AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov kürdəmirli ədəbiyyat müəllimləri ilə görüşüb.
Yeni dərs ili ərəfəsində Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsində keçirilən görüşdə R.Hüseynov klassik və müasir Azərbaycan ədəbiyyatını gənc nəslə sevdirmək, layiqincə tədris və təbliğ etmək üçün müəllimlərə tövsiyələr verib, müasir dünya ədəbiyyatında yeniliklərdən, ədəbi cərəyanlardan danışıb, müəllimlərin suallarını cavablandırıb. Görüşdə müəllimlər ədəbiyyat fənninin tədrisində bəzi çətinliklərdən bəhs ediblər.
Sonra iştirakçılar muzeyin Aran regional şöbəsinin Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini əks etdirən eksponatlar ilə tanış olublar. Məlumat verilib ki, muzeydə ən qədim dövrdən müasir zamanadək ədəbi prosesi əhatə edən materiallar toplanıb. Muzey məktəblərlə də əlaqə saxlayır. Məqsəd müəllimlərin şagirdlərlə birgə muzeyə tez-tez gəlmələrini, müəyyən dərslərin muzeydə keçirilməsini təmin etməkdir. Müəllimlər ədəbiyyat fənnini şagirdlərə daha çox sevdirmək üçün muzeylə daha sıx əməkdaşlıq edəcəklərini bildiriblər.