Sentyabrın 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 90-cı mövsümünə qədəm qoydu.
Mövsümün açılışı münasibətilə keçirilən iclasda çıxış edən teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov kollektivi təbrik etdi, yeni mövsümdə bütün yaradıcı və texniki heyətə uğurlar arzuladı. Bildirdi ki, 90-cı mövsümdə teatrı böyük yeniliklər gözləyir.
Teatrın rəhbəri ilin sonunadək görüləcək işlər haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, daim axtarışda olmaq, tamaşaçıların görüşünə onları sevindirəcək və teatrı sevdirəcək əhvalda çıxmaq hər bir yaradıcı kollektivin mənəvi borcudur.
Yeni mövsümün səhnə əsərlərinə gəlincə, noyabr ayında Bakı Yunus Əmrə İnstitutu ilə birgə “Koroğlu” dastanının motivləri əsasında hazırlanacaq “Eşqi-Nigar” tamaşasının premyerası nəzərdə tutulub. Həmin ay C.Sviftin “Qulliver Cırtdanlar ölkəsində” adlı tamaşanın premyerası da olacaq. İlin sonunda isə “Qar kraliçası” adlı tamaşa təhvil veriləcək.
Bildirildi ki, Gənc Tamaşaçılar Teatrı ölkənin hüdudlarından kənarda da tanınır, mütəmadi olaraq müxtəlif festivallara və teatr bayramlarına dəvət alır: “İllər öncə Azərbaycan teatrının hər hansı beynəlxalq festivalda iştirakı yalnız arzulanırdısa, bu gün çoxsaylı dəvətlər içərisində seçim etmək imkanı qazanmışıq. Çalışırıq ki, yaradıcılıq baxımından sərfəli olan səfərlərə daha çox üstünlük verək”.
Daha sonra direktor teatrın mövsüm ərzində qatılacağı beynəlxalq layihələr haqqında danışdı. Qeyd etdi ki, sentyabrın 7-dən 14-dək kollektiv Başqırdıstanın (Rusiya) Ufa şəhərində keçiriləcək “Tuqanlıq” VI Beynəlxalq teatr festivalında iştirak edəcək. Festivalda ölkəmizi yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” adlı təkadamlıq tamaşası təmsil edəcək. Tamaşada əsas ifaçı Əməkdar artist Kəmalə Hüseynovadır. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, işıq üzrə rəssamı Vadim Kuskovdur, truykların quruluşu İsa Əsədova məxsusdur.
Teatr 1-6 sentyabr tarixində Kalmıkiya Respublikasında (Rusiya) keçirilən “Uşaq və yeniyetmələr üçün” Beynəlxalq teatr festivalında iştirak edir. Kollektiv festivala Abdulla Şaiqin “Tıq-tıq xanım” tamaşasını aparıb. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Ağaxan Salmanlı, əsas obrazları Əməkdar artist Rasim Cəfərov, aktyorlar Günel Məmmədova, İlham Əsədov, Elnur Hüseynov və başqaları ifa edir.
20-30 oktyabr tarixində isə teatr Rusiya Federasiyasının Nijnevartovsk şəhərində keçiriləcək kiçik həcmli tamaşaların V Beynəlxalq teatr festivalına qatılacaq. Tədbirdə Patrik Züskindin eyniadlı əsəri əsasında hazırlanmış ”Kontrabas” tamaşası (ifaçı Əməkdar artist Şövqi Hüseynov) təqdim olunacaq.
Lalə