Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi 60 yaşını qeyd edir
Muzeyin ekspozisiya və fondlarında saxlanılan əşyalar toz, günəş, rütubət və ziyanvericilərin mənfi təsirinə məruz qalır. Nəticədə əşyalar əvvəlki formasını itirərək cırılır, sınıb sıradan çıxır. Formasını, rəngini, əvvəlki vəziyyətinə gətirmək üçün əşyaların bərpaya, belə demək mümkünsə, insan nəvazişinə ehtiyacı olur.
Muzey əşyalarının vaxtlı-vaxtında silinməsi, saxlanılması və onların dağılmasının qarşısının alınması üçün muzey əməkdaşları çox çalışsalar da, bu, əşyaların olduğu kimi saxlanılmasına yetəri qədər kömək etmir. Muzey eksponatlarına ikinci həyat bəxş edən çox mühüm bir ocaq var - Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi.
Tarixi və maddi-mədəni irsimizin bərpası vacib əhəmiyyət kəsb edir. Mərkəzin əsas məqsədi muzeylərdə bərpaya ehtiyacı olan əşyaların konservasiya işlərinin aparılması, əşyaların mühafizə vəziyyətinin yoxlanılması və lazımi məsləhətlərin verilməsidir. Bu peşənin sahibləri xalqın maddi və mənəvi dəyərlərinin qorunmasına xidmət edirlər.
Bizlər onların işi ilə yaxından tanış olduqda bir daha əmin olduq ki, Elmi bərpa mərkəzinin bütün əməkdaşları gördükləri hər bir işə məsuliyyət və sevgi ilə yanaşırlar. Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdə fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin kolleksiyalarına daxil olan maddi-mədəniyyət nümunələrinin, sənət əsərlərinin və tarixi əhəmiyyət daşıyan sənədlərin taleyi etibarlı əllərdədir.
Muzey işinin təkmilləşdirməsində fond eksponatlarının bərpa və konservasiyası əsas istiqamətlərdən biridir. Bu məqsədlə mərkəz tərəfindən Masallı Tarix-Diyarşünaslıq Muzeyinin fond eksponatlarının bərpa işləri sahəsində mühüm addımlar atılıb. İlk dəfə olaraq 2003-cü ildə Mədəniyyət Nazirliyinə müraciət olunaraq muzey əşyalarının əksəriyyətinin bərpaya ehtiyacı olduğu bildirildi. O dövrdən bizim muzeyin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi ilə sıx əlaqəsi yarandı.
Dəfələrlə mərkəzin işçiləri muzeyimizə ezam olunaraq muzey əşyalarının qorunması və saxlanması işinə uyğun tövsiyələrini vermişlər. Muzeyimizin fondundan mərkəzdə ümumilikdə 266 eksponat konservasiya edilib. Mərkəzin rəhbəri, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova başda olmaqla hər bir əməkdaş öz işinin vurğunudur. Çətin, incə və əziyyətli işin öhdəsindən gələn bərpaçılar muzey əşyalarına ikinci həyat bəxş edirlər. 2016-cı ilin may ayında mərkəzin nümayəndələri ağac üzrə bərpaçı-rəssam Gündüz Məmmədov, metal üzrə bərpaçı-rəssamlar Pərviz Zeynalov və Rasim Cəfərov muzeyimizdə oldular və qısa müddət ərzində 44 əşyanı yerindəcə bərpa etdilər. Onların necə çətin, mürəkkəb bir işin öhdəsindən gəldiklərinin şahidi olduq.
Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin əmri ilə mərkəzin bu il 12-14 iyun tarixində Masallı Tarix-Diyarşünaslıq Muzeyində Masallı, Yardımlı, Cəlilabad rayonlarının muzey əməkdaşları üçün təşkil etdiyi “Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi - 60: mədəniyyət abidələri bərpaçıların gözü ilə” mövzusunda treninq və fotosərgi keçirildi. Seminar zamanı iştirakçılara mərkəzin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirildi.
Bütün muzey işçilərinin mərkəzin əməkdaşlarının məsləhət və tövsiyələrinə böyük ehtiyacı var. Çox yaxşı bir haldır ki, bu xeyirxah komanda heç vaxt öz köməyini bizdən əsirgəmir.
Mərkəzin yaranmasının 60 illiyi münasibətilə incə əlli bərpaçılarımıza gələcək işlərində uğurlar arzu edirik.
R.Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyi