Azərbaycan ilə İndoneziyanın arasında köhnə kişilər demişkən, bir dünya yol var. Amma anlayışların, məramların uyğunluğu, qarşılıqlı əməkdaşlıq etmək istəyi dünya uzunluğunda yolları da qısaldır.
Sakit və Hind okeanının sularına səpələnmiş adalarda qərar tutmuş uzaq İndoneziya ilə sıx siyasi-mədəni əməkdaşlığımız ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra başlayıb. İki dövlət arasında diplomatik münasibətlərin qurulmasından 25 il keçir. Bu illərdə bir çox beynəlxalq tədbirlərdə Azərbaycanın yanında olmuş, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələrdə Azərbaycanın haqq səsini müdafiə etmiş İndoneziya ölkəmizlə bütün səviyyələrdə qarşılıqlı münasibətlər qurmaqdadır.
Sentyabrın 9-10-da dost ölkənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda II İndoneziya mədəniyyəti festivalı keçirildi. Xatırladaq ki, ilk belə festival 2016-cı ilin noyabr ayında gerçəkləşmişdi.
Fikir mübadiləsi münasibətlərin təməlidir
Heydər Əliyev Sarayında festivalın açılış mərasimindən öncə İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani ilə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin görüşü oldu.
Səfir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizdə İndoneziya mədəniyyəti günlərinin keçirilməsini həmişə dəstəklədiyini vurğuladı. Belə tədbirlərin ölkələrimiz və xalqlarımız arasında işgüzar və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini söyləyən Ədalət Vəliyev dedi ki, biz Azərbaycanın zəngin mədəniyyətinin də İndoneziyada layiqincə təmsil olunmasını, 260 milyonluq əhalisi olan ölkədə Azərbaycanın geniş tanınmasını istəyirik. Nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi mühüm məsələdə Azərbaycanı dəstəklədiyinə görə İndoneziya hökumətinə təşəkkürünü bildirdi.
Hüsnan Bəy Fanani bu fikri dəstəkləyərək Azərbaycan mədəniyyətinin İndoneziyada təqdim edilməsinə yardım göstərməyə hər zaman hazır olduqlarını bildirdi. Paytaxt Cakartada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması istiqamətində ölkəsinin məsul şəxsləri ilə danışıqlar apardığını deyən səfir nazir müavininin bu ilin sonu, yaxud Novruz bayramınadək İndoneziyada «Azərbaycan: dünən, bu gün və sabah» adlı fotosərginin təşkil olunması barədə təklifini də məmnunluqla qarşıladı.
Ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmlənməsinin həm də turizmin inkişafına dəstək verdiyini deyən diplomat bildirdi ki, bu il onun vətənindən Azərbaycana gələn turistlərin sayı xeyli artıb. Təkcə festival ilə əlaqədar 100 nəfərdən çox indoneziyalı Bakıya gəlib. Aralarında iş adamları, ali məktəb təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri olan qonaqların Azərbaycanla münasibətlərin genişlənməsinə marağı böyükdür.
Diplomat uşaqlıq xatirələrindən maraqlı bir məqamı bölüşdü: “Mən balaca olanda yatmazdan əvvəl anam mənə layla çalır, nağıllar danışırdı. Belə nağılların biri iki gəncin sevgisi barədə idi. Sonradan bildim ki, bu, dahi Azərbaycan şairi Nizaminin “Leyli və Məcnun” əsərindəki əhvalatdır”.
Səfir onu da vurğuladı ki, Azərbaycan Dillər Universitetində indoneziyaşünaslıq üzrə təhsil alan gənclər yaxın gələcəkdə ölkələrimiz arasında diplomatik, mədəni əlaqələrin möhkəmlənməsinə çalışacaq mütəxəssis kimi yetişəcəklər. Onlar təkcə dil və tarixi öyrənmirlər, həm də İndoneziya mədəniyyətini Azərbaycanda təbliğ edirlər. Üstəlik, onun ölkəsi həmin universitetdəki İndoneziya Tədqiqatları Mərkəzinin genişlənməsində maraqlıdır.
Foyeyə sığışan müxtəliflik
Heydər Əliyev Sarayının foyesi sanki geniş İndoneziyanın kiçik formatlı xəritəsi idi. Foye boyu sıralanmış stendlər 1340 etnik qrupun məskunlaşdığı 13 min 500 adanın hamısının olmasa da, bəzilərinin xırdaca maketini xatırladırdı. İndoneziya ustalarının təkrarsız əl işləri, kulinariya nümunələri, adalar ölkəsindən dünyaya yayılan batika sənətinin müasir nümunələri, milli geyimləri, turizm təşkilatlarının və ali məktəblərin tanıtım posterləri, rəssamların tabloları… hər şey özündə İndoneziya barədə informasiya daşıyırdı.
Məlumdur ki, səmavi dinlərin, buddizmin, hətta fərqli bütpərəstliyin qovuşduğu, əsrlər boyu Avropa müstəmləkəsi olmuş İndoneziya kimi məmləkətdə inanc və mədəniyyət zənginliyi anlaşılandır. Lakin Cənub-Qərbi Asiya regionunun istər təbiət, xarakter, istərsə də dünyanı dərk baxımından rəngarəngliyi qovuşaraq, çağdaş İndoneziyaya bənzərsizlik bəxş edib. Bu, özünü İndoneziyanın rənglərində də büruzə verir. Tarixən adıçəkilən region əhalisinə xas olan şux, saf, bəzən də gözqamaşdıran rənglər İndoneziya geyimlərinə, bəzəklərinə köçərkən bir qədər sakitləşir, təmkinli çalar alır.
Mədəni rəngarəngliyin səhnədə davamı
Açılış mərasimində əvvəlcə İndoneziyanın səfiri səhnəyə qalxdı. O, salona toplaşan hər kəsi salamlayaraq dedi: «Bakıda festival keçirməyimizin iki səbəbi var. Birincisi, Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ili «İslam həmrəyliyi ili» elan edib. İkincisi, bu il Azərbaycan ilə İndoneziya arasında diplomatik münasibətlərin yaradılmasının 25 ili tamam olur. Biz həmişə Azərbaycan xalqını dəstəkləyirik. Biz Dağlıq Qarabağ məsələsinin beynəlxalq səviyyədə müzakirəsində həmişə Azərbaycanın haqq işini müdafiə edirik. Elə bugünkü mədəniyyət festivalını da Qarabağ münaqişəsi üzündən doğma yurdundan qaçqın düşmüş Azərbaycan vətəndaşlarına həsr etmişik, onları öz tədbirlərimizdə görmək istəməklə, həmrəyliyimizi ifadə etmişik. İndoneziya da Azərbaycan kimi tolerant və çoxmillətli ölkə olduğundan sülhün və həmrəyliyin inkişafının nə qədər vacib olduğunu yaxşı anlayır».
Sonra səhnəyə çıxan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bu təşəbbüsə görə səfirə təşəkkür edərək söylədi ki, iki ölkənin rəhbərliyi, nazirliklər səviyyəsində bütün danışıqlar həmişə məhsuldar olub, Azərbaycan bütün beynəlxalq məclislərdə həmişə İndoneziyanın dəstəyini hiss edib. Mədəniyyətin isə sərhədi yoxdur. Dilindən, dinindən asılı olmayaraq, mədəniyyət daşıyıcıları olan insanlar hər kəsə sevgi aşılayır.
Səhnəyə dəvət edilən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov da ən mühüm məsələdə yanımızda olan İndoneziya hökumətinə və bu tədbiri Qarabağdan olan köçkünlərə həsr etdiyinə görə səfirə təşəkkürünü bildirərək dost ölkə xalqına sülh, əmin-amanlıq və firavanlıq arzuladı.
Budəfəki festival təqdimat baxımından ötənilkindən daha rəngarəng idi. İndoneziyalı musiqiçi və rəqqasların çıxışları bizim demək olar ki, barəsində heç nə bilmədiyimiz uzaq ölkənin qədim və çağdaş mədəniyyəti haqqında geniş təəssürat oyatdı. Peşəkarlarla eyni səhnəni paylaşan Azərbaycan Dillər Universitetinin indoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin də çıxışları ötən festivaldan keçən müddətdə xeyli cilalanmışdı. Tərcüməçinin hər musiqi nömrəsi, hər mərasim rəqsi barədə verdiyi məlumatlar, eləcə də səhnədə quraşdırılmış böyük ekranda göstərilən videoçarx hər kəsi ekzotika dolu İndoneziyaya qiyabi səyahətə aparırdı.
* * *
Sentyabrın 10-da isə İndoneziya ovqatı paytaxtın Dənizkənarı bulvarına köçdü. Bazar günü günortadan sonra yolu buradan düşən bakılılar və şəhərimizin qonaqları qədim, bir neçə mədəniyyətin qovuşuğundan formalaşmış İndoneziya mədəniyyəti ilə ünsiyyət şansı qazandı. «Fun walk» yürüşünə qoşulanlar tədbir iştirakçıları ilə birgə mahnı oxudular, rəqs etdilər. Hətta bu yürüşə seyrçi qalanlar belə özləri ilə bulvardakı bu qeyri-adi görüşdən evinə ürəkdolusu İndoneziya sevgisi apardılar.
* * *
Sentyabrın 12-də YARAT Müasir İncəsənət Mərkəzində gənc İndoneziya musiqiçiləri və rəssamları ilə tanışlıq baş tutdu. «KunoKini» qrupunun təqdim etdiyi musiqi performansı və «G4 studio»nun yaratdığı mural art (divar, tavan kimi irimiyqaslı sahədə müasir naxış və rəngkarlıq sənəti) nümunələri sənətsevər və yenilikçi gənclərimiz tərəfindən maraqla qarşılandı.
Gülcahan Mirməmməd