Forum zamanı “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı təqdimatların edilməsi də gözlənilir
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 8-də İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Stalderi qəbul edib.   
   Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri və perspektivlər müzakirə edilib.
   Səfir hazırda ölkəmizdə turizmin sürətlə inkişaf etdiyini vurğulayaraq Azərbaycanın bölgələrinə səfərləri barədə təəssüratlarını bölüşüb. Diplomat eyni zamanda mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.
   Əbülfəs Qarayev 2009-cu ildə İsveçrədə Azərbaycanla bağlı mədəniyyət tədbirlərinin keçirildiyini xatırladaraq bu sahədə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu bildirib.
   Səfir F.Stalder 23-26 yanvar 2018-ci il tarixində Davos Forumu çərçivəsində mədəniyyət nazirlərinin konfransının keçiriləcəyini bildirərək bununla bağlı İsveçrənin federal kansleri Valter Törnherin dəvət məktubunu Əbülfəs Qarayevə təqdim edib.
   Nazir dəvətə görə təşəkkür edib və Davos Forumu çərçivəsində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılan mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin 10 illik yubileyi münasibətilə təşkil olunacaq tədbirlərin təqdimatlarının edilməsi imkanlarının nəzərdən keçiriləcəyini deyib.
   Sonda səfir səmimi qəbula görə minnətdarlığını bildirib.