Azərbaycanın Şamaxı və İsrailin Tiral Karmel şəhərləri arasında dostluq haqqında müqavilə imzalanıb. Bu məqsədlə Şamaxıya gələn Tiral Karmel şəhərinin meri Tal Ariyenin rəhbərlik etdiyi nümayəndə heyəti qədim şəhərlə tanış olub.
Sentyabrın 5-də Heydər Əliyev Mərkəzində şəhərlər arasında dostluq haqqında müqavilənin imzalanması mərasimi keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev qonaqlara Şamaxının coğrafi mövqeyi, tarixi, sosial-iqtisadi həyatı, turizm imkanları barədə məlumat verib. Dostluq haqqında müqavilənin qardaşlaşma üçün xüsusi önəm daşıdığını bildirən icra başçısı iki şəhər arasında əlaqələrin sıx olacağına, qarşılıqlı təcrübənin öyrənilməsi istiqamətində mütəmadi olaraq görüşlərin keçiriləcəyinə əmin olduğunu vurğulayıb.
İsrailin Azərbaycandakı səfirinin müavini Avital Ayzenberq, Şulami Mərkəzinin rəhbəri, “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Direktorlar Şurasının üzvü Şaul Siman Tov, assosiasiyanın baş direktoru Lev Spivak və başqaları Azərbaycan-İsrail əlaqələrindən danışıb, münasibətlərin dostluq prinsipləri üzərində qurulduğunu söyləyiblər.
Görüşdən sonra qonaqlar “Aqro” MMC-nin Meysəri kəndindəki şərab zavodunda və üzüm plantasiyalarında, həmçinin AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar.
* * *
İsrailin Tirat Karmel şəhərinin meri Ariye Talın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 6-da İsmayıllıya gəlib. Qonaqları qəbul edən İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov onlara İsmayıllının tarixi, sosial-iqtisadi həyatı barədə məlumat verib.
Ariye Tal iki il bundan əvvəl də İsmayıllıda olduğunu deyib. Bildirib ki, 23 min nəfər əhalisi olan Tirat Karmel şəhəri də İsmayıllıya oxşayır. Xalqlarımız arasında dostluq və qardaşlıq münasibətləri var.
Nümayəndə heyətinin üzvü Saul Siman Tov qeyd edib ki, onun ulu babası Yəhya İsmayıllıda yaşayıb, məktəb direktoru olub. O, ana vətəninə - İsmayıllıya gəldiyi üçün özünü xoşbəxt hiss etdiyini deyib.
Səfər çərçivəsində qonaqlar Azərbaycan misgərlik sənətini əsrlərdir yaşadan Lahıc qəsəbəsində də olublar.