Astara rayon Mədəniyyət mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Quliyevin əsərlərindən ibarət sərgi və anadan olmasının 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov açaraq yubilyar haqqında məlumat verib.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin və Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun yubilyara ünvanladıqları təbriklər oxunub. Rəssama rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib.
Tədbirdə yubilyarın sənət dostları - Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Əməkdar rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Asif Azərelli çıxış edərək Firudin Quliyevin rəssamlıq sənətinə verdiyi töhfələrdən, onun əsərlərinin mövzu müxtəlifliyindən, İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimin surələrini rəsm dili ilə xalqa çatdırması barədə fəxarətlə danışıb, bu yolda yubilyara uğurlar arzulayıblar.
Firudin Quliyevin müəllimi olmuş Əməkdar müəllim Heybət Hüseynov, rayon İcra Hakimiyyəti başçısının Astara şəhəri üzrə nümayəndəsi, şair Şahverən Cavad, şairələr Sakitə Ülvi və Dilarə Azəri, rayon Mədəniyyət mərkəzinin direktoru Hacıbala Ramazanov, Rəsm qalereyasının direktoru Naibə Mustafayeva, Tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova, yubilyarın uşaqlıq dostları və yetirmələri çıxış edərək Firudin Quliyevə öz xoş arzularını bildiriblər.
Mədəniyyət mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblı üzvlərinin rəngarəng musiqi nömrələri ilə çıxışı alqışlarla qarşılanıb.
Sonda Firudin Quliyev çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.