Azərbaycanda teleserial çəkilişi hansı qaydalarla inkişaf edir?
  
   Sovet teleməkanında ilk teleserial nümayişi 1988-ci ildə “Kölə İzaura” ilə başladı. Mərkəzi telekanalla nümayiş olunan Braziliya teleserialı bütün sovet respublikalarında, o cümlədən Azərbaycanda populyar oldu. Bunun ardınca digər əcnəbi serialların telekanallara axını başladı:
  
   “Varlılar da ağlayır”, “Sadəcə Mariya” və s. Çox keçmədi ki, teleekrana çıxan “İtkin gəlin” (1994) adlı yerli serialımız reytinqinə görə heç də yuxarıda sadalananlardan geri qalmadı. Əlibala Hacızadənin eyniadlı romanı əsasında rejissor Lütfi Məmmədbəylinin çəkdiyi 12 seriyalı ekran əsəri azərbaycanlı tamaşaçı üçün yenilik olmaqla bərabər, doğma idi. Hərçənd onu da etiraf etmək lazımdır ki, bu doğmalıq filmin bədii keyfiyyətlərindən daha çox yazıçı Ə.Hacızadənin Azərbaycanda böyük populyarlıq qazanmış əsərindən irəli gəlirdi.
   90-cı illərin teleserial mənzərəsindən sonra 2000-ci illərdə bir az fərqli məkana, Türkiyəyə üz tutduq. Teleefir Azərbaycan tamaşaçısını Avropa və ya Latın Amerikası ekran qəhrəmanlarından uzaqlaşdırıb daha doğma personajlarla üz-üzə qoydu. Bu gün “Kurtlar vadisi”, “Öyle bir geçer zaman ki”, “Aşk və ceza”, “Fatmagülün suçu ne?” və s. Türkiyə teleserialları evlərimizə növbə ilə qonaq gəlir. Təbii ki, bu ilk olaraq tamaşaçının seçimidir. Çünki yerli teleserialların az və ekran əsəri kimi zəif olması bu seçimi şərtləndirir. Düzdür, son vaxtlar Azərbaycan telekanallarında nümayiş olunan “Bacanaqlar”, “Qızlar”, “Susmuş vicdan”, “Küləklər şəhəri”, “Aramızda qalsın” yerli teleseriallar müəyyən qığılcımın yaranmasından xəbər verir.
   Dinamik inkişaf tələb edən dövrümüzdə tamaşaçının teleseriallara olan münasibətini öyrənmək üçün kiçik bir sorğu keçirdik.
  
   Teleseriala münasibətiniz necədir?
  
   Afaq Həşimova (33 yaş, iqtisadçı): - İşdən yorğun gəlib ev işləri görürəm və seriala baxmaq mənim üçün həm də bir istirahətdir. Türkiyə seriallarına üstünlük verirəm. Ancaq yerli seriallara da hərdən baxıram. İstərdim ki, özümüzün baxımlı, maraqlı dramatik seriallarımız olsun.
   Rəna Axundova (23 yaş, tələbə) - Teleseriala o qədər ciddi yanaşmıram. Adətən boş vaxtı olanlar seriala dəyər verir. Mənim buna vaxtım yoxdur. Amma hər hansı teleserial cəmiyyətə müsbət fikirlər aşılayırsa bunu alqışlayıram.
   Baba Hüseynov (30 yaş, həkim) - Məncə, buna tələbat varsa, deməli lazımlıdır. Özüm xüsusi olaraq izləmirəm, sadəcə pult əlimdə telekanalları çevirəndə marağımı çəkən nəsə olsa, baxıram. Bunun bir aludəçiliyə çevrilməsinə qarşıyam.
   Esmira Məmmədova (27 yaş, reklam mütəxəssisi) - Teleserialın öz yeri var. Ağır iş günündən sonra “art-house” filmə baxmaq mümkün deyil. Beynin həzmi üçün yüngül qida lazımdır. Serial da bu rolu oynayır. Amma daha çox keyfiyyətli, güclü dramaturji bazası olan seriallara üstünlük verirəm. Bu baxımdan yerli teleseriallarımız zəifdir.
   Ülvi Rəhimov (40 yaş, icraçı direktor) - Mən ancaq Rusiya telekanallarında yayımlanan teleseriallara baxıram. Xüsusən komediya janrına üstünlük verirəm. İşim gərgindir. Yorğunluğumu çıxarmağa komediya janrlı seriallar kömək edir. Yerli teleserialları izləmirəm.
   Səadət Allahverdiyeva (50 yaş, evdar qadın) - İzləyirəm. Çox da xoşlayıram. Mən adətən evdə iş görə-görə seriala baxıram. Digər insanların taleləri mənə çox maraqlıdır. Bu hər hansı bədii əsər kimidir. Qəhrəmanların pərəstişkarına çevrilirik. Onlar hər gün evimizə qonaq gəlir. Hətta serial bitəndə təəssüflənirik. Ancaq heyf ki, öz seriallarımız elə də baxımlı deyil.
   Mədinə İbrahimova (75 yaş, təqaüdçü) - Günümün çox hissəsi radio dinləmək və ya televiziya seyr etməklə keçir. Yerli kanallarda nümayiş olunan teleseriallara baxıram. “Həzrəti Yusif”i sevə-sevə izləyirdik. İstərdim ki, bizdə də bu cür tərbiyəvi, maarifləndirici seriallar çəkilsin.
   Kamran Ağabalayev (30 yaş. kinoşünas) - Üstünlüyü Amerika seriallarına verirəm. Güclü dramaturgiyası olmaqla bərabər, xüsusi effektlərlə zəngin seriallar bədii filmlərin çoxseriyalı versiyasıdır. Bunun müəyyən maddi və texniki tərəfləri var. Hər halda bizdə də bu sahədə aşağıdan başlayıb, yuxarıya doğru irəliləməyin zamanı gəlib. 

  Azərbaycanda serial bazarı necə inkişaf edir?
  
   “Küləklər şəhəri” serialının rejissoru Samir Qulamov bu suala belə cavab verdi: “Azərbaycanda serial çəkmək müəyyən çətinliklərlə bağlıdır. “Artist” kinoşirkəti olaraq çəkdiyimiz “Küləklər şəhəri” serialının maliyyələşməsini də özümüz həyata keçiririk. Serialın ssenaristi, operatoru, rejissoru da mənəm. 4 nəfərlik texniki heyətlə çalışmaq asan deyil. Serial kinoda yetişmək, püxtələşmək üçün ideal imkandır. Həmçinin kinomuzda aktyor heyəti formalaşdırmaq, azərbaycanlı obrazını yaratmaqda serial yardımçı ola bilər. Ətrafda peşəkarlar və ya peşəkar mühit olduqda inkişaf asan gedir. Hələlik bu sahə bizdə yeni inkişafa başlayıb. Tamaşaçılarımıza öz teleqəhrəmanlarımızı nümayiş etdirməli, onlara tədricən öz seriallarımızı sevdirməliyik. Mən çıxış yolunu telekanallarda xarici serialların nümayişini məhdudlaşdırmaqda görürəm. O zaman biz məcburən çəkməyə başlayarıq. İlk mərhələdə pis çəkəcəyik, ancaq təbii ki, inkişaf olacaq. Və nəticə bizim xeyrimizə olacaq. Serial çəkilişi telekanal sifarişi əsasında həyata keçirilməlidir. Bizdə isə vəziyyət tam fərqlidir. Çəkdiyimizi təqdim edirik və telekanal da maddi qarşılığı olmadan bunu efirə verir”.
   “Arı” prodakşnın çəkdiyi “Bacanaqlar” serialının rejissoru Ramin Hacıyev əsas problemin maliyyəyə söykəndiyini dedi: “Türkiyə seriallarına olan tamaşaçı marağı inkaredilməzdir. Lakin Türkiyə serialının bir seriyasına verilən pul bizə ödənilsə inanın ki, biz də o səviyyədə serial çəkə bilərik. O halda aktyor seçimi də uğurlu olar, onlara yüksək qonorar ödəyərik və aktyor yaxşı oynamaqda maraqlı olar. Məsələn, “Bacanaqlar” serialını evdə çəkirik. Bizə isə pavilyonda işləmək lazımdır. Texniki məsələlər çox önəmlidir. Peşəkar, göz oxşayan işin peşəkar tələbləri var. Mənim istədiyim odur ki, problemlə üzləşib ondan qaçmayaq. Çəkməyi davam edək. Biz 2005-ci ildə “Qonşular” serialını çəkməyə başlayanda çox istəyirdik ki, bizdə serial olsun və çox sevindirici haldır ki, bu gün az da olsa bizdə seriallar çəkilir”.
  
   Hansı mövzuda seriallar çəkməliyik?
  
   Samir Qulamov: “Küləklər şəhəri” serialı narkomaniyadan bəhs edir. Biz daha çox ibrətamiz məqamları göstərməyə çalışırıq. Bundan başqa, cəmiyyətimizdə qadına münasibəti, gender məsələlərini gündəmə gətirmək lazımdır. Zənnimcə, cəmiyyətdə aktual nədirsə, onu məhz serial vasitəsilə çatdırmaq olar. Çünki serial hər evin gündəlik qonağıdır. Təsir baxımından daha güclü ola bilər”.
   Ramin Hacıyev: “Serial mütləq tamaşaçının zövqünə uyğun çəkilməlidir. Digər ölkələrdə sistem belədir: bəyənilməyən, reytinq gətirməyən serialın istehsalı dərhal dayandırılır. Serialın mövzusu aktual olmalıdır. Müxtəlif janrlı seriallar çəkilməlidir. Bizim prodakşn komediya janrına üstünlük verir və daha çox məişət mövzusunda çəkirik. Ancaq çox istərdim ki, Azərbaycanda müxtəlif janr və mövzulu seriallar çəkilsin. Əsas bu bazara atılmaqdır. Əminəm ki, bizdə də alınacaq”.
  
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar