Ölkəmizdə teatr mövsümü hələ başlamamış artıq teatrlarımızın beynəlxalq səhnələrdə uğurlu çıxışlarından xəbər tutmaqdayıq. Avqustun əvvəlində Akademik Milli Dram Teatrının «İuda» monotamaşası Bolqarıstanın Varna şəhərində keçirilən ənənəvi beynəlxalq teatr festivalında müvəffəqiyyətlə oynanıldıqdan sonra lap bu günlərdə digər bir teatrımız növbəti beynəlxalq teatr festivalında milli teatrımızı uğurla təmsil etdi.
Belə ki, avqustun 24-dən 28-dək TÜRKSOY təşkilatının və Qazaxıstan Respublikasının Mangistau valiliyinin birgə təşkilatçılığı ilə keçirilmiş «I Xəzər Sahili Ölkələrinin Beynəlxalq Teatr Festivalı»nda ölkəmizi Azərbaycan Dövlət «Yuğ» Teatrı təmsil edib. Teatrın kollektivi festivalda 2015-2016-cı teatr mövsümünün sonuncu premyerası və son illərin ən uğurlu tamaşalarından birini - «Medeya. Sekvensiya 001» tamaşasını göstərib. Populyar rus yazıçı-dramaturqu Vladimir Klimenkonun (Klim) iki aktrisa üçün yazdığı pyesə gənc rejissor Mikayıl Mikayılov quruluş verib. Tamaşada əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edirlər. İllərlə çalışdığı teatrda çox sevdiyi rollara həsrət qalaraq yaşlaşan aktrisanın artıq ona rəqib olan nisbətən gənc həmkarı ilə dialoqları üzərində qurulmuş fəlsəfi yükü ağır bu əsər teatrın repertuarında möhkəm yer tutub. Odur ki, «Medeya. Sekvensiya 001» tamaşasının ilk dəfə keçirilən festivalda uğurla qarşılanacağı gözlənilən idi.
Adından göründüyü kimi, festivalda Xəzəryanı dövlətlərin teatrları iştirak ediblər. Rusiya Federasiyasını Dağıstandan gələn Noğay Dövlət Dram Teatrı («Ay tutulan gecə» tamaşası) və Həştərxan Vilayəti Mədəniyyət İdarəsinin teatr truppası («Anna Karenina romanından səhifələr» tamaşa-kompozisiyası), Qazaxıstanı M.Auezov adına Dövlət Akademik Teatrı («Uçqun» əfsanəsi) və festivalın ev sahibi - Aktaunun N.Janturin adına Mangistau Vilayət Musiqili Dram Teatrı («Sunami» esse-tamaşası) və İran İslam Respublikasını Təbriz şəhərindən gəlmiş «Ayna» teatr qrupu («Hardasa məchulluq içində Robinzon və Kruzo» məzhəkəli faciəsi) Xəzər dənizinin sahillərində qərar tutmuş ölkələrin teatr mədəniyyətini təmsil ediblər.
Qeyd edək ki, ötən il Şəkidə keçirilmiş TÜRKSOY Ölkələri Dövlət Teatrları Rəhbərləri Şurasının 5-ci toplantısında məhz Aktau teatrının direktoru Nurniyaz Muxanovun təşəbbüsü ilə yaranan Xəzər Sahili Ölkələrinin Beynəlxalq Teatr Festivalı həm də Qazaxıstanın görkəmli teatr xadimi, aktyor, ssenarist və rejissor Asanali Aşimovun 80 illik yubileyinə həsr edilib. Festival başlamazdan öncə yubilyar festival iştirakçılarına və qonaqlara müraciətində deyib: “İnanıram ki, müqəddəs Mangistau torpağında təməli qoyulan böyük teatr tədbiri Qazaxıstan teatr tarixinin salnaməsinə qızıl hərflərlə yazılacaq. Mangistau vilayətinin əhalisi festival iştirakçılarına hərarətlə qucaq açır - xalq sizinlə, sizin tamaşalarınızla görüşü səbirsizliklə gözləyir. Siz teatr sənətinin çiçəkləndiyi diyara gəlmisiniz. Sizə mangistauluların qonaqpərvərliyindən həzz, öz həmkarlarınızın sənətindən bol təəssürat almağı arzu edirəm”.
Dörd gün ərzində teatrsevərlər və İsrafil İsrafilov (Azərbaycan), Laşa Çxartişvili (Gürcüstan), Talqat Temenov, Azamat Satılbaldı, Yesmuhan Obayev və Yesenqali Rauşanov (hər üçü Qazaxıstan), Erdal Kiçikkömürçüdən (Türkiyə) ibarət münsiflər heyəti altı tamaşanı seyr ediblər. Tamaşalar Aktauda N.Janturin adına Mangistau Vilayət Musiqili Dram Teatrının binasında oynanılıb.
Nəhayət, avqustun 28-də teatr bayramının təntənəli bağlanış mərasimində festivalın mükafatçılarının adları elan edilib. Yeri gəlmişkən, təşkilatçılar standart mükafatlandırma sistemindən uzaqlaşaraq orijinal nominasiyalar müəyyən ediblər. Üstəlik, hər bir iştirakçının çıxışını həmin nominasiyaya uyğunlaşdıra biliblər.
Beləliklə, münsiflər heyətinin qərarı ilə Nurmuxan Janturin adına Mangistau Vilayət Musiqili Dram Teatrı «Xəzər mərcanı» nominasiyasında qalib elan edilib. Bizim Dövlət «Yuğ» Teatrı isə «Xəzər intibahı» mükafatına layiq bilinib. «Xəzərin əksi» mükafatı isə Muxtar Auezov adına Qazaxıstan Dövlət Akademik Teatrına verilib. Təbrizdən gəlmiş «Ayna» teatr qrupu isə «Xəzər incisi» mükafatını İrana aparıb. Həştərxanın teatr truppası «Xəzər parıltısı», Noğay Dövlət Dram Teatrı isə «Xəzər suları» mükafatı ilə Rusiya Federasiyasına qayıdıblar.
Bağlanış mərasimində adı I Xəzər Sahili Ölkələrinin Beynəlxalq Teatr Festivalı ilə qoşa çəkilən 80 yaşlı yubilyar, Qazaxıstanın Xalq artisti Asanali Aşimov iştirakçılara, Mangistau sakinlərinə və tamaşaçılara minnətdarlığını bu sözlərlə bildirib:
- Əbəs yerə Xəzər dənizini dostluq dənizi adlandırmırlar - son günlər bu dənizin birləşdirdiyi xalqların böyük dostluğunun, bizim teatrları birləşdirən böyük yaradıcılığın, festivalın ev sahiblərinin nümayiş etdirdiyi böyük qonaqpərvərliyin təzahürü ilə süsləndi. Əminəm ki, təməli qoyulmuş bu beynəlxalq teatr məclisi bundan sonra da teatrla döyünən ürəklərin qovuşmasına və böyük teatr sənətinin inkişafına xidmət edəcək.
Gülcahan Mirməmməd