Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 86-cı teatr mövsümünü sentyabrın 16-da açacaq. Həmin gün S.Marşakın “Pişiyin evi” tamaşası nümayiş olunacaq.
Teatrın istedadlı gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan birhissəli tamaşa kuklalarla yanaşı, canlı planda aktyor oyunu üzərində qurulur. Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalı kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
Tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır. Rolları Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, Cavid Telman, Rəhilə İbadova, Aygül Ağayeva, Samirə Nəcəfova və Vüsal Hüseynov ifa edirlər.