İranın Parsabad şəhər Mədəniyyət idarəsinin rəisi Qərib Mənuçehri Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında olub.
Qonaq teatrın binası, tamaşa zalı, geyim və dekorasiya sexləri ilə tanış olub, həmçinin yeni səhnə əsərinin məşq prosesini izləyib.
Yaradıcı kollektivlə görüşdə Qərib Mənuçehri aktyorların professionallıq səviyyəsini xüsusi qeyd edib: “Sizin kollektivin potensialına hələ 10 il öncə - parsabadlı sənətçilərin şəhərinizdə, teatrınızın səhnəsində oynadıqları “Nəsimi” tamaşasından sonra bələd olmuşam. İyunun sonlarında Parsabadda qastrol səfəriniz də yüksək səviyyədə keçdi”.
Teatrın direktoru Tofiq Heydərov, Xalq artisti Qabil Quliyev belə görüşlərin və əməkdaşlığın iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə olduğunu vurğulayıb, Parsabad şəhərinə səfər zamanı gördükləri qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.