Seulda Beynəlxalq Memarlar İttifaqının (BMİ) növbəti konqresi keçirilib. 124 ölkənin təmsil olunduğu konqresdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Heyətə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, memarlar daxil olub. Toplantıda E.Qasımzadə Beynəlxalq Memarlar İttifaqının Büro üzvü seçilib.
Üç ildən bir keçirilən konqres çərçivəsində müxtəlif tədbirlər - sərgilər, simpoziumlar, konfranslar təşkil olunub. Sentyabrın 10-da Azərbaycana həsr olunan təqdimat keçirilib.
Anar Ələkbərov Azərbaycanın son illər bir çox beynəlxalq tədbirlərə, idman yarışlarına, mədəni və humanitar forumlara yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib, ölkəmizin gələcəkdə Beynəlxalq Memarlar İttifaqının konqreslərini təşkil etməyə hazır olduğunu deyib. Elbay Qasımzadə ölkəmizin memarlıq ənənələrindən, son illər inşa olunan və memarlıq nöqteyi-nəzərindən diqqət cəlb edən binalardan danışıb.
Sonra ölkəmizin tarixi, təbii gözəllikləri, mədəni irsi, memarlıq abidələrinə dair film nümayiş etdirilib.
Konqres çərçivəsində keçirilən sərgidə Heydər Əliyev Fondunun dəstəyi ilə “Bakı Şərq və Qərb memarlığının kəsişməsində” adlı geniş guşə və pavilyon fəaliyyət göstərib.
Pavilyon və guşədə Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini, memarlığını, ədəbiyyatını, turizm imkanlarını təbliğ edən vəsaitlər, o cümlədən müxtəlif nəşrlər, xalça və milli geyim nümunələri, musiqi alətləri, Bakının tarixi və müasir memarlıq abidələrinin maketi, əl işləri, milli ornamentli suvenirlər nümayiş olunub.
Konqres çərçivəsində, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Memarlar İttifaqı və Koreya Respublikasındakı səfirliyimiz tərəfindən “Azərbaycan gecəsi” keçirilib. Gecədə Azərbaycanın tarixi və müasir memarlıq nümunələrini, təbiət gözəlliklərini əks etdirən fotosərgi təşkil olunub.
Beynəlxalq Memarlar İttifaqının vitse-prezidenti Heydər Əli Azərbaycan ilə bağlı təəssüratlarını bölüşərək, ölkəmizin qədim və zəngin mədəniyyətə sahib olduğunu deyib. O, Azərbaycanda şahidi olduğu inkişafı, ölkə rəhbərliyinin mədəniyyətin qorunması və inkişafına göstərdiyi diqqəti yüksək qiymətləndirib.
“Azərbaycan gecəsi”ndə “Mirvari” rəqs ansamblı üzvlərinin, tarzən Şəhriyar İmanov və onun qrupunun ifasında milli rəqslərimiz, Azərbaycan etno-caz musiqisindən ibarət konsert proqramı təqdim olunub. İştirakçılar Azərbaycan mətbəxi nümunələrinin dadına baxıblar.