktyorlarımız üçün çox sərfəlidir. Çünki bu teatrda çalışanların əksəriyyəti ayrı-ayrı şəhər və vilayətlərdən gəlirlər və həftənin üç günü tamaşada oynadıqdan sonra evlərinə gedirlər. Ərzurum Türkiyənin ən çox teatr tamaşaçısı olan bölgələrdəndir. Demək olar ki, bütün tamaşaları anşlaqla təqdim edə bilirik. Ərzurumda tək teatr deyil, kinematoqrafiya da inkişaf edib. Ümumiyyətlə, kino sahəsi aktyorlar üçün geniş imkanlar açır. Filmlərdə yer alan sənətçilər qısa vaxt ərzində özlərinə yaxşı güzəran qururlar. Amma bunu əlbəttə ki, teatr işçilərinə aid etmək olmaz. Onların maddi imkanı nisbətən aşağıdır. Ona görə də teatr aktyorları daha çox kino aləminə daxil olmaq istəyirlər.
   Mən Ərzurum Dövlət Teatrının uğurlarından danışarkən Azərbaycan teatrını pərdə arxasında qoymaq istəmirəm. Çünki sizin teatrların da uğurları çoxdur. Bunu qısa vaxt ərzində anladım. Bu uğurları dəstəkləmək lazımdır. Türkiyədə Azərbaycan teatrı ilə həmişə maraqlanırlar. Ötən il bizim festivala Azərbaycandan iki teatr və bir də Mədəniyyət və İncəsənət Universitetinin teatrı qatılmışdı, bu il Bakı Uşaq Teatrı festivalda iştirak etdi. Biz Ərzuruma ilk dəfə Azərbaycan teatrını gətirməklə çox uğurlu iş gördüyümüzü anladıq. Amma Azərbaycandan teatr kollektivləri Türkiyəyə daha çox gəlməlidirlər. Universitet teatrlarını da festivala cəlb etməyə çalışırıq. Ərzurum Atatürk Universiteti ilə dünya universitetləri arasında teatr festivalı təşkil etmək niyyətindəyik. Azərbaycandan da universitetlərin teatr heyətlərinin gəlişini istəyirəm.
   - Ərzurum Gənclik Mərkəzində yaratdığınız teatr dövlət teatrından nə ilə fərqlənir?
   - Gənclik Mərkəzindəki teatrda ildə cəmi iki tamaşa hazırlayırıq. Bu tamaşalarda isə teatr təhsili olmayan, lakin teatrı çox sevən insanlar oynayırlar. Bəzən hətta onları dövlət teatrında çalışanlarla müqayisə də edə bilirsən. Dövlət teatrında çalışmaq üçün mütləq təhsilin olmalıdır. Amma teatr təhsili olmayan və yetərincə aktyorluq qabiliyyətli olanlar çoxdur. Onların bu qabiliyyətlərini mütləq üzə çıxarmaq lazımdır. Belə insanlar teatra çox həvəsli olduqlarından tamaşaları uğurlu keçir.
  
   Gülər Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar