Sentyabrın 1-də Rusiya Federasiyasında yeni tədris ilinin başlanması - Bilik günü Moskva şəhərindəki Kərim Kərimov adına 1583 nömrəli gimnaziyada bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.
Sovet kosmonavtikasının əfsanələrindən sayılan həmyerlimizin adını daşıyan təhsil ocağındakı tədbirə qatılan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) nümayəndələri İlqar Hacıyev və Aybəniz Rüstəmova qurumun prezidenti Fazil Qurbanovun adından müəllim və şagirdləri təbrik ediblər.
Qonaqlar gimnaziyada təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Vurğulanıb ki, Moskva Şəhər Departamentinin köməyi ilə məktəbdə Azərbaycan dilinin tədrisi davam etdirilir, kosmonavtika muzeyi, Azərbaycan milli geyimlərinin, musiqi alətlərinin və s. qorunub saxlandığı "Birlik" klubu fəaliyyət göstərir.
Gimnaziyanın direktoru Svetlana Dvoryantseva ilə görüşdə ÜAK nümayəndələri sovet kosmik proqramlarının əsasını qoyanlardan biri olan, general-leytenant Kərim Kərimovun 100 illik yubileyinin təhsil ocağında keçirilməsi məsələsini də müzakirə ediblər.
* * *
Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına məktəbdə də Bilik gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə şəhər bələdiyyə başçısının müavini Lyubov Plyuşenko, şəhər Dumasının deputatı Vladimir Suxarev, Həştərxanın fəxri vətəndaşı Ədalət Hüseynov, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda şəhərdə Heydər Əliyev adına məktəbin fəaliyyət göstərməsinin Həştərxan vilayəti ilə Azərbaycan arasında dostluq və əməkdaşlığa bariz nümunə olduğu vurğulanıb.
Tədris ocağının direktoru Tatyana Tixomirova məktəb binasının fasadının yenilənməsinə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.