“Nüfuzlu festivalda iştirak həm təcrübə, həm də əlaqələr yaratmaq üçün gözəl fürsətdir”
   
   İyul ayında gənc rejissor Azər Quliyevin “Pa Pa” qısametrajlı bədii filmi Qazaxıstanın XIII Avrasiya Beynəlxalq Film Festivalının rəsmi müsabiqə proqramında nümayiş olunub.
   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq fakültəsində təhsil alan rejissor festivalla bağlı təəssüratlarını bizimlə bölüşdü. 
   İlk olaraq film haqqında məlumat verən həmsöhbətim bildirdi ki, 14 dəqiqəlik ekran işi gənc oğlanın yaşantılarından bəhs edir. Anası ilə çətin münasibətlər üzündən gənc oğlan yaşadığı evi tərk etmək qərarına gəlir. Uşaqlıqdan atasız böyüyən bu gəncin bir məqsədi var - ata yurduna getmək və atasının ailəsini tərk etməsinin səbəbini öyrənmək. 
   Qrup yoldaşlarının köməyi ilə ərsəyə gətirdiyi filmin festivalda nümayişi gənc rejissor üçün gözlənilməz olub. Belə ki, o, filmin XIII Avrasiya Beynəlxalq Film Festivalının proqramına daxil ediləcəyinə əmin deyilmiş. Çünki “Asiya Oskar”ı hesab olunan kino bayramı 35 nüfuzlu film festivalı siyahısına daxildir və təbii ki, filmlərin bu müsabiqənin proqramına düşməsi o qədər də asanlıqla başa gəlmir. 
   Filminin proqrama salınması, bəyənilməsi müəllif üçün əsl sürpriz olub: “Bu mənim üçün böyük qürur idi. Həm də o səbəbdən ki, azərbaycanlı rejissorlar İlqar Nəcəf və Asif Rüstəmov filmin baxışında iştirak edirdilər. Artıq hamıya məlumdur ki, Azərbaycan istehsalı olan “Nar bağı” filmi həmin festivalda böyük uğur qazanıb, ən layiqli ekran əsərlərindən biri kimi tarix yazıb”. 
   Rejissor deyir ki, ilk uğuru onun üçün ikiqat bayrama çevrilib. Çünki kinorejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi XIII Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Filmdə baş rolun ifaçısı Qurban İsmayılov “Ən yaxşı kişi rolu” mükafatına, ekran əsəri isə “Münsiflər heyətinin xüsusi mükafatı” və Beynəlxalq Kino Tənqidçiləri Federasiyası (FIPRESCI) tərəfindən xüsusi mükafata layiq görülüb: “Əsas müsabiqə proqramında təqdim olunan “Nar bağı” filmi, demək olar ki, hər kəsin diqqətini cəlb etmişdi. Ətrafımda hamı bu filmdən danışırdı. Təbii ki, bir gənc olaraq Azərbaycan kinosunun uğurunu müşahidə etmək, bu uğuru izləmək şansı qazanmaq məni fərəhləndirirdi”. 
   Qeyd edək ki, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo olan “Nar bağı” filminin quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. 
   Ekran əsəri maraqlı ailə dramı üzərində qurulub. Qabil 12 il əvvəl heç kimlə sağollaşmadan tərk etdiyi evinə qayıdır. Lakin onun geridə buraxdığı dərin emosional yara heç vaxt unudula bilməz. Psixoloji dram janrında çəkilən film festivalda iştirak edən beynəlxalq kino mütəxəssisləri tərəfindən də geniş müzakirələrə səbəb olub. Azər deyir ki, bütün bunları seyr etmək, müsbət fikirlər eşitmək o qədər xoş idi ki, öz filminin uğurlu nümayişinin sevincini ayrıca yaşamayıb. 
   Həmsöhbətim onu da qeyd edir ki, nüfuzlu festivalda iştirak təcrübə olmaqla yanaşı, müxtəlif ölkələrdən kino mütəxəssisləri ilə əlaqələr yaratmaq baxımından da gözəl fürsətdir.
   Azərin kino sənətinə marağı uşaq yaşlarından formalaşıb. O, niyə rejissor deyil, kinoşünaslıq fakültəsini seçdiyini belə əsaslandırır: “Kinoşünas kimi kino haqqında daha çox məlumat alaram. Təcrübə toplayıb rejissor olaraq bunları tətbiq edə bilərəm”. 
   Onun arzuladığı film isə xəyallarının kinosudur. Nə vaxtsa o bu filmi ilə daha böyük uğurlara imza atacağına inanır. İstənilən film təkcə müəllifi, rejissoru deyil, həm də ölkəni təmsil edir. Buna görə də sanballı filmlərin beynəlxalq arenada tanınması çox vacibdir. 
   Söhbətimizin sonunda müsahibim ona dəstək olduğu üçün müəllimi, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayevə təşəkkürünü bildirdi.
   
   Lalə Azəri