Beşincisi düzənlənən festivala 14 türkdilli ölkə və diyardan nümayəndələr qatılmışdı 
   
   Avqustun 18-dən 20-dək Türkiyənin Bolu şəhərində beşinci dəfə Beynəlxalq Koroğlu festivalı keçirildi. 14 türkdilli ölkə və diyardan nümayəndələrin, bir sıra ölkələrin Ankaradakı diplomatik təmsilçilərinin yer aldığı tədbir Bolu valiliyi və bələdiyyəsinin işbirliyi əsasında gerçəkləşdi. Festivalda Azərbaycanı “Cəngi” qrupu təmsil edirdi. 
   
   Festival Koroğlu heykəlinin qarşısında simvolik tonqalın yandırılması ilə başladı. Tonqalı Bolu valisi Aydın Baruş, Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Metin, Bolu millət vəkili Fehmi Küpçü, Bolu Bələdiyyəsinin başqanı Ələddin Yılmaz və türk kinosunun tanınmış nümayəndəsi Hülya Koçyigit birlikdə yandırdılar. 
   Sonra türk dünyasının müxtəlif ölkələrindən gələn milli geyimli sənətkarlar da daxil olmaqla iştirakçıların yürüşü keçirildi, ardınca çıxışlar oldu. 
   Bələdiyyə başqanı Ələddin Yılmaz bildirdi ki, Koroğlu türk dünyasının böyük qəhrəmanlarındandır: “Dünyada yalnız mədəniyyətlərdən qəhrəman çıxır. Koroğlu bizim, yəni Bolunun, Türkmənistanın, Azərbaycanın, Özbəkistanın, Qırğızıstanın qəhrəmanıdır. Bir sözlə, o Adriatik dənizindən Çin səddinə qədər bütün türk dünyasının qəhrəmanıdır. Koroğlu çox igid insan olması ilə yanaşı əlində sazı, dilində sözü olan bir xalq qəhrəmanıdır. Dünyada belə bir qəhrəman yoxdur və biz bunun qürurunu yaşayırıq”. 
   Bələdiyyə başqanının yardımçısı Əminə Darvacıoğlu isə Koroğlunu yüzlərcə nəsildən bir dəfə çıxan qəhrəman adlandırdı. Bildirdi ki, Koroğlunun sazın müşayiəti ilə söylədiyi şeirlərdə türk dünyasını birləşdirən duyğu seli, qardaşlıq bağları ifadə olunub”. 
   Bolu valisi Aydın Baruş isə bunları vurğuladı: “Tarixdə mədəniyyət qura bilən millətlər insanlığa söyləyəcək sözü olanlar və köklü bir mədəniyyət mirasına sahib millətlər olub. Böyük mədəniyyətləri qurmaq üçün sizi bir arada tutan mədəni və mənəvi dəyərlərinizin fərqində olmanız və bunu gələcək nəsillərə ötürməniz lazımdır. Koroğlu sadəcə Bolunun deyil, bütün türk dünyasının və mədəniyyət coğrafiyamızın ortaq mirasıdır”. 
   Çıxışlardan sonra Hülya Koçyigitin iştirakı və Ömür Gedikin moderatorluğu ilə “Türk kinosunda Koroğlu” mövzusunda mühazirə təşkil edildi. 
   Sonra şəhər meydanında Ankara Yetkinləşmə İnstitutu tərəfindən düzənlənən “Anadolu çiçəkləri” sərgisinə baxış keçirildi. Qeyd edək ki, gün boyu həm də meydanda Bolunun ənənəvi sənət əsərlərinin yarmarkasını təşkil etmişdilər. Bildirildi ki, satışdan əldə edilən gəlir xeyriyyə işlərinə sərf ediləcək. 
   Festival bir sıra maraqlı konsert proqramları ilə davam etdi. Proqram çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin “Mehteran” qrupu konserti, Düzcə Qafqaz Xalq Oyunları və Bursa Böyükşəhər Bələdiyyəsinin “Qılınc, Qalxan” qrupunun ifaları nümayiş etdirildi. Tədbirin ilk günü axşam saatlarında Ömür Gedikin konserti ilə başa çatdı. 
   
   “Türk dünyası” rəsm sərgisi, Koroğlu tamaşası
   
   Tədbirin ikinci günü Bolu Mədəniyyət və Turizm Müdirliyində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un “Türk dünyası” adlı rəsm sərgisinin açılış mərasimi keçirildi. 
   Sərgidə TÜRKSOY-a üzv ölkələrlə yanaşı Balkan ölkələrindən olan sənətkarların da əsərləri sərgilənirdi. Bundan başqa, Azərbaycan, Qırğızıstan və Qana qruplarının ifa etdikləri milli rəqslər tədbirə xüsusi rəng qatdı. 
   Sərginin açılış mərasimində Bolu valisi Aydın Baruş, bələdiyyə başqanının yardımçısı Əminə Darvacıoğlu, Qırğızıstanın TÜRKSOY-dakı təmsilçisi Kocageldi Quliyev və digərləri iştirak edirdi. 
   K.Quliyev TÜRKSOY ilə Bolu və Seben bələdiyyələri arasında davamlı işbirliyi olduğunu dilə gətirdi: “Bu günə qədər bir sıra layihələrə imza atmışıq və bu işbirliyi gələcəkdə də davam edəcək”.
   Zəngin proqramlarla dolu festivalın növbəti tədbiri isə şəhər meydanında nümayiş etdirilən “Koroğlu” tamaşası oldu. Bolu teatrları aktyorlarının ifa etdiyi tamaşa böyük maraqla qarşılandı. 
   Tamaşanın rejissoru Erdal Atik bildirdi ki, Koroğlu bölgənin böyük bir xalq qəhrəmanı, eyni zamanda da bir ozandır: “Onun həyatını və Bolu bəyi ilə yaşadıqlarını 13 nəfərdən ibarət aktyor qrupumuzla kiçik bir tamaşa ilə olsa da səhnələşdirməyə çalışdıq”. 
   Tədbir axşam saatlarında Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Xalq Rəqsləri Topluluğunun ifası ilə davam etdirildi. Proqramda bir-birindən gözəl xalq rəqsləri ifa olundu. 
   Sonra isə aşıq deyişmələri səhnədə yer aldı. Qopuz ifası, maraqlı əhvalatların söylənməsi ilə müşayiət olunan proqramda Koroğlu deyişmələri ilə yanaşı, həm də aşıq ifaları səsləndi ki, bu da böyük tamaşaçı alqışları ilə qarşılandı. 
   Proqramın ikinci gününün son tədbiri - tanınmış ifaçı Nilgün Kızılçının konserti oldu. Anşlaq yaşanan proqramda fərqli və gözəl ifa dinləyicilərə xoş ovqat bəxş etdi.
   
   Güc və bacarıq nümayişi
   
   Festivalın sonuncu günü, avqustun 20-si Karaçayır Həvəskar Klublarının maraqlı tədbirləri ilə yadda qaldı. Əvvəlcə Ankara Atlı Oxçuluq Klubunun və Altay Oxçuluq Klubunun üzvləri güc və bacarıqlarını nümayiş etdirdilər. 
   Ankara Atlı Oxçuluq Klubunun rəhbəri İrfan Gürdal başda olmaqla klub üzvləri at üzərində müxtəlif oyun nümunələri göstərdilər. Oxatma, qılıncoynatma və digər yarış növlərinin sərgiləndiyi tədbirdə qadın atlılar da iştirak edirdi. Sonra azyaşlı uşaqların güləş yarışları keçirildi və qaliblər mükafatlandırıldı. 
   Bunun ardınca Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr və Qanadan gələn rəqqaslar öz məharətlərini nümayiş etdirdilər. Milli geyimlərdə bir-birindən maraqlı, rəngarəng rəqslər festivala xüsusi rəng qatdı. Azərbaycanı təmsil edən “Cəngi” rəqs qrupunun festival boyu çıxışları öz peşəkarlığı ilə seçilirdi. Qrupun ifasında “Qaytağı”, “Bayram”, “Naz eləmə”, “İgidlər” kimi milli rəqslər hər dəfə böyük tamaşaçı alqışları ilə qarşılanırdı. 
   Axşam isə Bolu Bələdiyyəsi Uşaq Xorunun ifasında maraqlı ifalar səsləndirildi. Sonra açıq havada şəhər meydanına toplaşan tamaşaçılara Ankara Texniki Yetkinləşmə İnstitutunun moda nümayişi təqdim edildi. Dəfilədə Səlcuq dövləti dönəmindən başlayaraq Osmanlı imperiyasının müxtəlif dövrlərində istifadə edilən qadın geyimləri göstərildi. 
   Gecənin son proqramında məşhur türk müğənnisi Fərhad Köçərin konserti oldu. 
   Zəngin proqramlarla müşayiət olunan “Marka şəhər Bolu 5-ci Koroğlu Festivalı” atəşfəşanlıqla başa çatdı. 
   
   Mehparə Sultanova
   Ankara