Türkiyəli professor, tanınmış folklorşünas alim Əli Kafkasiyalı bu günlərdə Azərbaycan Aşıqlar Birliyinin qonağı olub.
Bu barədə məlumat verən Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu qeyd edib ki, Əli Kafkasiyalı əslən Azərbaycandandır və Azərbaycan aşıq sənətinin Türkiyədə təbliği sahəsində böyük xidmətləri var. XX əsr aşıq sənətimizin görkəmli nümayəndəsi Mikayıl Azaflının ədəbi irsi Türkiyədə məhz onun sayəsində nəşr olunub. O, eyni zamanda “Güney Azərbaycan aşıq mühitləri” adlı sanballı monoqrafiyanın müəllifidir.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə görüşdə qonaq bildirib ki, ölkəmizə budəfəki gəlişində əsas məqsədi qurumla işbirliyinin genişləndirilməsidir.
Səmimi keçən görüşdə aşıq sənətinin tədqiqi və daha geniş miqyasda təbliği ilə bağlı maraqlı fikir mübadiləsi aparılıb, iki ölkə aşıqlarının və bu sənətin tədqiqi ilə məşğul olan mütəxəssislərin birgə iştirakı ilə tədbirlərin keçirilməsinin və bu sahədə mövcud ənənələrin yaşadılmasının zəruriliyi vurğulanıb.
Ə.Kafkasiyalı qeyd edib ki, yaxın zamanlarda Türkiyənin Qars və Ərzurum şəhərlərində aşıq sənəti ilə bağlı böyük tədbirlər keçiriləcək. Ərzurumda keçiriləcək Türk dünyası folklor festivalı sayca onuncu - yubiley festivalıdır. Hər iki tədbirin eyni zamanda Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı və yaxından iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Görüşün sonunda maraqlı təkliflərinə görə qonağa təşəkkür edən professor Məhərrəm Qasımlı Aşıqlar Birliyinin son dövrlərdə gördüyü işlər barədə məlumat verib, ona “Günümüzün ustad aşıqları” seriyasından nəşr olunmuş kitabları hədiyyə edib.