Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycandakı Höte Mərkəzinin yeni təyin edilmiş rəhbəri Alfons Huq və Almaniyanın ölkəmizdəki səfirinin müavini, səfirliyin Mədəniyyət və iqtisadiyyat şöbəsinin müdiri Tereza Şönfelt ilə görüşüb.
Sevda Məmmədəliyeva qonaqları salamlayaraq mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq barədə danışıb. Höte Mərkəzinin açılmasının əməkdaşlığa töhfə verəcəyi qeyd olunub.
Görüşdə bu sahədə həyata keçirilən və təklif olunan layihələr barədə fikir mübadiləsi aparılıb. Nazir müavini Azərbaycanın Almaniyada mədəniyyət və turizm tədbirlərində iştirak etdiyini, ölkəmizin mədəni irsinin Almaniyanın bir sıra şəhərlərində təbliğ edildiyini diqqətə çatdırıb.
Tereza Şönfelt Cənubi Qafqazda alman məskənləri ilə bağlı Azərbaycanın Göygöl, Şəmkir və belə məskənlərin vaxtilə mövcud olduğu digər bölgələrdə həyata keçirilən layihələrin reallaşdırılmasına göstərilən dəstəyə görə Almaniyanın ölkəmizdəki səfirliyi adından minnətdarlığını ifadə edib.
Sevda Məmmədəliyeva öz növbəsində Mədəniyyət və Turizm Nazirliyi ilə Höte Mərkəzi arasında əməkdaşlığın məhsuldar olacağına inamını ifadə edib.