İndoneziyanın ANTARA dövlət xəbər agentliyi və müsəlman icmasının məşhur aylıq nəşrlərindən sayılan “Hidayətullah” jurnalı Azərbaycanın bu ölkədəki səfiri Tamerlan Qarayevin müsahibəsini yayıb.
Ermənistanın Azərbaycana qarşı təcavüzünə həsr olunan müsahibədə səfir bildirib ki, Qarabağ məsələsi birmənalı olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, yerli əhalinin etnik təmizləməyə məruz qalması faktıdır. Bu fakt beynəlxalq təşkilatlar, müşahidəçilər, jurnalistlər, şahidlər, o cümlədən BMT və digər qurumlar tərəfindən təsdiq olunub. Lakin Qərbin bu cinayətə ikili standartlarla yanaşması və biganəliyi ucbatından Ermənistan təcavüzü hələ də davam etdirir.
Azərbaycanlı diplomat təcavüzün tarixi, ermənilərin törətdikləri cinayətlər haqqında ətraflı söz açıb və BMT Təhlükəsizlik Şurasının (822, 853, 874 və 884), İslam Əməkdaşlıq Təşkilatının qətnamələri haqqında jurnalistləri məlumatlandırıb.
Səfir bildirib ki, İndoneziya digər ölkələr kimi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Lakin həm İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi, həm ən böyük müsəlman ölkəsi, həm də dost ölkə olaraq Azərbaycan İndoneziyadan daha çox təsirə malik addımlar gözləyir.
İndoneziyalı jurnalistlərə müraciət edən səfir onları Qarabağ haqqında, xüsusilə də Ermənistan səfirliyindən, ümumiyyətlə, erməni mənbələrindən qaynaqlanan məlumatları dərc etməzdən əvvəl araşdırma aparmağa, məlumatın nə dərəcədə doğru və qərəzsiz olduğunu dəqiqləşdirməyə çağırıb.