Xalq oyunlarımıza əsaslanaraq daha geniş miqyasda türk dünyasında oyunun və meydan tamaşalarının milli kimliyin formalaşmasında rolunu anlamaq mümkündür
AMEA-nın Folkor İnstitutunun Müasir folklor şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayat insan yaşamında oyunun mahiyyətini açan araşdırmanın müəllifidir. Alimin bir neçə ay öncə çapdan çıxan “Şamandan səmazənə: oyun və oyunçu” kitabı bu mövzuya həsr olunub. Beləliklə, oyun nədir?
F.Bayat bildirir ki, biz dünyanı, əhatəmizdəki təbiəti, özümüzü oynayaraq dərk edirik. Oyun bizi özümüzə tanıdan, bizi başqa bir aləmə götürən insanın əsas məşğuliyyətidir. O, bu gün ritual məzmununu itirsə, anlamını dəyişsə, məzmununu azaldıb-çoxaltsa da, hər zaman var olaraq qalacaq. Hər bir oyunun müəyyən hədəfi, hədəfə çatmaq üçün qaydaları var: “Azərbaycan xalq oyunlarına əsaslanaraq daha geniş miqyasda türk dünyasında oyunun və meydan tamaşalarının milli kimliyin, duyğuların formalaşmasında rolunu anlamaq mümkündür. Çünki Azərbaycanın ayrı-ayrı yerlərində rast gəlinən oyun və meydan tamaşaları çox az fərqlə türk dünyasının başqa bölgələrində də var. Xalq teatrı ünsüründən ibarət olan oyunların çoxuna Türkiyədə, Orta Asiyada, Altay-Sayanda və Sibirdə rast gəlmək olur”.
Alim deyir ki, türk dünyasının oyunları bir az məzmun, kompozisiya, ad baxımından fərqlilik göstərsə də, bu, kökü qan qohumluğuna dayanan eyni millətin müxtəlif xalqlarının coğrafi, dini, mədəni fərqliliyi ilə formalaşmış oyun növüdür: “Azərbaycanın və türk dünyasının ayrı-ayrı bölgələrindən yazıya alınmış oyun və meydan tamaşalarının çoxu bölgəsəl variantlaşma səviyyəsindədir. Nəşr olunan oyun mətnlərinin çoxu nəinki Azərbaycanın bölgələrində, həmçinin türk dünyası üçün də ortaqdır. Məsələn, “Aşıq oyunu”, “Evcik”, “Halay”, “Cirit” və başqa savaş oyunları, “Dirədöymə”, “Eşşəkbeli” və s. variant xarakterli nümunələrdən ibarətdir. Buna baxmayaraq, Azərbaycan üçün xarakterik olan oyun və meydan tamaşaları da var. “Maral oyunu”, “Baharbənd”, “Kilimarası oyunu”, “Xan-vəzir”, “Qığ-mərə” və s. türk dünyasının başqa bölgələrində ya yoxdur, ya da çox fərqli variantlarda mövcuddur”.
Oyun cəmiyyət həyatını və dünyanı qavrama, özünəməxsus biçimləndirmə və bu biçimin ifadə tərzidir. Təbii ki, hər millətin oyuna özünəməxsus baxışı var. F.Bayatın fikrincə, türk milləti üçün oyun həm qutsalın yamsılanması, həm əyləncə, həm də zövq almaq yoludur. O, keçmişlə bugünü birləşdirən körpüdür, bizi öyrədən, tərbiyə edən, duyğu aləmimizi dilə gətirən vasitədir, yardımlaşmağı, paylaşmağı, sosiallaşmağı saxlayan gücdür. Ona görə də oyunlar çeşidləndikcə birində estetiklik, o birində sənət yönü, birində qutsallıq, digərində tərbiyə, təlim, bir başqasında əyləncə, yaşama və ya savaşa hazırlıq ön plana çıxır. Məsələn, “Kosa-kosa”, “Tənbəl qardaş” oyunları əyləncəli, cirit, oxatma yarışları, börü-oğlaq, çövkən savaş hazırlığı, top oyunları zövq almaq üçündür.
Bəs oyunlar necə təsnif edilir? Oyunlar ağlı, gücü, bədəni, hissiyyatı inkişaf etdirən və ya təmsil edən kateqoriyalara bölünür. Ancaq oyunlar xalqların etnik özəlliklərinə, yerləşdikləri coğrafiyaya, dinlərinə görə dəyişir: “Oyunun təsnifatından danışarkən öncə uşaq oyunları ilə böyüklərin oyununu bir-birindən ayırmaq gərəkdir. Azərbaycan xalq oyunlarının təsnifatında rast gəlinən boşluq türk xalq oyunlarının indiyə kimi müqayisəli araşdırılmamasından irəli gəlir. Doğrudur, türk xalq oyunlarının qarşılıqlı şəkildə öyrənilməsi ciddi məsələdir, yaxın zamanın da işi deyil. Oyunlarımızı belə təsnif etmək mümkündür: cıdır oyunları; meydan oyunları; atüstü oyunlar; otüstü oyunlar; yekbə oyunlar; sim oyunları; kəndirbaz oyunu; gözbağlıca oyunu; zorxana oyunları; milli güləş, şahmat, nərd və dama oyunları”, - deyə professor F.Bayat fikrini izah edir.
Bəzi oyunlar xarakterik cəhətlərinə görə bir-birindən seçilir. Bu baxımdan əsasən gənclərin oynadığı “Dirədöymə”, “Çilingağac”, “Bənövşə”, “Top çalada”, “Aşıq-aşıq” və “Qayış götürdü” oyunları; uşaq və gənclər arasında oynanılan, dəstələrə bölünən və şeirlə ifa olunan “Sanama”, “Motal-motal”, “Təkləmə”, “Tapın görək”, “Yelləncək”, “Öcəşmə”, “Püşk”, dəstələrə bölünmədən oynanılan “Ənzəli”, “Yeddi ağac”, “İynə-iynə”, “Motal-motal”, “Əmim oğlu”, Novruz bayramı ərəfəsində oynanılan “Yumurta döyüşdürmə“, “Yelləncək”, “Fincan-fincan”, “Ənzəli”, “Eşşək beli sındırdı”, “Cıdır oyunu”, “Baca-baca”, “Çiləmə”, “Kosa-kosa” və s. oyunları göstərmək olar.
Cəldlik, çeviklik oyunları: “Dəsmal aldı qaç”, “Gizlənqaç”, “Xan-vəzir”; fiziki hərəkətləri yoxlamaq, təkbətək döyüşü göstərən oyunlar: “Qurşaqtutma”, “Cıdır”, “Zorxana”; yalnız kiçikyaşlı uşaqların oynadığı “Evcik-evcik”, “Beşdaş”, “Lal-dinməz”, “Mərə”, “Qəzmədaş”, “Siçan-pişik” və s. oyunlar da xarakterik cəhətləri ilə fərqlənir. Bundan başqa, oyunların çoxunun başlanğıcı “Püşk”, “Halay” və ya “Sanama” oyunu ilə başlayır.
Türk dünyasında oyun haqqında ilk bilgini Mahmud Kaşğarlının verdiyini nəzərə alaraq demək mümkündür ki, zəngin oyun mədəniyyətimiz XI yüzildən bilim dünyasının marağına səbəb olub. Professor bildirir ki, M.Kaşğarlı “Divanü lüğətit-türk” əsərində “Təpik”, “Köçürmə”, “Müngüz-müngüz”, “Ötüş” və s. kimi oyunların özəllikləri haqqında məlumat verməklə oyunun türklərdə əskidən var olduğunu göstərmək istəyib. Burada “oyun” terminini bugünkü mənasında ilk dəfə XI yüzildə Kaşğarlı Mahmudun işlətdiyini də qeyd etmək lazımdır.
Bildirək ki, Azərbaycanda və türk dünyasında cəza üzərində qurulan bir çox oyunlar var. Bunlara oyun içində oyun və ya cəza üzərində qurulan oyunlar demək mümkündür. F.Bayat: “Cəza dedikdə, oyunçunun oyunun qaydalarını pozması və oyundan uzaqlaşdırılması, mahiyyət baxımından oyunun bütövlükdə cəza üzərində qurulması başa düşülür. İstər oyunçuya cəza verilib oyundan çıxarılsın, istərsə də oyun cəza üzərində qurulsun - hər iki halda oyunun prinsipi pozulmur. Ona görə də oyunçuların haqları, yarışdakı yerləri, oyundakı rolları demokratik qayda ilə təyin olunur. Beləliklə, uşaq dünyasının tərkib hissəsi olan oyunlar uşaqlara bilinməyən bir aləmin qapılarını açmış olur. Oyun uşağın sosiallaşmasında, fərd kimi özünü kəşf etməsində, insan kimi böyüməsində önəmli rol oynayır”.
Təbii ki, oyunun başlıca vasitəsi oyuncaqdır. Professor qeyd edir ki, oyuncaq uşaq dünyasının ayrılmaz parçası olub, onun cəmiyyətə uyğunlaşmasında başlıca yer tutur. Əski çağlarda oyuncaqlar əsasən, bişmiş gildən, taxtadan, müxtəlif parçalardan düzəldilirdi. Öncə əldə xüsusi zövqlə düzəldilən, daha sonralar fabriklərdə istehsal edilən oyuncaqlar yalnız imkanlı ailələrdən uşaqların oynaya bildiyi oyuncaqlar idi.
S.Qaliboğlu