Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə “PTV News” dövlət televiziya kanalının “Personality of the Week” proqramına müsahibə verib.
Səfir Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin ötən 25 il ərzində uğurla inkişaf etdiyini, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib, həyata keçirilmiş səmərəli layihələr haqqında söhbət açıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, təxribatları haqqında məlumat verən səfir Pakistanın Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyəti haqqında danışan səfir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fondun prezidenti kimi Pakistana xüsusi diqqət göstərdiyini, onun təşəbbüsü və dəstəyi ilə humanitar və sosialyönümlü layihələrin həyata keçirildiyini, bu layihələrin hər iki xalqın dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin, ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulayan səfir turizm sahəsində əlaqələrdə nəzərə çarpacaq dərəcədə artımın müşahidə olunduğunu, Azərbaycan Prezidentinin sərəncamı ilə Pakistan vətəndaşlarının da bu ilin yanvar ayından başlayaraq “Asan Viza” sisteminin imkanlarından yararlandığını və son səkkiz ay ərzində Azərbaycana səfər edən Pakistan vətəndaşlarının da sayının bir neçə dəfə artdığını vurğulayıb.
Səfir, həmçinin aparıcının Azərbaycanın mədəniyyəti, ölkəmizdə Qurban bayramı adət-ənənələri, islam dəyərlərinə verilən önəm və s. suallarını cavablandırıb.