Lənkəranda “Xəzər Palace” hotel kompleksinin açılışı keçirilib
   
   Xəbər verildiyi kimi, sentyabrın 2-3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin cənub bölgəsinə səfər edib. Dövlət başçısı regionda bir sıra infrastruktur layihələri, yeni yaradılan müəssisələrin fəaliyyəti ilə tanış olub. Prezidentin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
   Prezident Lənkəranda tikintisi yeni başa çatan “Xəzər Palace” hotel kompleksinin açılışında iştirak edib.
   “Xəzər Palace” hotel kompleksi ölkəmizin bölgələrində turizmin inkişafı istiqamətində həyata keçirilən addımlardan biridir. Son illərdə regionlarda istifadəyə verilən müasir mehmanxana kompleksləri böyük əhəmiyyət kəsb edir. Bu cür turizm təsislərinin sayının çoxalması Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, həm də ölkəyə gələn turistlərin sayının artmasına zəmin yaradır. Yeni kompleks təkcə Lənkəran üçün deyil, bütün bölgə üçün əhəmiyyətli turizm obyektidir.
   Dövlətimizin başçısı “Xəzər Palace” hotel kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
   Yeni turizm obyekti ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verilib ki, kompleks iki hektar sahədə inşa edilib. Hotelin beşmərtəbəli binasının tikintisinə 2015-ci ilin mayında başlanılıb və bu ilin avqustunda başa çatdırılıb. Binanın interyerinin tərtibatında orijinal mebel və aksessuarlardan istifadə edilib. Otuz doqquz nömrədən ibarət hoteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb.
   Qeyd olunub ki, hoteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Əməkdaşlar qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunublar. Hotel kompleksində müxtəlif tədbirlərin keçirilməsi üçün geniş imkanları olan konfrans zalı, müasir restoranlar da fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq.
   Dövlətimizin başçısı hoteldəki nömrələrdə yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, müxtəlif kateqoriyalı bu nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Burada uşaqların da istirahətinin təşkili üçün lazımi şərait yaradılıb. Həmçinin qonaqların vaxtlarını səmərəli keçirmələri üçün xüsusi idman zalları da var. Müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar onların istirahət imkanlarını daha da artırır.
   “Xəzər Palace” hotel kompleksində 100 nəfər üçün daimi iş yeri nəzərdə tutulur. Kompleksin ərazisi tam abadlaşdırılıb, yaşıllıq sahəsi salınıb. Ərazidə, həmçinin 8 kottec qonaqların istifadəsinə verilib.