Xəbər verdiyimiz kimi, sentyabrın 8-də Daşkənddə “Uzbegim” adlı ənənəvi mədəniyyət festivalı keçirilib. Tədbirə bir sıra ölkələrin və beynəlxalq təşkilatların təmsilçiləri, “Ginnesin rekordlar kitabı”nın nümayəndələri, səfirlər, yerli və xarici jurnalistlər qatılıb.
   Festivalda ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov təmsil edib.
   Tədbir çərçivəsində tətbiqi sənət və qastronomik yarmarka, tətbiqi sənət üzrə ustad dərsləri, folklor şou proqramı, kəndirbazların əyləncəli tamaşaları olub və digər xalq oyunları, “Uzbegim” kitabının təqdimatı keçirilib.
   
   Dünyanın ən böyük plovu 
   
   Özbək aşpazlar “Ginnesin rekordlar kitabı”na düşmək üçün 4,2 metr diametri, dərinliyi 1,5 metr olan nəhəng qazanda plov bişiriblər. Səkkiz tonluq plovun hazırlanmasında Özbəkistanın müxtəlif yerlərindən 50 aşpaz iştirak edib. Təşkilatçıların məlumatına görə, plovun hazırlanmasında 1500 kiloqram qoyun, 450 kiloqram mal əti, 400 kiloqram bitki yağı, 200 kiloqram quyruq yağı, 1900 kiloqram düyü, 270 kiloqram kök, 220 kiloqram soğan, 57 kiloqram duz, 350 litr su, həmçinin müxtəlif ədviyyatlar işlənib.
   “Ginnesin rekordlar kitabı”nın nümayəndəsi Steninq Riçard jurnalistlərə bildirib ki, özbək milli yeməkləri dünyada yüksək qiymətləndirilir. Onun sözlərinə görə, rekord kimi qeydə alınmaq üçün yemək hazırlanan ərzağın çəkisi dörd tondan artıq olmalıdır. Festivalda bişirilən 8 ton özbək plovu “Ginnesin rekordlar kitabı”na daxil edilib və bununla əlaqədar özbək tərəfinə müvafiq sertifikat təqdim olunub.
   
   Nümayəndə heyəti Azərbaycan Mədəniyyət Mərkəzi ilə tanış olub
   
   “Uzbegim” ənənəvi mədəniyyət festivalında iştirak edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov ölkəmizin Daşkənddəki səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) olublar.
   Qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə çiçək dəstələri qoyublar. Mərkəzin direktoru Samir Abbasov burada yaradılan Heydər Əliyev muzeyi, Azərbaycanın dövlətçilik tarixi muzeyi haqqında məlumat verib. Qonaqlar mərkəzdə fəaliyyət göstərən naxıştikmə və əl işləri, rəqs və kompüter dərnəkləri, Azərbaycan dili və kompüter kursları ilə də tanış olub, AMM-in çap etdirdiyi kitablara baxıblar.
   Mədəniyyət mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının çıxışı maraqla qarşılanıb.