Adı çox “sifət”lərdə hallandırılan Almaniyanın baş dünyəvi şöhrət isimlərindən…
   
   Sözümə bu şair, filosof və ictimai xadimin “ədəbi-ictimai dəyəri” ilə bağlı dünya höteşünaslığının gəldiyi: “İohann Volfqanq Almaniya milli mədəniyyətində son dərəcə xüsusi yer tutur” ümumqənaətilə başlayıb, soydaş tədqiqatçılarından birinin: “İngilislərçün Şekspir, ruslarçün Puşkin kimdirsə, Höte - almanlar üçün odur” fikri ilə davam edib, yaratdığı obrazların cəmi qədər maraqlı bir həyat yaşamış bu şəxsiyyət haqda düşüncələrimi hörmətli oxucularımızla paylaşmaq qərarındayam. 
   Öncə ictimai və şəxsi bir “əks”liyindən:
   Dünya ədəbiyyatşünaslığının qənaətincə, alman ədəbiyyatına ilk və füsunkar modern şeiri gətirmiş Hötenin yaradıcılığı XVIII əsrin sonu - XIX əsrin əvvəlində milli alman mədəniyyətində hakim mövqe tutur.
   Sadə müasirlərinin fikrincə, dahiyanə münasibətlərindən çoxlarının çəkindiyi bu “yekə kişi” hündürlükdən dəhşətli dərəcədə qorxar, bu fobiyasına qalib gəlməkçün hər gün Strasburqdakı Müqəddəs Münster kilsəsinin başına çıxınca təlaşdan “sarısını udar”, yerə düşdükdən sonra isə sevincindən uşaq kimi atılıb-düşərmiş... 
   
   Və...
   
   dünya ədəbiyyatının “ən mükəmməl əsərlər və ən seçkin obrazlar qalereyası” xəyalatına dursaq, gümanımca, “Faust”la Faust ilk onluqda görünərdi. Eləcə də, büsbütün öz həyat-amal kredosunu, daim bəşəriliyə cəzbdə olan fərdi düşüncə, dünyabaxış, aləmidərk kimi tərz-təmrinlərini güzgüləyən bu əsərin müəllifi... 
   Belə bir personanın sevgilərinə (və səksən doqquz rəqəmli ömrünün sonunadək sevilmələrinə!) də təəccüblənməməli... Bu uzun söhbətdə ən qısa bir “məsələn”: “İohann Volfqanqın 71 və 17 düsturu”. “Tərsinə düzlər” də (71 rəqəminin tərsi - 17) adlandırılan bu “düstur” onun həmin yaşda 17 yaşlı bir qıza dəlicəsinə (özü də qarşılıqlı!) vurulması ilə bağlı...
   
   Əsərləri isə “həmişəcavan”...
    
   Ölümündən bir il əvvəl tamamladığı (mənaca “xoşbəxtlik” ehtiva edən) ”Faust”da daim axtardığı xoşbaxtlığa, daxili ehtiras və sevgilərinə nail olmaqçün müxtəlif yollara (hətta şeytanla ortaqlığa) əl atan Faust obrazı ilə bəşəri insan xarakterini və davranışını ədəbi-bədiiliyin ecazkar bir nümunəsində təsvir edən Höte, insanın öz nəfsi yolunda nələr edə biləcəyi “istedad”ını bütün gizlinlərinədək faş edə bilmişdir. İnsan münasibətlərinin, elmin, ən ümumbəşəri “fənn” olan fəlsəfənin bütün sirlərinə yiyələnmiş bu obrazın qarşısında durası yeni bir maneə, konkret desək, heç nə yoxdur. Onunçün hər “bugünkü” dünənki, hər “sabahkı” bugünküdür. Bir bu qalır ki, rastlaşdığı, yaxud, çalışıb əldə etdiyi hər yeni məlumatı xırım-xırdalığınadək, qarşılaşdığı insanları “gözünün içinədək” öyrənsin.
   Müəllif öz dahi qələmilə yaratdığı bu dahiyanə obrazı bütün günü necə ustalıqla darıxdırır! Yaxud, onun düşüncələrini “daha nə etməli”, “bəs sonra”, “o elə, bu belə, bəs, növbəti mətləbə necə nail olmalı” kimi suallar, nidalar, şübhələr, ehtimallar girdabında necə ustadlıqla vurundurur!..
   Bütün bunlara baxmayaraq, bu ədib böyük ədəbiyyatın əzəli-əbədi kredosuna - “humanizm həyatın padşahıdır” həqiqətinə sadiqdir; işlərin qaynar dəmlərində zühur edən (və meydan oxuyub bəhsə girdiyi Tanrıdan Faustun üzərində təcrübə aparmaq icazəsi alan) şeytan Mefisto, istəyi yalnız zövqünü doyurmaqdan, bütün düz-dünyanı gəzib-dolaşmaqdan ibarət olan bu adamı hər gün daha bir cığır sapdırıb yoldan çıxarmağa çalışsa da, Tanrı, Faustun xislətindəki yaxşı ruh səbəbilə, buna imkan verməmək, öz yolundan dönmüş bu bəndənin bir gün doğru yola tapındırmaq əzm-əminliyindədir.
   “Gənc Verterin iztirabları” isə, bu humanist ədibi, hələ dünyanın “iç üzünə” nabələd oxucuya (məni qınamayın), əsl “sadist” kimi də təqdim edir. Mən orta məktəbin son sinfində mütaliə etdiyim bu əsərdən sonra, bizim “Gələcək gün”dəki (M.İbrahimov) Musa kişinin başına gələnləri “toya getməli” hesab etmişəm... 
   Bütün ömrü uzunu gördüyü, duyduğu həyat-yaşam nüanslarını “Dünyanın misli bərabəri olmayan varlığı, yaranışın, təbiətin əsl möcüzəsi anadır. Heç kim, qollarında bir uşaq tutan ana qədər cazibədar və bir neçə uşaq arasındakı bir ana qədər hörmətli deyil”, “Musiqi sevməyənə insan demək olmaz: onu sevən insan ancaq yarımdır; musiqi yaradansa tam insan”, “Hiss və ağıl toqquşumunda birinci (hiss) həmişə qalibdir”, “Dostluq əntiq əşya kimidir - zaman ötdükcə qiyməti üstündədir”, “Dünyada ən gülünc istək - hamının xoşuna gəlmək...” kimi postulatlarla ifadə edib, bəşər oxucusu gözündə göylərə qalxmış bu dahi filosof-ədib “İnsana məhəbbət hissi Nizaminin əsərlərində dahiyanə ifadə olunmuşdur” qənaəti ilə yerə - reallığa da enir...
   
   Bu reallığa qüvvət...
   
   Hötenin ədəbi-bədii aləmində məktublar da, obrazlı desək, “baş qəhrəman”lar mərtəbəsindədir. Onun öz dost-yaxınlarına yazdığı məktubların sayı ömrünün 22-ci ilindən mütaliəyə (və dəlicəsinə sevməyə) başladığı müqəddəs Quranla tanışlıqdan sonra daha da artır və üstəgəl, Hafizin “Divan”ının təsirilə yazdığı “Qərb-Şərq Divanı” adlı silsilə şeirlər! Bu əsər üzərində işləyərkən böyük şərqşünas professorların köməyilə ərəb dilini öyrənən Höte 70 yaşının tamamında yazacaqdı: “Peyğəmbərə Quranın nazil edildiyi gecəni - Qədr gecəsini lazımınca qeyd etmək fikrindəyəm”... 
   Həmin vaxtdan yaranan bu təbəddülat hətta onun müasirlərində “Höte müsəlmanmı?..” şübhəsi oyatmışdı.
   Bu sualların yaranmasına real əsaslar vardı ki, onlardan biri də, Tək Allaha təslimiyyət və ibadətin üstünlüklərini şövqlə bəyan etməkdən doymayan bu məşhur xristianın öz “Qərb-Şərq Divanı” barədə qeyd və oçerklər”ində yazdıqları: “Vahid Allaha inam həmişə insanın ruhunu dirçəldir. Allahın 99 sifətini əhatə edən adlarını zikr etmək məqsədilə “məhəmmədi təsbeh”i çevirməyin özü də ən gözəl dua növlərindəndir. Yaradana məxsus olan sifətlərin eyni an və məqamda yad edilməsi Onun mahiyyətinin dərk olunmamasından xəbər verir. Dua edən şəxs heyran və valeh halda Onun iradəsinə tabe olur və aramlıq tapır...”
   Yaxud onun Reymerə yazdığı məktub: “İnsanlar dərk edə bilmədikləri və xoşbəxtlik anında tam mənası ilə təzahür edən bütün naməlum qüvvələri təsadüf adlandırırlar. Lakin bu, ən xırda şeydə belə öz böyüklüyünü göstərən, gözə görünmədən hər yerdə mövcud olan Allahın əlamətləridir”.
   Onun bu kimi qənaətləri yaxın ətrafındakı xristian düşünərləri “Doğrudanmı, İohann Volfqanq Quranı - ilahi vəhy, Həzrət Məhəmmədi (s.ə.s.) - Allahın peyğəmbəri kimi qəbul edir?” kimi təəssüf-təəssübkeşlik suallarına qərq edirdi...
   Hələ 1813-də bir alman əsgəri onun üçün İspaniyadan Qurani-Kərimin sonuncu surəsi (“Nas”) yazılmış qədim bir ərəb əlyazması gətirəcək və şərqşünas dostlarının köməyilə onun üzünü köçürüb, mənasını anlayan Höte hər yerdə bu hadisəni Allahdan göndərilən ilahi əlamət kimi yozacaqdı...
   1814-də rus ordusundakı müsəlman başqırdların qıldığı “camaat namazı”nı müşahidəsi (Veymardakı protestant gimnaziyasında) ona çox güclü mənəvi təsir göstərəcəkdi...
   1830-da (filosof dostlarından birinə məktubunda) əzizi Kristiananın ölümündən sonra özünü tamamilə bədbəxt hiss etdiyini və bu tənhalığı başqa birisinin məhəbbətilə doldurmaq məqsədilə Marianna adlı qadına evlənmək təklifilə getdiyi karetanın yolda sınmasını qarşıda onu gözləyən daha bəd olaylara doğru inadkarlıq etməmək xəbərdarlığı kimi qəbul edib, evlənmək fikrindən əl götürdüyünü bildirir...
   Bu adam (başqa sözlə, bu qoca) bütün bunları necə çatdırırmış? Bu sualın qaranlığında görünən yeganə işartı kimi deyək ki, Höte sutkada 5-cə saat (dünya “yuxusuzları” arasında yalnız Edissondan 2-cə saat çox) yatarmış. Günün 5-də 4-nü (hətta qida öynələrində belə!) eşidər, danışar, yazarmış...
   Şairliyin dahilik “dadını çıxarmış” bu şair Həzrət Məhəmmədi (s.ə.s.) vəsflərində belə də yazırdı: “O, şair yox, peyğəmbərdir. Onun Quranı - ilahi qanundur, insan tərəfindən əyləncə məqsədilə və ya ümumi maarifi artırmaq üçün yazılmış kitab deyil”, ”Yaradılmış varlıqların başı Məhəmməddir”.
   Və... müasirləri: “Bəs, Volfqanq özü kim?..”
   İki yüz ilə yaxın səslənmiş bu xaotik-dilemmatik şübhə və suallara 1995-ci ildə Veymarda bir qrup tədqiqatçı alimlə onun əsərlərini və məktublarını dərindən öyrənmiş şeyx əl-Murabit “Höte müsəlmandır” fətvası ilə cavab verəcəkdi...
   Qurani-Kərimin latın, alman, ingilis və fransız dillərinə edilmiş tərcümələrinin yetərsiz, bir çox halda naqis olduğunu daim vurğulayıb, həmişə yeni tərcümələr axtaran, ərəbdilli dərslikləri, səyahətnamələri, böyük Şərq klassiklərini, Quran təfsirlərini, Məhəmməd peyğəmbər (s.ə.s.) barədə kitabları oxumaqdan yorulmayan Höte ölüm yatağındaykən belə, əllərilə səmada “Allah” kəlməsini (ətrafındakılar bunu onun öz adındakı “Wolfqanq”ın ilk hərfi - “W” kimi imitasiya etsələr də) çizməklə, məhz Qurandakı Tək Tanrını zikr edirmiş... 
   Dünyanın ən maraqlı əcaib-qəraibliklərini çözənlər isə hələ də bu qələm, düşüncə və... aşiqlik vunderkindi haqda -
   
   Qəribə fikir-zikrlərdə... 
   
   Toronto Universiteti (Kanada) alimlərinin “insan beynini inkişaf etdirmək gücündə olan yazıçılar” araşdırmasında İ.V.Höte başdadır (ilk üçlüyün 2-ci və 3-cüsü ingilis Con Austin və fransız Qustav Flober). Məlumat üçün deyək ki, ruhi-psixoloji aləm zərgəri Dostoyevskinin adı belə olmayan bu siyahıda Lev Tolstoy 6-cı yerdədir. 
   “Dünyada ən çox öyrənilən 100 tarixi şəxsiyyət”i müəyyənləşdirib, xüsusi kataloq tərtib etmiş Amerikanın Konqres Kitabxanasının araşdırma nəticələrində Höte (L.Tolstoydan sonra) ikincidir. Kataloq hazırlanarkən həmin şəxslər haqqında yazılan nüfuzlu monoqrafiyalar əsas götürülüb. 
   Bütün bununla bərabər, həmvətənlərinin 1933-cü ildə “oduna qızındıqları” kitablar arasında onun imzası olan nəşrlərin közü daha “parlaq” imiş (həmin ilin aprelindən oktyabrınadək Almaniyanın 70 şəhərində “düzənlənən” yanğın kompaniyası zamanı ABŞ-a qaçan Remarkın acığını gilyotin edamı ilə bacısından çıxırlar, həmin ədəbi-irfani “qətliamı”n canlı şahidi Erix Kestner isə yazırdı: “Tələbələrlə əhatələnmiş universitetin qabağında dayanıb, alov dillərinin kitablarımızı necə yaladığını seyr edirdim. Küləklər - haqqımızda səslənən təhqiramiz şüarların sədası altında qətl edilən kitablarımızın dəfn küllərini şəhərin üstü ilə səmaya - cənnətə qovuşdururdu”)...
   Bu dəm “o günlər kitabları yandırılan o şəxsiyyətlər Almaniyanın bugününün də qüruru!” nidasına “calaq” bir cavabıbəlli sual: “Bəs o kitabları yandıranlar Almaniyanın nəyi?..”
   
   Tahir Abbaslı