Yazıçı Aqil Abbasın eyniadlı romanı əsasında bədii filmin çəkilişlərinə start verildi
 
  
   ...Qeyrət batalyonun həyətindəki dirəkdən SSRİ-nin bayrağını endirir. Kənara tulladığı qırmızı bayrağın yerinə Drakonun Pələngin qanına boyanmış köynəyini bağlayır. Qanlı köynək bayrağın əvəzinə yavaş-yavaş yuxarı qalxır.
   
   “Bir də çəkirik!” - quruluşçu rejissorun səsi eşidilir. Elxan Cəfərov Qeyrət rolunun ifaçısı gənc aktyor Corc Qafarova yaxınlaşıb vəziyyəti izah edir. Epizod növbəti dəfə çəkilir.
   Bütün bunlar çəkiliş meydançasında baş verir. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yazıçı Aqil Abbasın “Dolu” romanı əsasında bədii filmin çəkilişləri başlanıb. Çəkilişlərin ilkin mərhələsi İsmayıllı rayonunda aparılır.
   
   Bitməyən müharibə
   
   Aqil Abbas “Dolu” romanını şəhid analarına həsr edib. Əsərdə söhbət Qarabağ müharibəsindən gedir. Hələ bitməyən, yalnız birinci dövrü başa çatan müharibədən. “Dolu” işıq üzü görən gündən oxucular və ədəbi ictimaiyyət arasında böyük əks-səda doğurdu, Türkiyədə böyük tirajla çap edildi. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən uğurlu bədii əsər kimi “Qızıl Kəlmə” ədəbi mükafatına layiq görüldü, romanın ekranlaşdırılması qərara alındı. Bu il dövlət sifarişi ilə çəkiləcək filmlər arasında “Dolu” da var.
   
   Yaradıcı heyət
   
   Filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Xalq artisti Polad Bülbüloğludur. Geyim rəssamı Elfira Hüseynova, rejissorlar Əməkdar artist Ənvər Həsənov, Əliqulu Səmədov, redaktor Ramiz Fətəliyev, icraçı prodüser Nadir Əliyevdir.
   Aktyor heyəti: Komandir - Əməkdar artist Məmməd Səfa, Drakon - Rza Rzayev, Pələng - Elvin Əhmədov, Katib - Xalq artisti Fuad Poladov, Rəis - Əməkdar artist Fərhad İsrafilov, Baza müdiri - Oqtay Quliyev, Polyaniçko- Vaqif Səmədzadə, Jurnalist - Vüsal Murtuzəliyev, Pələngin anası - Gülzar Cəfərova, Müəllim - Əməkdar artist Şamil Süleymanov, Baş mühasib - Şahmar Qəribli, müdafiə naziri - Sabir Məlikov, səhiyyə nazirinin müavini - Əliqulu Səmədov, müdafiə nazirinin müavini - Əməkdar artist Pərviz Bağırov, nazir - Məhərrəm Musayev, Qeyrət - Corc Qafarov, həbsxana rəisi - Mayak Kərimov və başqaları. 

   Çəkiliş qrupunun komandiri - Elxan Cəfərov
   
   “Dolu” filmi Elxan Cəfərovun rejissor kimi sayca üçüncü tammetrajlı bədii ekran əsəri olacaq. Rejissor populyarlıq qazanmış bədii əsərə film çəkməyin məsuliyyətini yaxşı dərk edir: “Aqil Abbasın “Dolu” romanı geniş oxucu rəğbəti qazanan əsərdir. Belə bir əsərə müraciət etmək rejissordan ikiqat məsuliyyət tələb edir. Çünki hər bir oxucu bədii əsərdəki qəhrəmanları öz bildiyi kimi təsvir edir. Film ekranlara çıxanda isə oxucu öz təxəyyülündə canlandırdığı qəhrəmanı başqa cür görür və onu qəbul etmək istəmir. Yəqin elə ona görə də məşhur ədəbi əsərlərin ekran variantı bəzən uğur qazana bilmir. Çəkiliş qrupunun hər bir üzvü inanır və əlindən gələni edir ki, bizim “Dolu” tamaşaçıların rəğbətini qazansın. Yaxın keçmişimizin və Qarabağ savaşının bədii salnaməsini yaratmaq baxımından da bu filmin çox böyük əhəmiyyəti olacaq. İşimizin uğurlu alınacağına hər birimizdə böyük bir inam var”.
   “Motor!” komandası verməzdən əvvəl ən xırda detallara diqqət ayıran quruluşçu rejissor çəkiliş üçün yaradılan şəraitdən razıdır: “Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, xüsusən nazir Əbülfəs Qarayevə, Daxili İşlər Nazirliyinə, xüsusən nazir Ramil Usubova, Daxili Qoşunların Komandanı Zakir Həsənova, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərova təşəkkür edirəm ki, filmin ərsəyə gəlməsi üçün bizə hər cür şərait yaradıblar. Filmdə döyüş və kütləvi səhnələr çoxdur. Bunun üçün Daxili Qoşunların N saylı hərbi hissəsinin 200-dən çox əsgər və zabiti sərəncamımıza verilib. İsmayıllı camaatı da filmin çəkiliş qrupuna diqqət və qayğı ilə yanaşır”.
   
   “Dolu”dakı Komandir - Məmməd Səfa
   
   Filmdə Komandir obrazını Əməkdar artist Məmməd Səfa canlandıracaq. İstedadlı aktyor bu rolu kinodakı yaradıcılığında yeni mərhələ hesab edir: “Romanı da, kinossenarini də oxumuşam, hər ikisi təsirlidir. Hər ikisində yetərincə dramaturji material var. Komandir həqiqəti sevən, valideynlərə, dostlara sayğı ilə yanaşan, onların işinə yarımaq istəyən adamdır. Mənim kinoda belə ağır dramaturji yükü olan rolum olmayıb. İlk dəfədir ki, Elxan bəy çəkdiyi bədii filmdə mənə rol verir, amma onun istedadına çoxdan bələdəm. “Yuğ” teatrında birgə çalışmışıq, ona görə də iş prosesində bir-birimizi yaxşı anlayırıq”.
   Məmməd Səfa deyir ki, film yaxın keçmişimizdən bəhs etdiyindən həmin dövrün şahidləri çoxdur. Lakin belə əsərlərin ekranlaşdırılması məsuliyyətli olduğu qədər də şərəflidir.
   
   Fədakar İsmayıllı camaatı
   
   Filmin növbəti kadrları çəkilir. Pələngin yas mərasimi çəkilən epizod üçün məktəbin həyəti seçilib. Rejissorlar Ənvər Həsənov və Əliqulu Səmədov quruluşçu operator Nadir Mehdiyevin kamerası işə düşənə qədər ən xırda detalları bir də gözdən keçirirlər. Ərazidə yaşayan insanlar, hətta uzaq kəndlərdən gələnlər filmin çəkilməsində yaxından iştirak edir, yaradıcı qrupa kömək göstərməkdən yorulmurlar. Havaların isti olmasına baxmayaraq, kənardan çəkiliş meydançasında baş verənləri izləyir, aktyorlara, texniki işçilərə çay, su, meyvə gətirirlər. Yerli sakinlərdən bəziləri kütləvi səhnələrə çəkilməklə də “Dolu”nun daha dolğun alınmasına yardım edirlər.
   
   Müəllim savaş səhnəsində
   
   “Çəkildi!” - quruluşçu rejissorun bu sözlərindən sonra ətrafı alqış səsləri bürüyür. Hər bir epizod çəkildikcə yaradıcı qrup öz sevincini alqışla bildirir.
   Qısa fasilədən sonra növbəti epizodların çəkilişi başlayacaq. Qrim ustaları Əməkdar artist Şamil Süleymanovu əhatəyə alıblar. Azərbaycan kinosuna yaddaqalan obrazlar bəxş edən Şamil Süleymanovu bu filmdə Müəllim rolunda görəcəyik: “Bu elə bir mövzudur ki, Qarabağ erməni işğalından azad olunana qədər aktual olacaq. Ona görə də “Dolu” filmi tarixi yox, müasir, bu günün filmidir. Torpaqlarımızı qoruyan özünümüdafiə batalyonlarında çoxlu müəllimlər vuruşurdu. Mən filmdə belə müəllimlərdən birini canlandırıram. Çəkildiyim “Tütək səsi”ində hadisələr arxa cəbhədə baş verir. Bu filmdə isə ön cəbhə, orada baş verənlər göstərilir. Elxan Cəfərovun istedadına, bacarığına inanıram. İnşallah əziyyətimizin bəhrəsini görəcəyik”.
   
   Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları çəkiliş meydançasında
   
   Qeyd etdiyimiz kimi “Dolu” dövlət sifarişi ilə çəkilir. Mədəniyyət və Turizm Nazirliyi filmin istehsalını daim diqqətdə saxlayır, qarşıya çıxan problemlər operativ həll olunur. Biz İsmayıllıda olarkən nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədovun, onun müavini Müşfiq Hətəmovun, Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxovun çəkiliş prosesini yaxından izlədiklərini gördük.
   
   Jurnalistlər hər yerdə lazımdır. Hətta müharibədə də!
   
   “Cavid ömrü” filmindəki Ərtoğrul rolu ilə tanınan, dublyaj olunmuş filmlərdə hər gün səsini eşitdiyimiz Vüsal Murtuzəliyevi “Dolu”dakı Jurnalist rolunda görəcəyik: “Filmin çox istedadlı və mehriban yaradıcı heyəti var. Elxan Cəfərov olduqca gözəl yaradıcılıq mühiti formalaşdırır. Çəkiliş günlərim olmayanda da bura gəlib prosesi kənardan müşahidə edirəm, necə deyərlər, filmə köklənirəm. Bütün əziyyətlərə baxmayaraq, hamı işimizin uğurlu alınması üçün çalışır”.
   Vüsal oynayacağı obrazın təbii alınması üçün qaynar bölgələrdə, ön cəbhədə olan həmkarlarımızı müşahidə edib: “Hərbi mövzuda yazan, döyüş bölgələrində çalışan jurnalistlərin həyatını yaxından öyrənir, müşahidələr aparıram”.
   
   “Biz də varıq!”
   
   Film çəkilişinin necə ağır və zəhmət tələb edən bir proses olduğunu təkrar yazmağa ehtiyac yoxdur. Ekranlara çıxan hər bir film üzərində yüzlərlə insan çalışır. Amma bir çoxları kadr arxasında qaldığından tamaşaçılar onları tanımır. “Dolu” filminin prodüserinin müavini Fəxri İbrahimov da belə insanlardandır: “Bizim işimiz elədir ki, çəkiliş zamanı “yox” söhbəti yoxdur. Təşkilati işlər gərək qaydasında olsun. Film hazır olanda isə bəzən adımız da çəkilmir. Buna baxmayaraq işimizi sevir və vicdanla çalışırıq. Film uğurlu alınanda bütün heyət kimi biz də çox sevinirik”.
   
   Sonra Mingəçevir və Sumqayıt...
   
   Çəkilişlərinə İsmayıllıda start verilən “Dolu” filminin digər epizodları Mingəçevir və Sumqayıtda çəkiləcək. Pavilyon çəkilişləri isə Bakıda aparılacaq. Döyüş səhnələrinin daha inandırıcı alınması üçün İrandan dəvət olunan pirotexniklər yaxın günlərdə yaradıcı qrupa qoşulacaq. Polad Bülbüloğlunun film üçün bəstələyəcəyi musiqilər Moskvada nüfuzlu orkestrlərdən birinin ifasında yazılacaq. Film üzərində işləri bu ilin sonuna kimi yekunlaşdırmaq nəzərdə tutulub.
   Bir sözlə, “Dolu”nu gözləyin!
   
   Etibar Cəbrayıloğlu
   
   Fotolar Babək Baratoğlunundur







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar