2 avqust Milli kino günüdür
Bu günlərdə tanımadığım kino həvəskarlarından biri mənə zəng vurub görüşmək istədiyini bildirdi. Görüşdük. O, mənə 1 avqust 2009-cu il tarixli “Exo” qəzetini verib dedi: “Burada A.Hacıyeva soyadlı müəllifin “Azərbaycan kinosunun neçə yaşı var?” adlı məqaləsi dərc olunub. Məqaləni oxuyub çox əsəbiləşdim. Çünki məqalə Azərbaycan kinosunun tarixinə kölgə salır. Xahiş edirəm, mətbuatda bu yazıya öz münasibətinizi bildirəsiniz”.
Doğrusu, məqalənin yazılmasından xeyli vaxtı keçdiyinə görə əvvəlcə əhəmiyyət verməsəm də maraq məni götürdü. Oxudum və gec də olsa cavab yazmağı qərara aldım. Məsələ ondadır ki, kinomuzun gerçək tarixini üzə çıxarıb sübuta yetirəndən və bu tarix (2 avqust 1998-ci il) ümummilli lider Heydər Əliyev tərəfindən sərəncamla Azərbaycan kinosu günü kimi təsdiq olunandan sonra hələ də bəzi qəzet səhifələrində, internet saytlarında bu tarixin üstünə kölgə salmaq istəyənlər tapılır.
Sözügedən qəzetdə də müəllif A.Hacıyeva yazır: “Rəsmi mənbələrin təsdiqinə görə, Azərbaycan kinematoqrafiyasının tarixi “Neft və milyonlar səltənətində” filminin ekrana çıxarıldığı 1916-cı ildən deyil, xeyli əvvəl başlanır. Hərçənd çoxları Azərbaycanda kino epoxasının başlanğıcını bu hadisə ilə hesablamağa adət etmişlər, ilk “hərəkət edən şəkillər” ölkənin ekranlarında artıq 1898-ci ildə görünmüşdür”.
Qəribədir, əgər çoxları köhnə tarixi 1916-cı ildən hesablamağı adət etmişlərsə, biz öz yeni kino tariximizi üzə çıxarmamalıyıq? Sonra müəllif fikrinə davam edərək qəribə müqayisə gətirir: “2008-ci ildə Rusiya rus kinosunun 100 illiyini bayram edəndə, həmin il Azərbaycan öz kinosunun 110 illiyini qeyd etdi. Bu paradoks deyilmi? Cavab sadədir! Dünya kino tarixindən məlumdur ki, bir qayda olaraq, milli kinonun yaranma günü ilk bədii filmin və ya birinci kinofabrikin (kinostudiyanın) yaradılması münasibətilə bayram edilir. Bu baxımdan Rusiya 1908-ci ildə istehsal etdiyi “Alçaldılmış azad qadın” (Stenka Razin) bədii filmi ilə öz hesabını aparır. Bununla əlaqədar, SSRİ Dövlətkinonun variantına görə, Azərbaycan kinosu günü 14 may 1916-cı il tarixindən hesab olunur”.
Əvvəla, dünyada milli kinonun yaranma tarixi nə ilk bədii filmdən, nə də kinofabrikin açılış günündən başlamır. Kino tarixi filmlərin ilk dəfə kütlə qarşısında nümayişi ilə hesablanır. Dünya kinosunu yada salın. 1895-ci il 28 dekabr. Həmin gün Parisdə ilk dəfə ekranda bir neçə kinosüjet, o cümlədən 1 və 2 dəqiqəlik “La Syota vağzalına qatarın gəlməsi”, “Lyumerin fabrikindən fəhlələrin çıxması”, “İslanmış suçu”, “Divarın sökülməsi” və digər sənədli, mənzərə filmləri, komik səhnələr nümayiş etdirilmişdir.
İkinci, 14 may 1916-cı il tarixi “Neft və milyonlar səltənətində” filminin ekranlara çıxarıldığı gündür. Bu günlə bağlı məsələ Moskvada yox, Bakıda həll olunmuş, ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olarkən, onun tərəfindən təsdiqini tapmışdır. Əksinə SSRİ Dövlətkinonun sədri F.Yermaş bu tarixi heç cürə qəbul etmək istəmirdi.
Məqalədə daha sonra oxuyuruq: “1916-cı ildə iki qısametrajlı film çəkilmişdi. Bizim mesenatlardan Tağıyev, Nağıyev, Əsədullayev “Film” adlı ilk kinofabrik yaratdılar. Rejissor və prodüser Svetlovu Bakıya dəvət etdilər. Məhz o, bizim ilk oyun filmini - “Arşın mal alan”ı çəkmişdir. Ona görə ki, bizim kino maarifçi Üzeyir Hacıbəyovdan başlanır”.
Bizim mesenatlar, ümumiyyətlə, “Film” adlı kinofabrik yaratmayıblar. Fransadan gəlmiş Pirone qardaşları Bakıda 1916-cı ildə deyil, 1915-ci ildə “Film” yox, “Filma” Səhmdar Cəmiyyətini təşkil etmiş və burada milyonçuların vəsaiti hesabına iki seriyalı “Neft və milyonlar səltənətində” və “Arvad” bədii, “Yeni tərzdə köhnə əhvalat” qısametrajlı bədii filmlərini istehsal etmişlər. Rejissor B.Svetlovu isə mesenatlar deyil, Pirone qardaşları operator Q. Lemberqlə birgə dəvət etmişlər. “Arşın mal alan” isə 1916-cı ildə çəkilmiş və 1917-ci il yanvarın 3-də “Forum” kinoteatrında ilk dəfə göstərilmişdir. Faktlar göstərir ki, Azərbaycanda çəkilmiş ilk bədii film “Arşın mal alan” deyil, “Neft və milyonlar səltənətində” kino əsəridir. Həm də “Arşın mal alan” çəkiləndə “Neft və milyonlar səltənətində” artıq ekranda nümayiş etdirilirdi. Dahi bəstəkarımız Üzeyir Hacıbəyli ilə xalqımız fəxr edir. Lakin kinomuz onunla başlamır. Əksinə, Üzeyir bəy onun icazəsi olmadan film çəkildiyi üçün, həm də çox primitiv olduğuna görə onu ekrandan çıxartdırmışdı.
Sonra müəllif tamamilə reallıqdan uzaq olan fikirlər irəli sürür: “Üzeyir bəyin təşəbbüsü ilə həmin studiyada Azərbaycan yazıçısı İbrahimxan Musabəyovun “Neft və milyonlar səltənətində” povesti üzrə film yaradılmışdır. Hər iki filmdə dram teatrının aktyoru Hüseynağa Ərəblinski çəkilmişdir...
2006-cı ildə biz çox vacib tarixi-milli kinomuzun 90 illiyini qeyd etmədik. Axı, 1916-cı ildə o, azərbaycanlılara “Yeddinci sənət” kimi sinematoqrafa yol açdı. Bu tarixə əsaslanaraq bizim kinomuz yaxın Şərq ölkələri arasında və bəlkə də müsəlman dünyasında milli kinematoqrafiyanın banisi hesab oluna bilər”.
Musabəyovun adı İbrahimxan deyil, İbrahimbəydir. H.Ərəblinski isə iki yox, yalnız bir filmdə - “Neft və milyonlar səltənətində” kinolentində Lütfəli bəy rolunda çəkilmişdir. Bu onun kinoda ilk və sonuncu işidir.
2006-cı ildə biz milli kinomuzun 90 illiyini necə qeyd edə bilərdik ki, yuxarıda nəyin birinci, nəyin isə ikinci olduğu faktların üzərinə işıq saldıq. Bəlkə hörmətli müəllif Azərbaycan kinosunun yeni tarixini kəşf etmək fikrinə düşüb? Bəlkə də! Amma mənə elə gəlir ki, böyük bəstəkar Ü.Hacıbəylinin bu saxta tarixə ehtiyacı yoxdur.
Qayıdaq yazıya: “Kino fəalları məntiqdən uzaq və başa düşülməyən hansısa bir tarix uydurdular. Onlar kinematoqrafın tarixini yenidən yazmağı və onun fotoqraf Mişondan başlamağını qərara aldılar. Qoy bu kino fəalları cavab versinlər. Hansı haqla Azərbaycan kinosu yapon və ya italyan kinosundan böyükdür? Dünya kinematoqrafiyası qarşısında hansı xüsusiyyətlərinə görə? Azərbaycanın hansısa “əməkdar” alimi XXI əsrin əvvəlində arxivdə “Kaspi” qəzetindən kiçik bir məlumat götürmüşdür. Burada deyilir ki, Bakı teatr-sirkində 1898-ci il avqustun 2-də Mişonun “Bibiheybətdə neft fontanı yanğını illüzion-çarxı nümayiş etdirilib. Vəssəlam! Kino günü hazırdır”.
Təvazökarlıqdan uzaq da olsa, deməliyəm. Mən həqiqətən kino fəalıyam. Bunu bütün kino işçiləri və kütləvi-informasiya vasitələrində çalışanlar təsdiq edə bilərlər. Hörmətli A.Hacıyeva! Elə siz də məni çox yaxşı tanıyırsınız. Amma Azərbaycan kinosunun tarixini alt-üstə çevirib, yaşını ciddi-cəhdlə azaltmağa çalışmağınızın məqsədini başa düşə bilmirəm. Bəli, fotoqraf, operator və naşir A.M.Mişon bakılıdır. O, 30 ildən artıq Azərbaycanda yaşayıb yaradıcılıqla məşğul olub. Onun şəhərin mərkəzində fotoatelyesi yerləşirdi. Maraqlansanız, yerini sizə göstərə bilərəm. Bu fotoatelye həm də kiçik studiyanı xatırladırdı.
1898-ci il avqustun 2-də Mişon, sizin yazdığınız kimi, heç də bir illüzion-çarx yox, Fransada olduğu kimi, bir neçə kinosüjet və komik səhnə nümayiş etdirib. Mənim apardığım axtarışlar nəticəsində məlum olub ki, Aleksandr Mixayloviç hələ iyun ayının 21-də Vasil-Vyatskinin teatr-sirkində özünün eksperiment xarakterli proqramını göstərmişdir. Həmin proqrama “Şəhər bağında xalq gəzintisi”, “Qatarın dəmiryol stansiyasına daxil olması”, “Qafqaz və Merkuri” cəmiyyətinə məxsus “Paroxodun limandan yola düşməsi” və “Bazar küçəsi sübh çağı” xronikal lentləri daxil idi.
Avqustun 2-də A.M.Mişon tamamilə yeni proqram göstərmişdir. Proqrama aşağıdakı kinosüjetlər daxil edilmişdi: 1. “Bibiheybətdə neft fontanı yanğını”. 2. “Əlahəzrət Buxara əmirinin “Velikiy knyaz Aleksey” paraxodunda yolasalma mərasimi”. 3. “Qafqaz rəqsi”. 4. “İlişdin” (bu, Bakı şəhər bağçasında baş vermiş yumoristik əhvalatdır).
Həmin il avqustun 6-da Balaxanıda Benkendorfun klubunda başqa bir proqram nümayiş etdirmişdir. Bu proqramda üç kinosüjet vardı: 1. 1898-ci il iyulun 27-də Bibiheybətdə neft fontanı yanğını; 2. 1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı. 3. Balaxanı - Sabunçu polis idarəsi süvari qorodovoylarının at oynatmaları.
Onu da qeyd edim ki, “Bibiheybətdə neft fontanı yanğını” kinosüjeti dünya kino sənəti salnaməsinin qızıl fonduna daxil edilmişdir. Bu və “Balaxanıda neft fontanı” kinosüjetləri hazırda Azərbaycan Dövlət Film Fondunda qorunub saxlanılır və televiziya kanallarında tez-tez nümayiş etdirilir.
Mənim bütün bu tapıntılarım, sizin yazdığınız kimi, XXI əsrin əvvəllərində deyil, XX əsrin 90-cı illərində üzə çıxarılmış və bunların sübutu üçün xeyli müddət işləməli olmuşam.
Yenə də sizin yazınızdan sitat gətirirəm: “Mişon Azərbaycanda yaşadığı üçün kino tarixi onun adı ilə əlaqələndirilir. Məktəb proqramı tarixindən xatırlatmaq istəyirəm ki, o vaxt biz çar Rusiyasının bir hissəsi idik. Həmin dövrdə D.Mendeleyev burada yaşamış, onun cədvəlinin bir hissəsi Bakıda tərtib olunmuşdur. Hə, nə olsun ki? Bəlkə Azərbaycan Elmlər Akademiyasına Dmitri İvanoviç Mendeleyev adı verilsin?”
Əlbəttə, Azərbaycan kino tarixi onu yaradanın adı ilə bağlı olmalıdır. Buna heç bir şəkk-şübhə ola bilməz. O ki, qaldı Azərbaycan EA-ya Mendeleyevin adının verilməsinə, ölkəmizdə dünya şöhrətli, görkəmli alimlər istənilən qədərdir. Lazım bilinsəydi, onlardan birinin adı verilərdi.
Müəllif yazır: “Uşaq fərziyyəsi Azərbaycan kino tarixi deyil. Milli kinonun yaranması kimi biz eyni zamanda Üzeyir Hacıbəylinin 1916-cı il tarixini müdafiə edirik (görən, müəllif biz deyəndə kimləri nəzərdə tutur? - A.K.). Mən istəyirəm ki, dahi Üzeyir Hacıbəylinin adı Azərbaycan kinosunun yaradıcısı kimi əbədiləşdirilsin. Və ədalət zəfər çalsın!” (Hörmətli müəllif! Azərbaycan kino tarixi bizim istəyimizlə yaradılmır. Tarix faktlara və sübutlara söykənir. Sizin yazdıqlarınız uşaq fərziyyəsindən başqa bir şey deyil - A.K).
Nəhayət, sonuncu sətirlər: “Kino fəalları və kino nəzəriyyəçilərindən hər biri Azərbaycan milli kinematoqrafiyasının yaranması tarixi ilə bağlı öz nöqteyi-nəzərinin iddiasındadır. Ölkəmizin rejissorları, xoşbəxtlikdən bu nəzəriyyədən uzaqdırlar. Onlar gündəlik öz işləri ilə məşğuldurlar. Buna görə müasir Azərbaycan kino tarixi kino korifeylərinin dünənki qələbə və xidmətlərinə görə yazılmır. Azərbaycan kinosunun bugünkü günü yeni adlarla zəngindir...”
Ümummilli lider Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı sərəncamla təsdiq olunmuş “Azərbaycan kinosu günü”nü nə kino fəalları, nə də kino nəzəriyyəçiləri müzakirə etmirlər. Əksinə, respublikamızın bütün kino işçiləri hər il avqustun 2-də milli kino gününü təntənə ilə bayram edirlər. Kinomuzun yeni tarixini görmək istəməyənləri isə barmaqla saymaq olar. Azərbaycan kinosunda çalışan gənclər korifeylərimizlə fəxr edir, onların vaxtilə qazandıqları qələbə və xidmətlərini yüksək qiymətləndirirlər.
Kino bayramı hamımızın bayramıdır. Gəlin, bu bayram günündə dünyasını dəyişmiş sənətkarlarımızı yad edək, bu gün milli kinomuzda çalışanlara uğurlar arzulayaq və deyək: Bayramınız mübarək olsun!
Aydın Kazımzadə,
Əməkdar incəsənət xadimi