Yay aylarında Qax rayonuna istirahətə gələnlər şəhərin mərkəzində, Heydər parkının ərazisində yerləşən Rəsm qalereyasına baş çəkməyi də unutmurlar. Qalereyada Azərbaycanın tanınmış rəssamlarının, həmçinin yerli rəsm həvəskarlarının əsərləri nümayiş etdirilir.
Qalereyanın direktoru Səbinə Əfəndiyevanın bildirdiyinə görə, bu ilin ötən dövrü ərzində sənət ocağını 3 minə yaxın incəsənət həvəskarı ziyarət edib. Ekspozisiya ilə tanış olanların arasında yerli turistlər daha çoxdur. Eyni zamanda Türkiyə, Rusiya, İtaliya və ərəb ölkələrindən gələn turistlər də Azərbaycan rəssamlarının əsərlərinə böyük həvəslə baxıblar.
Hazırda qalereyanın fondunda 210 mindən çox eksponat mövcuddur. Ekspozisiya salonunda Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Fərhad Xəlilov, Xalidə Səfərova və Azərbaycanın digər tanınmış rəssamlarının 62 rəngkarlıq və qrafika əsəri nümayiş etdirilir. Burada vaxtaşırı yerli rəssamların əl işlərindən ibarət sərgilər təşkil olunur, yaradıcılıq müsabiqələri keçirilir.