“Oskar” aləmində iz qoyan ekran əsərləri
  
   “Oskar” dünya kinosunda ən nüfuzlu mükafatlardan biridir. 1927-ci ildə “Metro Goldwyn Meyer” kino şirkətinin prezidenti Luis Meyerin təşəbbüsü ilə təsis edilən mükafatın ilk təqdimetmə mərasimi Los-Ancelesin “Hollivud Ruzvelt” hotelində baş tutmuşdu.
  
   Həmin il 15 mükafat öz sahibini tapdı. 84 illik tarixi dövründə “Ən yaxşı film” nominasiyasına çoxlu sayda filmlər layiq görülüb. Onlardan bəziləri tez unudulub, bəziləri kimlər üçünsə sadəcə sevimli film kateqoriyasında qalıb, bəziləri isə dünya kino tarixində silinməz iz buraxıb.
   Bəs, görəsən, ən çox “Oskar” alan filmlər hansılardır? Hər il 20-dək nominasiyada (müxtəlif illərdə nominasiyaların sayı müxtəlif olub) təqdim olunan bu mükafat hansı filmin tarixində rekord sayda yer alıb? Həmin filmlərdən bir neçə nominasiya üzrə “Oskar” a layiq görülənləri təqdim edirik. Bu filmlər həm tamaşaçı kütləsi, həm də professional kino mütəxəssislərinin rəğbətini qazanıb. Beləliklə, dünya kinematoqrafına ən çox “Oskar”la daxil olan 10 film:
   1. “Ben Hur” - 11 “Oskar”. Rejissor Uilyam Uaylerin 1959-cu ildə çəkdiyi tarixi filmdir. Film “Metro Goldwyn Meyer” müflis olmaqdan xilas etməli idi. 15 milyon dollara başa gələn film 70 milyon dollar gəlir gətirərək şirkətin ümidlərini tam doğrultdu.
   2. “Titanik” (Titanic) - 11 “Oskar”. Rejissor Ceyms Kameronun 1997-ci ildə çəkdiyi və 1912-ci ildə “Titanik” adlı gəminin batmasından bəhs edən filmdir. Film bu günədək ümumilikdə 87 mükafat qazanıb.
   3. “Üzüklər hökmdarı: Kralın qayıdışı” (The Lord of the Rings: The Return of the King) - məşhur trilogiyada sonuncu filmdir. Rejissor Piter Ceksonun filmi 2004-cü il “Oskar” nominasiyasında 11 dəfə fərqlənərək kino tarixinə düşüb. Həmçinin dünya kinosunda fantastika janrında “İlin ən yaxşı filmi” nominasiyasında qalib olmuş yeganə ekran əsəridir.
   4. “Küləklə sovrulanlar” (Gone With the Wind) - 10 “Oskar” (1939). Dünya kinosunda ilk rəngli filmlərdən biridir. Marqaret Mitçelin eyniadlı əsəri əsasında rejissor Viktor Fleminq tərəfindən çəkilən, məşhur ingilis aktrisası Vivyen Li və Klark Qeyblin mükəmməl ifası ilə yaddaqalan filmdir.
   5. “Vestsayd əfsanəsi” (West Side Story) - 10 “Oskar” (1962). Məşhur Brodvey müziklinin kino variantı rejissorlar Cerom Robbinson və Robert Uayz tərəfindən 1961-ci ildə çəkilib. Bu günə qədər də film ən yaxşı kinomüzikllərdən biri sayılır.
   6. “Jiji” (Gigi) - 9 “Oskar”. Bu musiqili film 1958-ci ildə rejissor Vinsent Minnelli (Layza Minnellinin atası) tərəfindən çəkilib. Filmdə gənc qızın nənə və xalası onu şəkər zavodunun zəngin varisinin məşuqəsi etmək istəyirlər.
   7. “Sonuncu imperator” (The Last Emperor) - 9 “Oskar”. 1987-ci ildə məşhur rejissor Bernardo Bertoluççi tərəfindən çəkilmiş tarixi-bioqrafik film Çinin sonuncu imperatoru Pu İnin həyatından bəhs edir.
   8. “İngilis pasiyent” ( The English Patient) - 9 “Oskar”. Maykl Ondatjenin eyniadlı əsəri əsasında 1996-cı ildə rejissor Entoni Minqella tərəfindən çəkilib. 1997-ci ildə “Oskar” mükafatında 12 nominasiya üzrə iştirak edib və 9-nu qazanıb.
   9. “Xarabalıq milyonçusu” (Slumdog millionaire) - 8 “Oskar” (2009). Rejissorlar Denni Boyl və Lavlin Tandan tərəfindən çəkilib. Kasıb bir hindli oğlanın “Milyonçu” oyununda necə qalib gəlməsindən bəhs edən dramdır.
   10. “Kabare” (Cabaret) - 8 “Oskar”. 1972-ci ildə rejissor Bob Fossa tərəfindən çəkilmiş film onluqda sonuncu yeri tutur. Film brodvey müziklinin kinoversiyasıdır. Hadisələr Hitler hakimiyyətə gəlməmişdən öncə, 1931-ci ildə Almaniyada cərəyan edir.
   Qeyd edək ki, dünya kino sənətində ən arzuolunan mükafat olan “Oskar” Amerika Kino Akademiyasının 6000-dən artıq üzvünün səsverməsi yolu ilə müəyyənləşir. Ümid edirik, günlərin birində mərasim keçirilən səhnədən “Azərbaycan” kəlməsi də səslənəcək...  

   Hazırladı: Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar