Paytaxtın Nizami rayonundakı Heydər Əliyev parkında məktəblilər üçün kitab sərgi-yarmarkası təşkil olunub
Sentyabrın 12-də Paytaxtın Nizami rayonu ərazisindəki Heydər Əliyev parkında yeni dərs ilinin başlanması münasibətilə “Kitab bayramı- 2017” sərgi-yarmarkasının açılış mərasimi keçirildi.
Sərgi-yarmarka Mədəniyyət və Turizm Nazirliyi, Nizami Rayon İcra Hakimiyyəti və Respublika Kitabxana Kollektorunun təşkilatçılığı ilə ərsəyə gəlib.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev sərgi-yarmarkanın əhəmiyyətindən danışdı: “Bir neçə gündən sonra respublikamızda Bilik günü qeyd olunacaq. Hər il ənənəvi olaraq respublikamızın bütün guşələrində bu bayram geniş şəkildə qeyd edilir. Bu gün bura toplaşmağımızın əsas məqsədi biliyə, savada və mütaliəyə önəm vermək, gənc nəsildə kitaba maraq oyatmaqdır”.
Vurğulandı ki, kitabın təbliği, yayımı və satışı ilə məşğul olan Respublika Kitabxana Kollektoru cari ildən etibarən qapılarını kitabsevərlərin üzünə açır və ünvanını kitabın təbliği ilə tanıtmağı əsas hədəf seçib.
Sərgi-yarmarkanın işinə uğurlar arzulayan Vaqif Əliyev qarşıdan gələn 15 sentyabr - Bilik günü münasibətilə bütün məktəbliləri təbrik etdi.
Qeyd edək ki, sentyabrın 22-dək davam edəcək sərgi-yarmarka saat 09:00-dan 19:00-dək ziyarətçiləri qəbul edəcək.
Fariz Hüseynov