Xalça Muzeyində Dağıstanın əl sənəti nümunələrinə dair ustad dərsləri təşkil olunacaq
Azərbaycan Xalça Muzeyi tərəfindən “Azərbaycanın mədəni sərvəti” layihəsi həyata keçirilir. Layihənin məqsədi unudulmaqda olan Azərbaycan xalq sənətkarlıq növlərini dirçəltmək və onlara yeni həyat verməkdir.
5-21 sentyabr tarixində Xalça Muzeyin layihəsi çərçivəsində Dağıstanın dargin kaytaq tikməsi üzrə mühazirələr və ustad dərslər təşkil olunacaq.
Dərslər tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksioner, müstəqil sərgi kuratoru Raisa İsmayılova tərəfindən keçiriləcək. O, 1996-cı ildən A.Taxo-Qodi adına Dağıstan Dövlət Birləşmiş Tarix və Memarlıq Muzeyində, 2011-2015-ci illərdə P.S.Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyində və Etnik Mədəniyyət Mərkəzində çalışıb, bir sıra sərgilərin kuratoru və nəşr layihələrinə rəhbərlik edib. Hazırda bacısı, sənətşünas və sərgi kuratoru Cəvqərət Monakova ilə birgə müxtəlif sərgilərdə iştirak edir, bərpa edilən dargin kaytaq tikmə növü üzrə ustad dərsləri keçir. Antikvar toxuculuq və XIX əsrə aid nadir tikmə növlərindən ibarət zəngin kolleksiyaya malikdir.
Ustad dərsləri Azərbaycan və rus dillərində təşkil olunacaq. Dərslərdə iştirak ödənişsizdir. İştirakçılara sonda sertifikat veriləcək. Bərpa və konservasiya ilə məşğul olan mütəxəssislər, muzey işi, dekorativ-tətbiqi sənət sahələri üzrə təhsil alan tələbələr, müəllimlər və bu sahələrə aidiyyəti olan şəxslər ustad dərslərinə qatıla bilərlər.
Qeydiyyatdan keçmək üçün carpetmuseum.baku@gmail.com elektron ünvanına müraciət olunmalıdır.
Qeyd edək ki, Xalça Muzeyində kaytaq və usişin tikmə nümunələrindən ibarət sərgi də təşkil olunacaq. Burada müasir müəllif işləri ilə yanaşı, XIX əsrə aid bir neçə tikmə nümunəsi təqdim olunacaq.
Xatırladaq ki, parça, tikmə və milli geyimlərin bərpası proqramı “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi, Xalça Muzeyi və İCOM Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların hazırlanması və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.