Poetik incəliklərilə tər-təbiət AĞAsı, müdrik “hərif”liklərilə el-elat QAĞAsı - Hüseyn Arif
Ana təbiətlə bu şairin qəlb təbiəti arasındakı fərq: biri yaradılandı, biri yazılan.
Rəsmi-rəyasət işlərini qətiyyən xoşlamayan, şeirlərinin birində “Bircə xahişim var, pələngi sirkdən, Hüseyni iclasdan azad eyləyin...” demiş bu təbiət şairinin “fəaliyyət portreti”ndə kargüzar-işgüzari cizgilər yalnız bunlardan ibarət: Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”də böyük redaktor, “Gənclik”də bədii ədəbiyyat redaksiyasının müdiri və ömrünün sonunadək Aşıqlar Birliyinin sədri.
Bütün ömrü uzunu isə “Çəkilmədim otaqların küncünə, Düzlər keçən, dağlar aşan şairəm”, “Lilpar olan yerdə dolça nə lazım” kimi təbii poetik tablolar yaratmış canlı Hüseyn Arif portreti haqda sözümə bu “portpet”in istənilən nöqtəsinə yaraşası və ovqat dolu bir şuxluq, sehranə qımışıq yaradası iki misra-ştrixlə başlayıram:
“Dedim, ay qız, belə olmaz,
Dedi, yeri, şeirini yaz!..”
Hansısa bir “cuvanəzən”lə hankısa bir “ilişici cayıl” arasındakı (“çıx get işivə-gücüvə!”) “dialoq”una bənzər mənzərə. Amma, axı, buradakı “ilişkən” aşiq hansısa küçə-bazar “məcnun”larından yox, minlərlə gəncin oxuyub-oxuyacağı (və özlərinə örnək hesab edib-edəcəkləri) şairdir! Bu “kriminal”ın (və bu şairin digər poetik “xatakar”lıqlarının) nə ilə nəticələndiyini bilmək istəyənlər gərək burda tən yarısının adını çəkdiyim kitablarına müraciət etsinlər: “Məhəbbət nəğmələri”, “Dostluq telləri”, “Yolda”, “Ömür çeşməsi”, “Torpaq eşqi”, “Bahar gələndə”, “Söylə, yadındamı?”, “Ömür gözəlsə”, “Ayrı düşəli”, “Dilqəm”...
Sözün hər (və əlbəttə, yaxşı) mənasında -
Bu aşiq -
Hüseyn Camal oğlu Hüseynzadə - şeirə-sənətə çox kiçik yaşlarından vurulub. Bu uşağın xətrini hədsiz dərəcə əzizləyən qonşu qarılardan biri bir gün ağlaya-ağlaya onlara gəlib həyəcanla bildirir ki, bəs, “ay Qəndab, Camalın evi yıxılıb!..” Ananın qorxa-qorxa “uşaqlara noolub ki” sualına cavabında qayıdır ki: “İndicə bağın aşağı başında gördüm Söyün danışa-danışa o baş-bu başa gedib-gəler...” Ana isə gülə-gülə deyir, ay nənəsi, qorxma, sənin Söyün balan şeir yazer! Əlbəəl bütün kəndə yayılan bu xəbəri yaylaqda eşidən babası isə obaya belə bir ismarış göndərir: “Aya, Söyünə deyin bu sövdəyə düşməsin, sözün hamısın Dədə Ələsgər deyib gedib...”
Deyilənlərə görə, Hüseyn Arifin əsl şair olmasında hər kəsi “inad acığı”na doldurası bu sifarişin də rolu az olmayıb.
Ancaq, deyəsən, bu məsələdə öz istedadı və digər fəhm-fərasət elementlərinə görə birinci sinifdən üçüncüyə, üçüncüdən yeddinciyə keçirilən bu uşaqda çağlamış bioloji-psixoloji qatqarlı “eşq-sevgi-məhəbbət” üçbucağının da dəxli olub.
Hisslər, duyğular, hadisələr onu hər ay, hər il və ayrı-ayrı dövrlərin tarix-təqvim vaxtlarından əvvəl böyüdürmüş.
Və on yeddi yaşında başlanan Böyük Vətən müharibəsindən (vzvod komandiri kimi Berlinədək döyüş yolu, xeyli orden-medalla bahəm) dünyasını dəyişənədək dizində gəzdirəcəyi qəlpə “qazancı” ilə qayıdan və bütün ömrü uzunu Bəhlul Danəndəvi fəhmi, Molla Nəsrəddini hazırcavablığı ilə yaratdığı cəmiyyət diqqət-riqqəti, folklorik təb-təbiəti, bənzərsiz poetik qələmilə çəkdiyi -
Təbiət portretləri...
Minlərlə gözəl qiyafə-qafiyəli şeirlərindən iki-üç misal: “Məni belə süzmə, dedi, Ürəyimi üzmə, dedi”, “İsti kabab, isti fətir, Doymaq olmur, yenə gətir”, “Məndən təzə şeir xəbər alan dost, Baharın gəlməsi şeir deyilmi?”...
Deyirlər, Hüseyn Arif, əsasən ilk baxışda vurulduğu obyekt-subyektləri qələmə alırmış. Elə həyat yoldaşını da belə bir “fövrən”liklə seçib; bir gün dayısı oğlugilə gedərkən təsadüfən rastlaşdığı Məleykə xanımı görən kimi vurulub və heç “göz nübarlığı sovumamış” elçi göndərib.
Xatirələrdə “son dərəcə həlim ata”, “vəfalı dost”, “teatral-məzə”, tənqidçilərin təfsirində “yumşaqtəbiətli od-alovlu təbiət şairi” kimi yad edilən, övladlarına, xüsusən, adını özünə təxəllüs etdiyi oğluna - illərlə ailənin “sonbeşik ciyərparəsi”, qəzaya düşməsilə “əbədi yarəsi” olmuş Arifə həsr etdiyi şeirlərində belə milli-xəlqi duyğular ədibi kimi tanınan şairdə bəşəri humanizm hissləri də güclü idi. Bunun təsdiqi üçün onun neçə-neçə şeirindən nümunələr gətirməkdənsə, böyük qızının xatirələrindən kiçik parçaya diqqət edək: “Belə bir həlim atanın beşillik müharibə yolu keçməsi bizə ağlasığmaz görünürdü. Fikirləşirdik ki, qarışqa tapdamaqdan belə ehtiyatlanan bu ürəyiyumşaq adam cəbhədə neyləyirmiş, bu qədər orden-medalı necə alıb? Hərdən soruşsaq da, cavab verməz, susub gülümsəyərdi. Ancaq bir dəfə, söhbət nədən düşdüsə, qayıtdı ki, “...Qələbəyə az qalırdı, gördük bir alman zabiti ağ atın belində bizə tərəf çapır. Çatıb dayandı və çox uca səs, hirs-hikkə dolu bir nida ilə “Hitler kaput!” - dedi. Sonra tapançasını gicgahına dirəyib, çaxmağı çəkdi. Çox yaraşıqlı, gözəl oğlan idi...”
Şairin xanımının xatirələri də maraqlıdır. Şeir-sənətin hərdən bu şairə öz ailəsini belə “unutdurduğunu” “vəsf” edən Məleykə xanımın dediklərindən: “Bu neçə illərdə hərdən qoşalaşıb, guya harasa gedərdik. Amma nə “fayda”? Yolun harasındasa, yenə onun “atüstü yazarlığı” tutar və mən yaddan çıxardım. Görürdüm, Hüseyn yenə elə hey gedir, heç elə bil mən yanında yoxam. Bir də görərdin yerişini tamam yeyinlədib, gözdən itdi. Axır... mən də dayanıb, arxasınca (ya qarasınca) xeyli baxar, baxar, ağlaya-ağlamsına qayıdardım evə. Get-gedə onun bu xasiyyətinə də öyrəşdim...”
“Onun bu xasiyyətinə də” ifadələri böyük bir “silsilə”ni ehtiva edir. Məsələn, qızı orta məktəbi qızıl medalla başa vurur, ana həyəcanla: “Hüseyn, bax, Səhər instituta girməlidi, ha” deyir, ata isə laqeydliklə: “Səhər ordenli bir orta məktəbin (190 saylı məktəb) “qızıl medal”çısıdır, ali məktəbə də özü qəbul olunacaq” - deyib, “Aşıq Alının məzarı” səfərinə çıxır, həftələr-aylar axtarışıyla tapır və öz vəsaiti hesabına ulu aşığımıza abidə də qoydurur...
“Heç zaman bir kimsənin qarasınca danışmaz, qır-qeybətin nə olduğunu bilməzdi. Arif faciəmizdən sonra, hərdən, öz-özünə danışa-danışa iş otağına girib qapını bağlayar, çıxanda, elə bilərdin, yüz il ağlayıb. Amma özünü elə aparırdı ki, guya heç nə olmayıb. Hə, ailəmizə sevinməyi, gülməyi yadırğadan o faciədən əvvəl də üzləşdiyi problemlərin, haqsızlıqların ağrısını nə anama bildirərdi, nə bizə. O, bütün qayğı-duyğularını yalnız bizim birimiz, bəlkə bundan da artıq hesab etdiyi “poeziya qardaş-bacısı” üstünə yükləyirdi”.
Bəli, bu şair o sayaq hisslərini yalnız şeirlərilə ovudub:
Dağ sökülüb, dedilər,
Bel bükülüb, dedilər,
Arif ölüb, dedilər -
Ölümə qurban olum...
Yox, bu şair həm də ictimai-xəlqi bir -
Şənlik-şuxluq ovqatı...
Yaradıcılığındakı tər-təbiət günəşi digər bütün “ay-ulduz” mövzularına “hayıf”i bir kölgə salmış bu şairin “baməzəlik portreti”, yumoristik obrazı həmişə dəbdə! Bu qəribə “qağa”nın hər zaman qeyri-adi, hər an “ekspromt” halətlərilə bağlı saysız-hesabsız gül-gülməcələr, heç zaman boyatımayası həyati-ünsiyyəti (və çoxusu şifahi) olaylar bütün zövq əhlinə bəlli olduğundan, bu yazıda bir-iki yazılısını meydanlamaq qəsdindəyəm. Məsələn, mötərizədə “zarafatyana” qeydi ilə yazdığı “Gözəllərə” şeirində xanımları:
“Kədəri yaxının üstünə atıb,
Sevinci aparıb yada verdiniz,
Yüzünüz bir şair yaratmadınız,
Biriniz yüz şair bada verdiniz” -
deyə qınayan bu şair “A qızlar”da “məsləhət-məşvərət”indən də qalmır:
“Siz elə kimsəylə oturub-durun,
Könlünüz nə desə, yetirsin sizə,
Sevəndə katibi sevin, a qızlar,
Şairin nəyi var, nə versin sizə?..”
Yaxud, “zarafat” etməyin mümkünsüz olduğu sovetlər dövründə belə bir antirəyasi fəlsəfə (?!):
Bir həyat şairi var,
Bir də vaxt şairləri.
El-obadan xəbərsiz,
Saray, taxt şairləri...
Hüseyn Arif, nə xəbər,
Nə qədərmiş, nə xəbər,
Başsız başa keçənlər -
Xalqsız xalq şairləri!?.
Və 1992-ci il, 14 sentyabr... Yada düşdükcə qəlblərə xoş ovqat, dodaqlara təbəssüm bəxş edən bu əsl xalq şairinin cismani, düz iyirmi beş il sonra isə bu yığcam yazının sonu...
Tahir Abbaslı