Muzeyin əməkdaşı bununla bağlı İstanbuldakı Hərbi Muzeydə tədqiqatlar aparır
   
   AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisinə hazırlıq işləri davam edir.
   Muzeydən bildiriblər ki, sərgiyə hazırlıqla əlaqədar bu müəssisənin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov İstanbul şəhərindəki Hərbi Muzeydə tədqiqatlar aparır.
   Muzeyin kolleksiyasında Azərbaycanın Ağqoyunlu, Səfəvilər və Şirvanşahlar dövlətlərinə aid nadir eksponatlar qorunur. Şirvanşahlar dövlətinə aid eksponatlar sırasında dövlət başçıları Keyqubad, I Xəlilullah və Fərruh Yasara aid silahlar xüsusi yer tutur. Eyni zamanda dünya muzeylərinin fondlarında Azərbaycana aid qorunan eksponatların müəyyən olunması istiqamətində araşdırmalar davam edir.
   Xatırladaq ki, “Azərbaycan Şirvanşahlar dövləti” sərgisinin açılışı bu ilin payızına planlaşdırılır. Sərgidə dövlətin çoxəsrlik tarixi, iqtisadiyyatı, zəngin mədəniyyəti ilə tanış olmağa imkan verən eksponatlar nümayiş olunacaq.