Beynəlxalq Təhsil üzrə Amerika Şurası “Əkses Təhsil” MMC-nin tərəfdaşlığı ilə İsmayıllıda yeniyetmələr üçün düşərgə açıb. 
   “Çinar” istirahət mərkəzində “Qızlar düşərgəsi-1918” adı ilə açılan düşərgədə ilk təlimlərə ölkənin müxtəlif bölgələrindən 14-16 yaşlı 42 yeniyetmə qız cəlb olunub. 
   Təlimlər yerli mütəxəssislər tərəfindən aparılacaq. Layihənin reallaşdırılmasında məqsəd yeniyetmə və gənclərə həyat bacarıqlarını öyrətməklə yanaşı, onları gələcək karyera qurmağa və ölkənin sosial-iqtisadi inkişafına töhfələr verməyə hazırlamaqdır. Bundan əlavə, layihədə gənclərin informasiya texnologiyaları və sahibkarlıq sahəsində bacarıqlarını artırmaq, maliyyə vəsaiti əldə etmək yollarını öyrətmək, “startap”lar yaratmaq, bizneslərin idarə edilməsi və marketinq fəaliyyəti göstərmək bacarıqlarını aşılamaq nəzərdə tutulur.
   Düşərgədə istirahət edən qızlar İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon Heydər Əliyev Mərkəzində, Heydər Əliyev adına Mədəniyyət mərkəzində, MKS-nin Uşaq şöbəsində olublar. Onlara mədəniyyət müəssisələri və buradakı özfəaliyyət dərnəkləri haqqında geniş məlumat verilib. Tədbirdə gənc qızların liderlik, təhsil, vətənpərvərlik və s. sahələrlə bağlı çoxsaylı sualları cavablandırılıb.
   Qeyd edək ki, düşərgəyə “Qızlar düşərgəsi-1918” adı Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk dəfə qadınlara seçib-seçilmək hüququ tanıması şərəfinə verilib.
   
   Fariz Hüseynov