Qax rayon MKS-nin Ağçay kənd kitabxanasının təşkil etdiyi yay məktəbinin iştirakçıları Qax şəhərindəki Heydər Əliyev Mərkəzində olublar.
Mərkəzin direktoru Nərminə Omarova iştirakçılara mərkəz haqqında geniş məlumat verib. Qeyd edib ki, foyedə ümummilli liderin möhtəşəm abidəsi və məlumat-informasiya köşkü var. Ümumi sahəsi 670 kvadratmetr olan əsas zal dörd hissəyə bölünüb. Lakin hərəkət edən arakəsmələr zalı bütöv şəklə salaraq 600 nəfərin iştirakı ilə konfrans keçirməyə imkan verir. Zalın yan divarları səkkizguşəli ornamentli şüşələrlə örtülüb, xüsusi ekranlar və tablolarla ulu öndərin həyat və fəaliyyətini əks etdirən fraqmentlərlə işıqlandırılıb.
Mərkəzdə xoreoqrafiya, milli və bal rəqsləri, sənət dərnəkləri fəaliyyət göstərir. Burada, həmçinin ingilis və rus dillərini öyrənmək üçün şərait yaradılıb. İnternet-kafe, elektron kitabxana, virtual otaqlar insanların istifadəsindədir. Gün ərzində davam edən ekskursiya məktəblilərdə xoş ovqat yaradıb.