Daşkənddəki Dostluq parkında bu ölkədə yaşayan müxtəlif xalqların nümayəndələri Özbəkistanın dövlət müstəqilliyinin 26-cı ildönümü (1 sentyabr 1991) ilə bağlı bayram şənliyi keçiriblər. Tədbirdə Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMM) də iştirak edib.
Azərbaycan guşəsində ölkəmizin tarixi və mədəniyyəti, müasir inkişafı haqqında kitablar, suvenirlər nümayiş etdirilib.
Konsert proqramında Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
RAMM-in icraçı direktoru Firdovsi Hüseynov bildirib ki, Özbəkistanda 60 minə yaxın azərbaycanlı yaşayır. Onlar müxtəlif sahələrdə çalışır və Özbəkistan Müstəqillik günü onların da sevimli bayramlarından biridir.