Ölkə teatrları yeni sənət mövsümünün açılışına hazırlaşırlar. Ötən saylarımızda Akademik Milli Dram, Opera və Balet, Gənc Tamaşaçılar, Kukla, Yuğ teatrlarının mövsüm yenilikləri barədə məlumat vermişdik.
Azərbaycan Dövlət Musiqili Teatrı yeni, 108-ci mövsümünə sentyabrın 16-da dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası ilə start verəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, kollektiv ənənəvi olaraq yeni mövsümü dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” ikihissəli komediyası ilə açır. Çünki Azərbaycanda musiqili teatrın əsası 1910-cu ildə bu ölməz səhnə əsəri ilə qoyulub.
Musiqili Teatr məhz bu tamaşa ilə ölkəmizi xaricdə də uğurla təmsil edir. Səhnə əsəri ötən mövsümdə İranda keçirilən 35-ci Fəcr Beynəlxalq teatr festivalında, eləcə də iyun ayında İranda Azərbaycan mədəniyyəti günlərində təqdim olunub.
Tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Elxan İsmayılov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və Fərid Rzayev ifa edəcəklər.
* * *
Azərbaycan Dövlət Pantomima Teatrında yeni mövsüm sentyabrın 23-də “Qoca və Mələk” tamaşası ilə başlayacaq. Rejissor Elnur Rzayevin quruluşunda təqdim ediləcək tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir.
Plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur. Səhnə əsərinin premyerası cari il mayın 6-da baş tutub.
* * *
Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi yeni mövsümü Anton Çexovun “Vanya dayı” tamaşası ilə açacaq.
Teatrın direktoru Əli Qasımov bildirib ki, sentyabrın 16-da təqdim olunacaq səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlovadır. Əsas rolları Xalq artisti Alim Məmmədov, əməkdar artistlər Ramiz Vəliyev, İlham Hüseynov, Novruz Cəfərov və başqaları oynayır.