Azərbaycan
   
   24 avqust 1896 - Sənətşünas alim Məhəmməd Ağaoğlu (1896-1949) İrəvan şəhərində anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Muzeyinin yaradılmasında (1919) iştirak edib. 1920-ci ildə Türkiyəyə, oradan Amerikaya gedib. Detroytda "İslam incəsənəti qalereyası"nda çalışıb, Miçiqan Universitetində dərs deyib, "İslam incəsənəti" jurnalının redaktoru olub. "Səfəvi xalçaları və parçaları", "İslam incəsənəti haqqında qeydlər" və s. kitabların müəllifidir.
   24 avqust 1926 - Bəstəkar Nazim Ağalar oğlu Əliverdibəyov (1926-1985) anadan olub. Üzeyir Hacıbəylinin "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirib. “Gilas ağacı”, “Çarvadarların izi ilə”, “Vulkana doğru” və s. filmlərə musiqi yazıb. 
    
   25 avqust 1915 - Əməkdar memar Tahir Abdulla oğlu Abdullayev (1915-2004) anadan olub.
   25 avqust 1926 - Xalq rəssamı Xalidə Ələkbər qızı Səfərova (1926 - 23.12.2005) Gəncədə anadan olub. Yaradıcılığında natürmort, mənzərə, xalq nağıllarına illüstrasiyalar geniş yer tutur: "Dağ çayı", "Aşıq Qərib", "Çövkən oyunu", "Payız bağında" və s. 
   25 avqust 1931 - Nasir, ictimai xadim, Əməkdar mədəniyyət işçisi Əjdər Rza oğlu Xanbabayev (1931 - 30.5.1990) anadan olub.
   25 avqust 1935 - Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) Ağdaş rayonunun Kotanarx kəndində doğulub. "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər", "Oddan keçənlər" və s. poemaların müəllifidir. Şeirlərinə populyar mahnılar ("Anacan, dostum evlənir", "Gəl, ey səhər", "Payız gəldi" və s.) bəstələnib. 
   25 avqust 1942 - Şair, publisist Davud Məcid oğlu Nəsib Qazax rayonunda (1942 - 26.3.2003) anadan olub. Kitabları: “Məhəbbət yolları”, “Ürək sözsüz danışır”, “Bizdən sonra yaşayanlar”, “Karvan gedir” və s. 
   25 avqust 1943 - Görkəmli aktyor, Xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərov (1943-1992) Gəncədə anadan olub. Əslən Cəbrayıl rayonundandır. “Dağlarda döyüş” (Fərrux), “Yeddi oğul istərəm” (Qəzənfər), “Axırıncı aşırım” (İman), “Qatır Məmməd” (Qatır Məmməd), “Arxadan vurulan zərbə” (Gündüz Kərimli), “Babək” (Cavidan) və s. filmlərdə unudulmaz obrazlar yaradıb. Rejissor kimi “İmtahan” (1987, Gülbəniz Əzimzadə ilə birlikdə), “Sahilsiz gecə” (1989), “Qəzəlxan” (1991) filmlərini çəkib. Filmlərin səsləndirilməsində iştirak edib.
   25 avqust 1945 - Əməkdar artist, Azərbaycan Dövlət mükafatı laureatı Vəfa Nüsrət qızı Fətullayeva (1945 - 21.5.1987) anadan olub. 1970-ci ildən Akademik Dram Teatrında çalışıb. Teatrla yanaşı, televiziya tamaşalarında ("Göz həkimi", "Alov", "Atayevlər ailəsi") yaddaqalan obrazlar yaradıb. “Firəngiz” filmində (1975) baş rolda çəkilib.
   25 avqust 1960 - Əməkdar artist Abbas Əhməd oğlu Qəhrəmanov İrəvan şəhərində doğulub. Dövlət Gənclər Teatrında, Akademik Milli Dram Teatrında, televiziya tamaşalarında çoxsaylı obrazlar yaradıb. “Arxada qalmış gələcək”, “Cavad xan”, “Günaydın, mələyim!” və s. filmlərdə çəkilib.
    
   26 avqust 1921 - Azərbaycan SSR Xalq Komissarları Soveti Dövlət Konservatoriyasının təşkili haqqında dekret verib.
   26 avqust 1892 - İctimai-siyasi xadim, jurnalist, publisist Seyid Cəfər Pişəvəri (1892 - 12.6.1947) Cənubi Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində anadan olub. 1945-1946-cı illərdə İranda azərbaycanlıların milli hərəkatına başçılıq edib, Cənubi Azərbaycan Milli Hökumətinin baş naziri olub. Milli hərəkatın süqutundan sonra sovet Azərbaycanına mühacirət edib və burada müəmmalı avtomobil qəzasında dünyasını dəyişib.
   26 avqust 1949 - Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyx-ül-islam Hacı Allahşükür Paşazadə Lənkəran rayonunun Cil kəndində anadan olub. Buxara və Daşkənddə dini təhsil alıb. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib. “Qafqazda İslam”, “Quranın təfsiri və tərcüməsi tarixi” və s. kitabların müəllifidir.
   
   27 avqust 1921 - Yazıçı-dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 1921 - 18.1.1983) Xızıda doğulub. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Kölgələr pıçıldaşır” pyeslərinin, “Bahar oğlu”, “Məşəl” və s. kitabların müəllifidir. “Kirpi” jurnalının baş redaktoru olub.
   27 avqust 1929 - Tanınmış aktyor, rejissor, Əməkdar mədəniyyət işçisi Məmmədkamal Allahqulu oğlu Kazımov (1929 - 13.12.2005) Bakıda anadan olub. Akademik Milli Dram, Sumqayıt, Ağdam teatrlarında çalışıb. Çəkildiyi filmlər: “Yol əhvalatı”, “Qətl günü”, “Güllələnmə təxirə salınır!..” və s.
   27 avqust 1937 - Ədəbiyyatşünas alim, professor, yazıçı, tərcüməçi Qəzənfər Məhəmməd oğlu Paşayev Tovuz rayonunun Düzqırıqlı kəndində anadan olub. İraq türklərinin folklorunu tədqiq edib. “İraq-türkman folkloru”, “Altı il Dəclə-Fərat sahillərində”, “Kərkük folklorunun janrları”, “Dilimiz varlığımızdır” və s. kitabların müəllifidir. 
   27 avqust 1942 - Ərəbşünas alim, AMEA-nın həqiqi üzvü Vasim Məmmədəli oğlu Məmmədəliyev Bakıda anadan olub. BDU-nun professorudur. “Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biridir. “Ərəb dilçiliyi”, ”Kufə qrammatika məktəbi”, “Quran və elm” və s. monoqrafiyaların, dərsliklərin, tərcümə kitablarının müəllifidir. 
   27 avqust 1942 - Tarixçi-publisist Şəmistan Əmiraslan oğlu Nəzirli Ermənistan SSR Noyemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olub. Azərbaycanın hərb tarixinə, tanınmış azərbaycanlı generalların həyatına dair kitabların müəllifidir.
   27 avqust 1998 - Kinorejissor, Xalq artisti Tofiq Tağızadə (7.2.1919 - 1998) vəfat edib. Filmləri: “Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost”, “Arşın mal alan” (1965), “Dədə Qorqud”, “Yeddi oğul istərəm”, “Mən ki gözəl deyildim”, “Babamızın babasının babası”, “Bağ mövsümü”, “O dünyadan salam” və s.
   
   28 avqust 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi, ölkənin bütün məktəblərində türk (Azərbaycan) dilinin icbari qaydada tədris olunması barədə qərar qəbul edib. 
   28 avqust 1935 - Yazıçı Əlibala Qüdrət oğlu Hacızadə (1935 - 9.10.2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Unutmaq olmur”, “Möcüzə” və s. əsərləri geniş oxucu rəğbəti qazanıb.
   28 avqust 1940 - Yazıçı-publisist Ağəddin Mansur oğlu Mansurzadə (1940-2008) anadan olub.
   28 avqust 1948 - Musiqişünas, sənətşünaslıq doktoru, professor Elxan Əlisəttar oğlu Babayev (1948 - 2.2.2003) anadan olub.
   28 avqust 1953 - Kinorejissor və ssenarist, Xalq artisti Vaqif Behbud oğlu Mustafayev anadan olub. Filmləri: “Bəyin oğurlanması” (Ceyhun Mirzəyevlə birgə), “Yaramaz”, “Hər şey yaxşılığa doğru” və s. Böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlərin müəllifidir. Avropa Kino və Televiziya Akademiyasının üzvüdür.
   28 avqust 1965 - AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Ərtegin Əbdülvahab oğlu Salamzadə anadan olub. Monoqrafiyaların, ali məktəblər üçün dərsliklərin müəllifidir. 2010-cu ildən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktorudur.
   
   Dünya
    
   24 avqust 1899 - Argentina yazıçısı və şairi Xorxe Luis Borxes (Jorge Luis Borges; 1899-1986) anadan olub. Əsərləri: “Alef”, “Yaradan”, “Uydurmalar” və s.
   24 avqust 1903 - İngilis rəssamı və dizayneri Qrehem Vivian Sazerlend (Graham Vivian Sutherland, 1903-1980) anadan olub.
   24 avqust 1947 - Braziliya yazıçısı və şairi Paulo Koelyo (Paulo Coelho) anadan olub. "Kimyagər" romanı ilə məşhurlaşıb. "Zəvvarlıq" və ya "Kahinin gündəliyi", "Valkiriya", "Beşinci dağ", "İblis və senyorita Prim", "On bir dəqiqə", "Qalib tək qalır" və s. romanların müəllifidir.
    
   25 avqust 1724 - İngilis rəssamı Corc Stabbs (George Stubbs, 1724-1806) anadan olub.
   25 avqust 1891 - İtalyan yazıçısı, rəssam və bəstəkar Alberto Savinyo (Alberto Savinio - Andrea Di Chirico, 1891-1952) anadan olub. Sürrealizmə meyl edib, “Niobeyanın ölümü”, “Kapitan Uliss” dramlarının müəllifidir.
   25 avqust 1900 - Alman filosofu Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche; 15.10. 1844 - 1900) vəfat edib. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və şərdən o yana”, “Bütlərin qürubu”, “Antixrist”, “Hakimiyyət iradəsi” və s.
   25 avqust 1918 - Amerika bəstəkarı və dirijoru Leonard Bernstayn (1918-1990) anadan olub.
   25 avqust 1930 - Gürcü rejissoru, SSRİ Xalq artisti Georgi Daneliya anadan olub. Filmləri: “Mən Moskvada addımlayıram”, “Afonya”, “Mimino”, «Payız marafonu», “Kin-dza-dza!” və s.
   25 avqust 1930 - Şotland əsilli Amerika aktyoru Şon Konneri (Thomas Sean Connery) anadan olub. 1962-1971-ci illərdə Yan Fleminqin əsərləri əsasında lentə alınan Ceyms Bond haqqında 6 filmdə baş rola çəkilib. "Toxunulmazlar" (1988) filmində roluna görə “Oskar” mükafatına layiq görülüb.
   25 avqust 1938 - İngilis yazıçısı Frederik Forsayt (Frederick Forsyth) anadan olub. Əsərləri: “Çaqqal günü”, “Müharibə köpəkləri” və s.
   
   26 avqust 1880 - İtalyan-polyak əsilli Fransa şairi Qiyom Apolliner (Guillaume Apollinaire - Wilhelm Albert Vladimir Apollinaris de Waz-Kostrowitcki; 1880-1918) anadan olub. Əsərləri: “Həyatı məhəbbətə həsr etmək”, “Mirabo körpüsü” və s.
   26 avqust 1913 - Rus yazıçısı Aleksandr Çakovski (1913-1994) anadan olub. “Blokada”, “Qələbə” və s. romanların müəllifidir.
   26 avqust 1914 - Argentina yazıçısı və şairi Xulio Kortasar (Julio Florencio Cortazar; 1914-1984) anadan olub. Əsərləri: "Uduş", "Sonuncu raund", "Manuelin kitabı" və s.
   
   27 avqust 1770 - Alman filosofu Georq Vilhelm Fridrix Hegel (Georg Wilhelm Friedrich Hegel; 1770 - 14.11.1831) anadan olub. Əsərləri: “Ruhun fenomenologiyası”, “Məntiq elmi”, “Tarixin fəlsəfəsi” və s.
   27 avqust 1856 - Klassik Ukrayna ədəbiyyatının banilərindən biri, yazıçı, şair İvan Franko (1856-1916) anadan olub. Əsərləri: “Kəsişən cığırlar”, “Cəmiyyətin dirəkləri” (roman), “Oğurlanmış xoşbəxtlik”, “Zirvələrdən və düzənlərdən“ (şeirlər toplusu). 
   27 avqust 1871 - Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 1871 - 28.12.1945) anadan olub. Əsərləri: “Kerri bacı”, “Cenni Gerhardt”, “Arzular trilogiyası”, “Amerika faciəsi”, “Dahi” və s.
   27 avqust 1896 - Rus aktrisası, SSRİ Xalq artisti Faina Ranevskaya (Feldman; 1896-1984) anadan olub. Bir müddət (1925-1927, 1929-1931) Bakı İşçi Teatrında çalışıb. 
   27 avqust 1899 - İngilis yazıçısı Sesil Forester (Cecil Scott Forester - Smith; 1899-1966) anadan olub. Əsərləri: “Xoşbəxt qayıdış”, “Ödəniş təxirə salınıb”, “Amerika kraliçası”.
   
   28 avqust 1749 - Görkəmli alman şairi, yazıçı-dramaturq Yohann Volfqanq Höte (Johann Wolfgang von Goethe; 1749 - 22.3.1832) anadan olub. Əsərləri: “Faust” mənzum tragediyası, “Vilhelm Meysterin təhsil illəri", "Gənc Verterin iztirabları" romanları, “İfigeniya”, “Torkvato Tasso” dramları və s.
   28 avqust 1867 - İtaliya bəstəkarı Umberto Cordano (Umberto Menotti Maria Giordano; 1867-1948) anadan olub. Operaları: “Andre Şenye”, “Fedora”, “Sibir”, “Madam Sen-Jen” və s.
   28 avqust 1925 - Yəhudi əsilli Rusiya yazıçısı Arkadi Natanoviç Struqaski (1925-1991) anadan olub. Qardaşı Boris Struqaski (1933-2012) ilə birgə yazdıqları fantastik əsərlərlə tanınıb: “Bikini külü”, “Tünd-qırmızı buludlar ölkəsi”, “Günorta, XXII əsr”, “Əsrin yırtıcı əşyaları” və s.
   
   Hazırladı: Vüqar Orxan