Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti, çoxsaylı mükafatların sahibi Elçin Əzizov Moskva teatrının səhnəsində Cüzeppe Verdinin “Traviata” operasında Jorj Jermon partiyasını ifa edəcək. Tamaşa noyabrın 1, 3 və 5-də oynanılacaq.
Oğul Aleksandr Dümanın “Kameliyalı qadın” romanının motivləri əsasında bəstələnmiş operanın librettosunu Françesko Mariya Piyave yazıb. Səhnə əsərinin quruluşçu dirijoru Loran Kampelloni, quruluşçu rejissoru Françeska Zambello, ikinci rejissoru Yuliya Pevzner, quruluşçu rəssamı Piter Con Devison, geyim üzrə rəssamı Tanya MakKallin, işıq üzrə rəssamı Mark MakKallof, baş xormeysteri Valeri Borisov, xoreoqrafı Yekaterina Mironovadır.
Xatırladaq ki, tamaşanın premyerası 2012-ci il oktyabrın 7-də gerçəkləşib.