O sənətkarlar xoşbəxtdir ki, həm yaşadıqları dövrdə, həm də dünyalarını dəyişəndən sonra yaddan çıxmırlar, xoş hisslərlə xatırlanırlar. Belə sənətkarlardan biri də Xalq rəssamı Hüseyn Əliyevdir.
Hüseyn Əlirza oğlu Əliyev 1911-ci il aprelin 22-də Zəngəzur mahalındakı Qarakilsə bölgəsinin Comərdli kəndində anadan olmuşdur. Gözünü açandan gördüyü təbiətin min bir gözəlliyi kiçik yaşlarından qəlbinə hakim kəsilmişdi. Təsadüfi deyil ki, ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı vardı. Bu ilk cığır sənət həvəsli gənci öz arzularına qovuşdurdu. Bakıda Rəssamlıq Texnikumunda oxuduğu illərdə (1927-1932) «Molla Nəsrəddin» jurnalında karikaturaları, rəsm əsərləri çap edilərdi. Azərbaycan mətbuatının inkişafında çox möhtəşəm mərhələ olan, işıqlandırdığı mövzuları bu gün də aktual səslənən «Molla Nəsrəddin»in onun rəssam kimi formalaşmasında böyük rolu vardı.
Hüseyn Əliyev böyük sənətkar, vətəndaş ömrü yaşayıb. Əmək fəaliyyəti yalnız bir ünvanda keçib: keçmiş “Kommunist” - indiki "Xalq qəzeti" redaksiyasında. Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1935) təqaüdə çıxanadək bu qəzetdə rəssam işləyib. Qəzetçiliyin gündəlik qayğıları rəssam kimi vaxtını çox alsa da, öz istedadı və zəhməti sayəsində sənət imtahanından həmişə qalib çıxıb. 1939-cu ildə Mirzə Fətəli Axundovun portretini yaratmaq üçün elan edilmiş respublika müsabiqəsində gənc rəssamın təqdim olunan əsəri mükafata layiq görülür. Dövrün, zamanın tələbləri ilə bağlı çəkdiyi onlarca plakatı ictimai-siyasi məzmununa, sadəliyinə və eyni zamanda orijinal həllinə görə fərqlənirdi.
II Dünya müharibəsi başlayanda bir çox vətən oğlu kimi Hüseyn Əliyev də cəbhəyə gedib, təşviqat alayında rəssam kimi fəaliyyət göstərib. Bu ağır illərdə qanlı döyüşlərin, qəhrəmanlıqların şahidi olan rəssam neçə-neçə döyüşçünün portretini yaradıb, “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illərdə arxa cəbhədəki şərəfli əməyinə görə” medalları ilə təltif olunub.
Onun yaradıcılığında plakat, karikatura, portret və təbiət təsvirləri üstünlük təşkil edirdi. Hələ 1944-cü ildə Göyçay çayının üzərindən salınan körpünün inşaatçılarına həsr etdiyi silsilə rəsm əsərləri sənətsevərlərin böyük marağına səbəb olmuşdu. Yeni həyat quran insanların yaratmaq əzmi, gənclərin sadə və təmiz duyğuları rəssamı daim düşündürən və ona ilham verən mövzular idi. Rəngli boya ilə yaratdığı peyzajlar, tablolar, portretlər sevinc çiçəklərindən hörülmüş bir çələngi xatırladır. Rəssamın əsərlərində Azərbaycan təbiətinin gözəlliyi ilə insanın vüqarı, mənəviyyatı, ən müqəddəs hissləri bir-biri ilə vəhdət təşkil edir, sanki onun şair tərəfindən poetik tərənnümüdür.
İstedadlı rəssam 1973-cü ildə Göygöldə olarkən çəkdiyi lövhələrini "Göygöl mənzərələri" adlandırmışdır. O, təbiətin gözəlliyini rəssam dilinə çox ustalıqla çevirmişdir. Özü də həmin mənzərələr rəssamın tablolarında təbiətin donmuş bir parçası kimi qalmır. Bu mənzərələrdə insan görünməsə də, onun əməyi, sevinci bərəkətli torpağa, enişli-yoxuşlu dağ yollarına, yaşıl meşələrə həkk olunmuşdur. Rəssamın lirik mənzərə əsərlərində kompozisiya bağlılığı, koloritliliyi və rənglərin vəhdəti tamaşaçının diqqətini ilk baxışdan cəlb edir. O həm də təsviri sənətdə, sanki yeni həyat verdiyi texnikada - şüşə üzərinə çəkilərək kağıza həkk edilən akvarel monotipiyalarında maraqlı abstrakt mənzərələr yaratmışdır. Belə mücərrəd tərzdə həll edilmiş mənzərə motivləri ilə Azərbaycan təbiəti kainatın sirli fantastik nişanələrinə çevrilir.
Ustad sənətkarlar Xalq rəssamının Azərbaycan təbiətinə özünəməxsus baxışını, əsərlərində milli koloritin qabarıqlığını, gənc nəsildə Vətənə, doğma təbiətə məhəbbət hisslərinin tərbiyəsində əhəmiyyətli rol oynadığını dəfələrlə qeyd etmişlər. Bu mənada Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, akademik Tahir Salahovun söylədiyi fikirlər sənətkarın əməyinə verilən qiymət baxımından olduqca maraqlıdır: “Qəlbimdə Azərbaycanın Xalq rəssamı Hüseyn Əliyevin işıqlı, cazibəli xatirəsi yaşayır. O, Azərbaycanın rəssamlıq ənənəsini Bəhruz Kəngərli və Əzim Əzimzadədən alaraq layiqincə davam etdirmişdir... Mən Azərbaycanı başdan-başa gəzmişəm. Hərdən belə gəzintilərə biz Hüseyn müəllimlə birlikdə gedirdik. Əcdadlarımızın torpağı ilə doğma təbiətin gözəl mənzərəsindən cuşa gəldiyini görmək mənim üçün olduqca sevindirici idi. Biz nəsil rəssamlar incəsənətə xeyli sonralar gəlmişik. Həmişə bu qocaman ağsaqqalımıza minnətdarlıqla yanaşır, onun yaradıcılığını və mədəniyyətə gətirdiyi yeni nəfəsi yüksək qiymətləndiririk. O, rənglərlə işləməyin ustası idi. Xüsusilə də məzmunun mənasını açmağa kömək edən atribut və rəmzləri öz əsərlərində məharətlə tətbiq edirdi. Onun rənglərində musiqinin ritmi və ahəngi duyulurdu. Bu canlılıq hər rəssama xas olmur» .
Əsasən qrafika ilə məşğul olmuş Hüseyn Əliyev mənzərə ustası kimi də məşhur idi. Doğma vətənin füsunkar təbiətini seyr etməkdən xüsusi zövq alardı. Rəssamın duyğuları isə rənglərdən ibarət nəhəng bir çələngə çevrilərdi. 1960-1970-ci illərdə yaratdığı peyzajlar sənətin məhz bu janrına yeni nəfəs və ruh gətirmişdi. Doğma yerlərin bənzərsiz təbiəti Hüseyn Əliyevin fırçası ilə kətan üzərində canlandıqca sanki yeni bir möcüzə ilə qarşılaşırdın. Yoluna, izinə, dağına, dərəsinə bələd olduğumuz yurd yerlərinin əzəməti, gözəlliyi önündə bir daha valeh olursan. Monotipiya texnikası ilə işlənmiş konseptual mənzərə xətti sənətkarın bədii kredosunu ardıcıllıqla üzə çıxarmaq nöqteyi-nəzərindən daha geniş və daha əhəmiyyətlidir. Onun bu texnika ilə işlədiyi mənzərələr tamaşaçıya sənətkarın yüksək bədii mədəniyyətini, texniki imkanlarının zənginliyini, başqa janrlardan daha geniş açıb göstərir.
Rəssamın Göygölün təsvirinə həsr edilmiş silsilə əsərləri xüsusilə diqqəti cəlb edir. O, Azərbaycan təbiətinin incilərindən sayılan bu mavigözlü gözəlin müxtəlif variantlarda təsvirini yaratmışdı. Gah dağların qoynunda məskən salmış Göygölün mavi sularını kətanda əks etdirir, gah da hər hansı təkrarolunmaz gözəlliyindən yeni mövzu tapırdı. Qurduğu kompozisiyalar, rəng ötürmələri, koloritlik öz bənzərsizliyi ilə seçilirdi. İki il ərzində Kəpəz dağının 25-dən artıq akvarel görünüşünü kətana naxışlayan Hüseyn Əliyev həqiqətən möcüzə yaratmışdı.
Xalq rəssamının Naxçıvan və Zəngəzurla bağlı da bənzərsiz əsərləri var. Böyük məharətlə yaratdığı «İlanlı dağ» tablosu son dərəcə orijinal və qeyri-adi gözəlliyə malik əsər kimi bütün sənətsevərlərin diqqətini çəkir. «Urud qalası» peyzajı rəssamın yaradıcılığında ən yaxşı və şah əsərlərdən biridir. Bu sənət nümunəsi təkcə orijinal kompozisiyası, quruluşu, obrazlı həllin gözəlliyi ilə deyil, həm də dağ qalasının özünəməxsusluğunun təbii boyalarla verilməsi ilə fərqlənir.
Sənətkarın Zəngəzur mövzusuna həsr etdiyi akvarel seriyalar da maraqlıdır. Doğma yurdun hər qarışını böyük məhəbbətlə öz duyğularından, təxəyyülündən yaradıcılıqla keçirən görkəmli rəssamın «Zəngəzur mənzərəsi», «Zəngəzur dağları», «Şəki şəlaləsi», «Comərdli mənzərəsi», «Meşədə qış», «Payız», «Qürub çağı» kimi əsərləri incə müşahidə qabiliyyətinin məhsulu idi.
Hüseyn Əliyev portret çəkən rəssam kimi də çox böyük uğur qazanmışdı. Bu janrın ustadı idi. Çəkdiyi portretin hər biri insanın daxili dünyasını, sənətini əks etdirmək baxımından maraq doğurur. Hüseyn Cavidin portreti çox canlı və mənalıdır. Eləcə də Nizami Gəncəvinin portreti də düşündürücü təsir bağışlayır. Rəssamdan bizə ərməğan qalan bir sıra portretlər var ki, tarixilik baxımından böyük əhəmiyyət daşıyır. Onun rənglərlə işləmək məharəti o qədər canlı və təbii idi ki, bu gün də həmin yadigarlara baxanda inana bilmirsən ki, gördüklərinin arxasında nəhəng təbiətin özü yox, kətan dayanır.
Təbiəti etibarilə çox səmimi və təbii insan idi. Bəlkə də elə bu məziyyətləri ona bir rəssam kimi də yardımçı olurdu. Onun əsərlərində də qəribə cazibə qüvvəsi var. Baxdıqca rənglərin dünyasına düşürsən. Nə xoş ki, belə bir rəssamın müasiri olmuşuq, onu yaxından tanımışıq. O, uzun müddət nəqqaşlıqla da məşğul olub, su boyaları ilə işləyib. Alleqorik əsərlərə müxtəlif məzmunlu karikaturalar, təsvirlər çəkib, kitablara illüstrasiyalar işləyib. Bütövlükdə Hüseyn Əliyev yaradıcılığının ətraflı öyrənilməsi, onun təsviri sənətimizdə yeri haqqında mükəmməl tədqiqatların aparılması vacibdir.
Səbinə Şıxəliyeva
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı