Hər bir uğurlu tamaşanın ərsəyə gəlməsini ilk növbədə rejissorun adı ilə bağlayırlar. Yalnız rejissor əsəri bütöv görə, onun necə təsir bağışlayacağını əvvəlcədən duya bilir. Azərbaycan teatr səhnəsindən neçə-neçə görkəmli rejissorlar gəlib keçib, verdikləri maraqlı quruluşlarla bu sənətin zənginləşməsində mühüm rol oynayıblar. Xalq artisti Ələsgər Şərifov teatr rejissorlarımız arasında öz dəst-xətti ilə seçilən sənətkarlardandır.
Ələsgər Məmmədtağı oğlu Şərifov 25 dekabr 1909-cu ildə Şamaxı şəhərində dünyaya göz açıb. Uşaq ikən ailəsi Bakıya köçür və o, ilk təhsilini burada alır. Erkən çağlardan əmisi oğlu, görkəmli səhnə ustası Abbasmirzə Şərifzadə onda sənətə maraq yaradır. 1923-cü ildə Bakıda yeni açılan Teatr Texnikumuna qəbul olunur. Tələbəlik illərində Mustafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı və Süleyman Səlimbəyovun ayrı-ayrı vaxtlarda rəhbərlik etdikləri Şvarts adına klubun dram dərnəyində “İblis” , “Aydın”, “Sevil”, “Oqtay Eloğlu”, “Qaçaqlar”, “Qaçaq Kərəm” tamaşalarında baş rolları oynayır.
1926-cı ildə təhsilini başa vurur. Ali təhsil almaq məqsədilə Moskva şəhərinə yollansa da, bu arzusu baş tutmur. Bakıya qayıdaraq səhnə fəaliyyətini davam etdirir. İki il sonra yenidən Moskvaya gedir. Teatr Sənəti İnstitutunun eksperimental teatr emalatxanasında rejissor Vsevolod Meyerholdun kursunda iki il təhsil alır. Ali rejissor diplomu ilə Bakıya dönür. Akademik Dram Teatrının yaradıcı heyətinə işə qəbul olunur.
Həmin ərəfədə bölgələrdə əhalinin mədəni səviyyəsini yüksəltmək məqsədilə Bakıda kolxoz-sovxoz teatrı yaradılır. Bədii rəhbərlik Ə.Şərifova tapşırılır. Səyyar fəaliyyət göstərən kollektiv ilin iki-üç ayı tamaşalar hazırlayır. Sonra həmin repertuarla kənd zəhmətkeşləri qarşısında tamaşalar göstərir. Rejissor Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun”, Cəfər Cabbarlının “Almaz”, “Sevil” və “Yaşar” pyeslərini tamaşaya qoyur.
Sənətdə tez bir zamanda tanınan rejissor Akademik Dram Teatrı kollektivinin sevimlisinə çevrilir. 1934-cü ildə teatra rejissor təyin edilir. Bir il sonra bu teatrda ilk müstəqil işi kimi Qurban Musayevin “Qızıl çeşmə” dramına quruluş verir. Daha sonra Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”, İmran Qasımovun “Arzu”, Məmmədhüseyn Təhmasibin “Bahar”, “Aslan yatağı”, Cəfər Cabbarlının “Oqtay Eloğlu”, “Sevil”, “Od gəlini”, Abdulla Şaiqin “Nüşabə”, Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri”, Hüseyn Cavidin “Səyavuş”, Qeybulla Rəsulovun “Söz yarası”, Mirzə İbrahimovun “Közərən ocaqlar”, Seyfəddin Dağlının “Mənziliniz mübarək!” pyeslərinin quruluşçu rejissoru olur. Görkəmli sənətkar Aleksandr Ostrovskinin “Cehizsiz qız”, “Tufan”, ”Günahsız müqəssirlər”, Anton Çexovun “Vanya dayı”, Avksenti Saqarelinin “Xanuma” , Nazim Hikmətin “Məhəbbət əfsanəsi” əsərlərini də səhnələşdirir. Onun quruluş verdiyi bu tamaşalar böyük bir aktyor nəslinin püxtələşməsində mühüm rol oynayır.
Ə.Şərifov görkəmli aktyor və rejissor Adil İsgəndərovla birgə Rəsul Rzanın “Vəfa”, Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”, Hüseyn Cavidin “Şeyx Sənan”, Cabbar Məcnunbəyovun “İliç buxtası”, Tofiq Kazımovla isə Branislav Nuşiçin “Nazirin xanımı” əsərlərinin tamaşalarını hazırlayıb.
Araşdırmalarda qeyd olunur ki, onun quruluşlarında rejissor işi - fantaziya, yeniliklər, poetika prinsipləri və estetik çalarlar ikinci planda verilib. Klassik və müasir rus dramaturqlarının məşhur əsərlərinə daha çox müraciət edən sənətkarın tərtibatı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Ə.Şərifov ölkəmizin digər teatrlarında da tamaşalar hazırlayıb. Gənc Tamaşaçılar Teatrında Mirmehdi Seyidzadənin “Qızıl quş”, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Səməd Vurğunun “Xanlar” və Nikolay Poqodinin “Kreml saatı”, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında H.Cavidin “Şeyx Sənan” əsərlərinə səhnə həyatı verib.
Onu da qeyd edək ki, tanınmış rejissor özünü kinoda aktyor kimi də sınayıb, “Səbuhi” filmində görkəmli şair, pedaqoq Mirzə Şəfi Vazeh obrazını canlandırıb. Rejissorun teatr sənətinin inkişafında göstərdiyi xidmətlər yüksək qiymətləndirilib, o, 1943-cü ildə Əməkdar artist, 1960-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Ələsgər Şərifov 9 sentyabr 1982-ci ildə vəfat edib.
Savalan Fərəcov