Azərbaycan kinosunun 1960-1970-ci illərini haqlı olaraq intibah dövrü adlandırırlar. Milli kinomuzun bir sıra görkəmli simaları, tanınmış aktyorlar bu dövrdə sənət aləminə qədəm qoyublar. Belə sənətkarlardan biri də filmoqrafiyasında 60-dək ekran əsəri (çəkildiyi və səsləndirdiyi) olan Xalq artisti Ramiz Məlikdir.
   
   Ramiz Ağarza oğlu Məlik 1943-cü il avqustun 4-də Bakıda anadan olub. 1967-ci ildə Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və Milli Dram Teatrının truppasına qəbul edilib. Romantik və realist aktyor məktəbinə aid edilən aktyorun yaradıcılıq potensialına, oynadığı rollara gətirdiyi uğurlara görə ona teatrın hər bir yeni mövsümündə müxtəlif rollar həvalə edilib.
   Teatr və televiziya tamaşalarında yaratdığı rollara görə tamaşaçı məhəbbəti qazanan aktyor oynadığı personajları yaddaşlara həkk etdirməyi yaxşı bacarır. Buna onun yaradıcılıq intuisiyası, xarici görünüşü, qüsursuz nitqi və səs tembri imkan verir. Bu keyfiyyətləri, xarakterik siması kinorejissorların da diqqətindən yayınmadığından onlar istedadlı aktyoru mütəmadi olaraq filmlərə dəvət edirlər.
   Ramiz Məlik “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Qatır Məmməd” filmində Müllerin yavəri, “O qızı tapın”da Ziya, “Bircəciyim”də Yusifov, “İstintaq”da milis işçisi, “Yeddi oğul istərəm” filmində hökumət nümayəndəsi, “Babək”də Səhl ibn Sumbat, “Sevinc buxtası”nda Asanov, “Ad günü” filmində Əlinin dostu, “Qəm pəncərəsi”ndə çavuş, “Qanun naminə”də gənc prokuror, “Qara gölün cəngavərləri”ndə podporuçik, “Məhkumlar”da Cəfər həkim, “İstanbul reysi” filmində şef və s. obrazlar yaradıb.
   Sənət həmişə yeniliyi, tamaşaçı isə bənzərsizliyi sevir. Sənətin sehrinə qapılan aktyor daim yaradıcılıq axtarışlarında olduğunu yaratdığı personajların orijinallığı ilə sübuta yetirib. Belə olmasa idi, onun çox zaman kinoda oynadığı epizodik rollar tamaşaçı yaddaşında qalmazdı.
   “Qanun naminə” (rejissor Muxtar Dadaşov) filmindəki gənc prokuror və “Yeddi oğul istərəm” (rejissor Tofiq Tağızadə) filmindəki hökumət nümayəndəsini yada salaq. Obrazlar yalnız filmin finalında təqdim olunur. Ekrandakı son kadrları izlədiyimiz halda filmin bütün ideyasını düşünürük. Bu obrazlar aktyorluğa xas olan fərdi xüsusiyyətlərinə görə biz tamaşaçıları hadisələrin reallığına inandırmalı, öz yaradıcılıq fonunda ümumilikdə filmin süjet xəttinə dəqiq münasibət yaratmalı idi. O, bunu bacardı.
   Ramiz Məlik aktyor təqdimatındakı bütün (mənfi-müsbət) rollarında həmişə cazibə yaradıb. Sənətə olan sevgisi onu uzun yaradıcılıq axtarışlarına dözməyə, yeni sənət sevinclərini duymağa ruhlandırıb. Ekranda yaratdığı rolların daxili “mən”ini qüsursuz çatdıran, personajların gerçəkliyinə, onun fonunda isə hadisələrin reallığına bizi inandıran aktyorun istedadını gördükcə Ramiz müəllimə çox vaxt epizod rolların həvalə olunmasına təəccüb etmişəm.
   Ramiz Məlikin “O qızı tapın” (ssenari müəllifi və rejissoru Həsən Seyidbəyli) filmində yaratdığı diş həkimi Ziya obrazı yaddaqalandır. Filmdə bu rol üçüncü planlıdır. Amma aktyor təqdimatında personajın daxili aləmi, xarakterik cəhətləri tam açıldığına görə filmin aparıcı qüvvəsi kimi qəbul edilir. Bu obraz ümumiyyətlə hər bir dövr üçün gərəkli olan maraqlı bir prototipdir. Ziya böyük bir cinayətkar qrupun törətdiyi cinayətdə sevdiyi (Əminə) qızın da iştirakı (məcburi halda) olduğunu bilir. Bununla belə o, valideynlərini itirmiş, həyatın gözlənilməyən sürprizlərinə artıq qurban edilmiş bu qıza, əslində isə sevgisinə sahib çıxıb, onu qorumağa çalışır. Ziyanın timsalında biz öz dövrünün gəncliyinin hadisələrə fərdi yanaşmasını, müstəqil qərarlarını, məğrur cəhətlərini görürük. Filmlərdəki belə kamil obrazlar hər dövr üçün aktual olan (cəsarət, mərdlik və s.) hər hansı bir məsələnin həllinə tamaşaçının da qəti qərar verməsinə rəvac verir. Məsələn, ailə qurulması çox vaxt əsl-nəcabət, var-dövlət prinsipləri üzərində qurulursa, bu (Ziya) obraz qarşılıqlı, səmimi sevgi əsasında müstəqil həyat quruculuğunu təbliğ edir. Bu isə çətin və mənalı bir həyatın başlanğıcıdır.
   Hadisələrin aktyor ifaçılığındakı təhlili bizi filmin müəllifinin fikirlərini dəqiq oxumağa sövq edir. Bu isə bəlkə də ilk baxışdan sadə görünən həyat fəlsəfəsini açır, ekran kompozisiyasının daxili dinamikasını təmin edir, əsərin müasirliyini qoruyur. Yaradıcılıqda olan müasirlik isə, teatrşünas Fazil Rəhmanzadənin sözləri ilə desək, müasirlərimizi düşündürən, onları narahat edən suallara cavab verməkdir. Həyatın vacib nüanslarını sadə süjetdə belə, bizə təqdim edən filmlər bu mənada uzun illər keçməsinə baxmayaraq özünün ekran həllini qoruyub saxlayır.
   İstedadlı aktyorun yaradıcılığının inkişafını mən onun daxili zənginliyi, intellekti, geniş mütaliəsi ilə əlaqələndirirəm. Belə olmasa idi, Ramiz Məlikin kinoda yaratdığı epizod rolları belə uğurlu alınmazdı. Hər bir obrazın aktyor ifasındakı şərhi, eyni zamanda ədəbi əsərin ekran təhlili deməkdir. Kino sənətinin yüksəlişi bu meyarlarla ölçülür.
   Ramiz Məlik bir çox filmlərdə səsləndirdiyi rolların uğuruna görə də milli kinomuzun simasıdır. O, peşəkar, realist aktyor məktəbinin bilicisi olduğunu, təcrübəli yaradıcılıq kredosunu dublyajda səsləndirdiyi obrazlarla da təsdiq edir.
   Onun səsləndirdiyi “Tütək səsi” (Tapdıq), “Axırıncı aşırım” (Bəylər), “Bakıda küləklər əsir” (əsgər), “Dağlarda döyüş” (rus sərhədçi), “Aşkarsızlıq şəraitində” (trest müdiri), “Od içində” (Andrey) və s. filmlərdəki obrazlı, ifadəli səsi, çox vaxt zəif ifalara belə uğur gətirib.
   Ramiz Məlik kinoda çəkildiyi maraqlı rollarına görə bu gün də geniş tamaşaçı auditoriyasının diqqət mərkəzindədir. Sevilən sənətkar 1984-cü ildə Hüseyn Cavidin “İblis” faciəsində yaratdığı Arif roluna görə respublika Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə Əməkdar artist, 1998-ci ildə Xalq artisti fəxri adları ilə Ramiz Məlik sənətinə və millətinə bağlılığına, onlarla tamaşaçı sevgisi qazandığına görə doğrudan da xalqın artistidir. Aktyor bu gün də müasirlərinin həyatından bəhs edən əsərlərə səhnə və ekran taleyi yaşadır. Onun ifadəli rollarına baxanda yaradıcılığının əsasını bu rolları yaddaşlarda yaşatmaq istəyi olduğunu görürük. Hər hansı bir dövrün müasiri olan personajı yaşatmaqsa elə sənətin fövqündə durmaq, sənəti yaşatmaq deməkdir.
   
   Şəhla Bürcəliyeva,
   kinoşünas






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar