Avqustun 26-da Azərbaycan Xalça Muzeyinin Uşaq muzeyi şöbəsinin təşəbbüsü ilə “Ailə günü” adlı tədbir keçirilib. “Açıq qapı” günü çərçivəsində təşkil olunan tədbirin keçirilməsində məqsəd valideynlərlə uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası ölkəmizin mədəniyyət və incəsənətini tanıtmaqdır.
Tədbirin proqramında müxtəlif yaş qrupları nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığının, dekorativ-tətbiqi sənətinin inkişafı və tarixi ilə yaxından tanış olublar. Onlar muzeydə təşkil olunan ustad dərslərinə qatılıb, öz yaradıcı bacarıqlarından istifadə edərək incəsənət nümunələri hazırlayıblar.
“Ailə günü” iştirakçıları üçün müxtəlif növ müsabiqələr, oyunlar, əyləncələr və ustad dərsləri təşkil olunub.
Tədbir iştirakçılarının tanınmış memar Elçin Əliyevlə görüşü keçirilib. Görüşdən sonra “Azərbaycan memarlığı” rəsm müsabiqəsi təşkil olunub və ən yaxşı rəssamlar mükafatlandırılıb.
Qeyd edək ki, Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə xalça sənətimiz UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınıb.
Tətbiqi sənətin unikal nümunələrinin toplandığı Azərbaycan Xalça Muzeyi ayrı-ayrı dövrlərdə müxtəlif ünvanlarda yerləşib. Ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncama əsasən, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və UNESCO-nun birgə layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda Azərbaycan Xalça Muzeyi üçün yeni bina inşa edilib və 2014-cü ildə burada muzey işinin ən müasir tələblərinə cavab verən ekspozisiya qurulub. Avstriyalı memar Frans Yantsın layihəsi əsasında orijinal üslubda inşa olunan bina açılan xalçanı xatırladır. 2014-cü il avqustun 26-da Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi keçirilib.