Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən tədbirlərə yekun vurulub.
İdarədən bildirilib ki, mədəniyyət müəssisələrində, istirahət və əyləncə parklarında, hərbi hissələrdə, qaçqın şəhərciklərində mütəmadi olaraq görüşlər təşkil edilib. Tədbirlər idarənin tabeliyində fəaliyyət göstərən klub müəssisələri, musiqi və incəsənət məktəbləri kollektivlərinin yaxından iştirakı ilə keçirilib. Tanınmış incəsənət ustalarının ifasında səsləndirilən bir-birindən maraqlı və rəngarəng musiqi nömrələri sakinlər tərəfindən alqışlarla qarşılanıb.
Bundan başqa, tədbirlərdə Bərdə Turizm İnformasiya Mərkəzi, Bərdə Rayon Tarix-Diyarşünaslıq Muzeyi və rayon MKS-nin sərgilədiyi şəhərin qədimliyi ilə müasirliyini əks etdirən suvenirlər, kitablar, məlumatlandırıcı nəşrlər, yerli sakinlər tərəfindən muzeyə hədiyə olunmuş tarixi eksponatlar və hədiyyələr böyük maraqla izlənib.
Regional idarə üzrə tədbirlər planına uyğun olaraq keçirilən bu tipli silsilə tədbirlərə rayon Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən Hacallı kənd Folklor klubunun təqdim etdiyi konsert proqramı ilə yekun vurulub.
Qeyd edək ki, bu qəbildən tədbirlər Yevlax və Mingəçevir şəhər, o cümlədən Tərtər rayon nümayəndəliyində də davamlı olaraq təşkil olunub.