Sentyabrın 6-da Milli Kitabxanada mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə “Üzeyir musiqi günü”nə və Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına hazırlığa həsr olunmuş müşavirə keçirildi. Tədbirdə nazirliyin müvafiq şöbə və sektorlarının, teatr-konsert müəssisələrinin, muzeylərin rəhbərləri iştirak edirdi.
   Nazir müavini müşavirədə çıxış edərək 18 sentyabr - “Üzeyir musiqi günü” haqqında məlumat verdi. Bildirdi ki, bu əlamətdar gün 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsis edilib və hər il milli musiqi bayramı kimi təntənəli şəkildə qeyd olunur. 2009-cu ildən isə Üzeyir Hacıbəylinin doğum günündə beynəlxalq musiqi festivalına start verilir. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən festival ölkəmizin mədəni həyatında özünəməxsus yer tutur. 
   Diqqətə çatdırıldı ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzaladığı müvafiq əmrdə festivalla bağlı görüləcək bütün işlər əksini tapıb. Bununla bağlı qərargah yaradılıb və qərargahın üzvləri görüləcək işlərin həyata keçirilməsinə nəzarət etməlidir. Bundan əlavə, nazirliyin İncəsənət, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbələri, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Azərbaycan Dövlət Filarmoniyası və digər əlaqədar təşkilatlara tədbirin keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
   Ədalət Vəliyev bildirdi ki, sentyabrın 18-dən 26-dək davam edəcək Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Rusiya, Gürcüstan, Fransa, Bolqarıstan, Ukrayna və İrandan musiqiçilər iştirak edəcək. Festivala Münxen Simfonik Orkestri (Almaniya), Novosibirsk Filarmonik Orkestri (Rusiya), Rusiya Fortepiano Triosu, Başkənd Akademik Orkestri (Türkiyə), Gürcüstan xoru və digər tanınmış kollektivlər qatılacaq.
   Festival öncəsi ənənəvi olaraq Fəxri xiyabanda Üzeyir Hacıbəylinin və ulu öndər Heydər Əliyevin məzarları ziyarət ediləcək, Azərbaycan Milli Konservatoriyasının qarşısında musiqili proqram, daha sonra Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində “Güllələnmiş abidələr”in ziyarət edilməsi nəzərdə tutulub. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında mərasimlə davam edəcək. Sentyabrın 18-də axşam Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festivalın rəsmi açılış mərasimi olacaq, konsert proqramı təqdim ediləcək.
   Müşavirədə festival müddətində həyata keçiriləcək işlərlə bağlı Azərbaycan Bəstəkarlar İttifaqı, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Dövlət Uşaq Filarmoniyası və digər qurumlara tapşırıqlar verildi. 
   Qeyd olundu ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Bakı Musiqi Akademiyası tədbirin təşkilinə nəzarəti həyata keçirməli, əhalinin məlumatlandırılmasını təşkil etməlidir. Şuşa Dövlət Musiqili Dram Teatrının bu tədbirlərdə daha fəal iştirakı təmin olunmalıdır. Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı ərəfəsində müvafiq təşkilatlarda Üzeyir bəyin yaradıcılığı, festivalın mahiyyəti barədə tədbirlərin keçirilməsinin vacibliyi də diqqətə çatdırıldı. Vurğulandı ki, teatr-konsert müəssisələri “Üzeyir musiqi günü” və festival çərçivəsində görəcəkləri işlər barədə ictimaiyyətə mütəmadi məlumat verməlidir. Həmçinin Milli Kitabxanada Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbirin keçirilməsi ilə bağlı tapşırıq verildi. 
   
   Fariz Hüseynov