Rusiyanın Yekaterinburq şəhərində “Orta Ural xalqları günü” keçirilib. Bayramın məqsədi - millətlərarası həmrəyliyi möhkəmlətmək, regionda təmsil olunan xalqların mədəniyyətini və ənənələrini nümayiş etdirməkdir.
Sverdlovsk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının (SVİT) mətbuat xidmətinin rəhbəri Aysel Şıxlinskaya bildirib ki, tədbirdə vilayətin qubernatoru Yevgeni Kuyvaşev və digər rəsmilər iştirak ediblər.
Yekaterinburqun və vilayətin milli-mədəni cəmiyyətlərinin və muxtar qurumlarının nümayəndələrinin qatıldığı şənlikdə “Azərbaycan” vilayət ictimai təşkilatı diasporumuzu bu dəfə də uğurla təmsil edib. Bu il Azərbaycan diasporunun nümayəndələri parkda Bakının rəmzləri sayılan İçərişəhərin və Qız qalasının maketlərini düzəldiblər. Ölçülərinə görə diqqəti cəlb edən bu tikili tamaşaçıların çox xoşuna gəlib.
Azərbaycan həyəti ərazisində təşkil edilmiş zəngin süfrəmiz də qonaqları sevindirib. Bakıdan buraya xüsusi reyslə meyvələr, tərəvəzlər, şirələr, şərablar, növbənöv mürəbbələr, quru meyvələr gətirilib. Azərbaycan mətbəxinin nümunələri arasında dolma, çığırtma, ləvəngi, müxtəlif qutablar, küftə və başqa yeməklər yer alıb. Belə bolluq içində qonaqların dequstasiya seçimi etməsi o qədər də asan deyildi. Lakin ümumi fikrə görə, Azərbaycan mətbəxinin ənənəvi yeməyi şah plov birinci olub. Xalqımızın zəngin ənənələrinə, müxtəlif şirniyyatlara da heç kəs laqeyd qala bilməyib. Məxsusi bu bayram münasibətilə hazırlanmış, üzərində “Rossiya i Azerbaydjan - drujba na veka” sözləri yazılmış tort da diqqəti cəlb edib.
Sverdlovsk vilayətinin qubernatoru bir-birindən ləziz olan bu yeməklərin dadına baxaraq qeyd edib ki, Azərbaycan mətbəxi haqlı olaraq dünyada ən dadlı və doyumlu mətbəxlərdən biri hesab edilir.
“Azərbaycan evi”nin qonaqları “Oqni Baku” yaradıcı kollektivin, istedadlı ifaçı Emil Mahmudovun ifasında Azərbaycan musiqisi ilə tanış olublar.
Sverdlovsk vilayətindəki “Azərbaycan” təşkilatının sədri Şahin Şıxlinskinin sözlərinə görə, “Orta Ural xalqları günü” Sverdlovsk vilayəti ərazisində yaşayan bütün xalqlar üçün çox əlamətdar və parlaq bayramdır.